Bu il əməkhaqqılar arta bilərmi? | ŞƏRH
Ümumiyyətlə, bu məsələdə ehtiyatlı hərəkət etmək tələb olunur. İstənilən düşünülməmiş addım qatarı relsdən çıxara bilər. Əhalinin sosial müdafiəsinin təşkili təkcə pensyaları, sosial müavinət və təqaüdləri, maaşları artırmaqdan ibarət deyil. Bu, istehlak qiymətlərini yüksəldə - inflyasiyaya təsir göstərə bilər.
Ötən il orta aylıq nominal əməkhaqqı üzrə artım səviyyəsi (11,2%) istehlak qiymətləri indeksi göstəricisindən (8,8%) yüksək olub. Əksinə olsaydı, əmək pensiyaları üzrə bu il tətbiq edilən indeksasiya həddi əhəmiyyətini itirəcəkdi. Yəni artım pensiyaçıları 2023-cü ildəki inflyasiya və bahalaşmadan sığortalamayacaqdı.
Məlumdur ki, Mərkəzi Bank (AMB) ölkədə faktiki və proqnozlaşdırılan inflyasiya həddinin münasib, bu sahədə gözləntilərin sabit olduğunu nəzərə alaraq, eləcə də valyuta bazarında vəziyyətə əsaslanaraq, uçot dərəcəsini növbəti dəfə 0,5% endirdi. Bu, ölkədə bahalaşmanın əvvəlki tempini itirməsi ilə izah olundu. Lakin AMB-nin də etiraf etdiyi kimi, bahalaşma və inflyasiyanı artıra biləcək risklər qalır. İllik inflyasiya xarici və daxili amillərin təsirlərilə azalıb. Qlobal iqtisadi aktivliyin zəifləməsi, əmtəə, enerji və ərzaq qiymətlərində azalma ölkəmizə inflyasiya idxalını məhdudlaşdırır. Bununla belə, daxildə məcmu tələbin izafi artıma və xərc amillərinin aktivləşməyə meyilli olması cüzi bir bəhanə axtarır ki, hər şeyi yenidən alovlandırsın.
Ona görə də nəzərə almalıyıq ki, hazırda inflyasiya ilə bağlı vəziyyət kövrəkdir. Bu fonda əhaliyə ödənişlərin artırılması deyil, inflyasiyanın ovuna çevrilməməsinin qayğısına qalmaq daha düzgün yol hesab edilir. Görünən budur ki, elə hökumət də elə buna çalışır.
Nəzərə almaq lazımdır ki:
1. Keçən ilin yanvarın 1-dən tətbiq edilən artımlar 2022-ci ildəki bahalaşma və inflyasiyadan yüksək idi. 2021-ci ildən başlanan prosesin səngiməyə meyllənməsi səbəbindən həmin artımlar tam olaraq “yemə” çevrilmədi.
2. Ötən il ərzində orta aylıq nominal əməkhaqqı üzrə artım istehlak qiymətləri indeksi göstəricisindən yüksək olub. İnflyasiya və bahalaşmanın 2022-ci ildən başlanan nisbətən səngimə prosesinin bu il də davam edəcəyi gözlənilir. AMB 2024-cü il üzrə inflyasiya proqnozu dəyişməz saxlayır.
3. Söhbət maaşların minimum əməkhaqqı hesabına artırılması gözləntisindən gedərsə, bu sahədə dəyişiklyin olmayacağı o demək deyil ki, heç bir sahədə əməkhaqqı artımlarının baş verməyəcək.
4. Hər şey işlərin gedişatından asılı olacaq. İl ərzində heç nə istisna deyil, o cümlədən, minimum əməkhaqqının artırılacağı da...
Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün
Teqlər: Maaşlar Əməkhaqqı Artım