Tük-Tökerlər: Saxlanılan tiktokerlər nə edirmişlər? | Araşdırma+Şəkillər

  Tük-Tökerlər:  Saxlanılan tiktokerlər nə edirmişlər?  | Araşdırma+Şəkillər
  18 Aprel 2024    Oxunub:6019
Son günlər əməlli-başlı "tiktoker ovu” gedir. DİN-in yaydığı məlumatlarda onların saxlanılma səbəbləri kimi canlı yayımlarda qeyri-etik hərəkətlər etmələri, söyüş söymələri və təhqiramiz ifadələr işlətmələri göstərilir. Bu əməllərə görə 10- 20-30 sutka həbs cəzası alan “Tiktoker”lər var. Bəs onlar konkret nə ediblər? Suala cavab tapmaq üçün AzVision.az -ın əməkdaşları yerli tiktokerlərin pis qoxulu profillərinə baxmaq əzabına qatlaşmalı olub...
Saxlanılma xəbəri yenicə çıxan 1994-cü il təvəllüdlü, “Semka” ləqəbi ilə tanınan Samir Ramazanovdan başlayaq. O, qeyri-etik paylaşımlarına görə 30 sutka inzibati qaydada həbs edilib. “Semka” tez-tez bir sıra xanım və oğlan tiktokerlərlə birgə canlı açır, yarış keçirirdi. Tərəf-müqabili ilə ünsiyyət zamanı bir çox hallarda qeyri-etik sözlər işlədirdi. Profil paylaşımlarında isə parikdən istifadə edərək, daha çox qadın obrazları yaradır və onları təqlid edirdi.





1988-ci il təvəllüdlü, Ağcabədi rayonunun Hüsülü kənd sakini “Adem.Mirzeyev” profili ilə tanınan tiktoker Sadiq Mirzəyev bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, yenidən məsuliyyətə cəlb edilib və müvafiq qərarla inzibati qaydada 30 sutka həbs edilib. O, “TikTok” sosial şəbəkəsində 9 yaşlı övladı Adəm Mirzəyevlə canlı yayımlara çıxır.
Adəm Mirzəyevin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmırdı.





“Po jizni Cesi” ləqəbli Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbli Rövşən Süleymanov da saxlanılıblar. Müvafiq qərarla C.Cavadov 30, R.Süleymanov isə 20 sutka inzibati qaydada həbs edilib. Onlar sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləməkdə günahlandırılırlar.




Tiktoker Ləman Vəliyeva da bir neçə dəfə saxlanılıb. Saxlanılmaya səbəb canlı yayımlar zamanı milli adət-ənənəyə, etik normalara uyğun olmayan davranış qaydalarıdır.
Onun səs-küylü paylaşımlarından biri də himnin sözlərini təhrif edərək başqa şəxsə qarşı alçaldıcı ifadələr işlətməsi olmuşdu. Ümumiyyətlə, bu qadın tiktoker canlı yayımlarında tez-tez söyüşlər işlətməsi ilə xatırlanır.



Bir müddət öncə tanınmış musiqiçi Hüseyn Məhəmmədoğlu TikTok istifadəçilərinin canlı yayımda işlətdiyi qeyri-etik ifadələrə görə DİN-ə şikayət ünvanlamışdı.
Şikayət edilənlər arasında tiktoker Əmrahın da adı var idi. O, Gürcüstandan Azərbaycana qayıdarkən Hava Limanında saxlanılmışdı. O, daha əvvəl canlı yayımda işlətdiyi söyüşlərə görə həbs edilib.



"Daqqılı" ləqəbli bloger Ziliş Cəfərov narkotika istifadəsinə görə 15 sutka həbs olunmuşdu. Bakının Qaradağ rayonunda yaşayan 31 yaşlı Z.Cəfərov ifadəsində narkotik maddəni 10 manata aldığını deyib: "1 ay əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişəm. Narkotik vasitəni Hövsan qəsəbəsində tanımadığım şəxsdən 10 manata almışdım. İstifadəsində şübhəli bilindiyimdən, müayinə üçün narkoloji dispanserə aparıldım və psixotrop maddələrdən istifadə etməyim aşkarlandı. Əməlimdən peşmanam və bir daha belə hala yol verməyəcəyimə söz verirəm”.




“Tik-Tok”da “Baboş” ləqəbi ilə tanınan Babək Cabbarov hələ ötən il 15 sutka həbs cəzası almışdı. Onun saxlanılmasına canlı yayım zamanı Qarabağ qazilərini sərt tənqid etməsi və daha sonra onlarla Çingiz Xan restoranı yaxınlığında mübahisə etməsi səbəb olmuşdu.



Bəs əslində normal tiktoker necə olmalıdır? "Tik-tok" platforması Azərbaycanda özünü doğruldurmu?
Suallara “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri ekspert Elvin Abbasovla aydınlıq gətiməyə çalışmışıq.


Ekspert bildirib ki, "Tik-tok" Azərbaycanda faydalı məlumat emal edən platformaya çevrilə bilmədi, yalnız mənfi, faydasız və qeyri-etik məlumatlarla bəzi insanları məşhurlaşdırdı. Halbuki, başqa ölkələrdə - məsələn, Yaponiyada, Çində bu platformada faydalı məlumatlar olur. Elm insanları ondan istifadə edir, fikirlərini yayırlar. Azərbaycanda isə "Tik-tok"un alqoritmi heç bir intellekti və etikası olmayan insanların məkanına çevrildi. Ona görə də bu platforma ölkəmizdə birmənalı qarşılanmır, özünü sübut edə bilmir. Bu şəbəkənin bizdə nüfuzu, reputasiyası yüksək deyil. Cəmiyyətdə ən çox tənqid olunan, qınanılan sosial şəbəkələrdən biridir.

- Orada məşhurlaşan insanlara nəzər yetirin, 70%i qeyri-etik çıxış və geyimlərlə, dəyərləri alçaldaraq, öz övladlarından sui-istifadə edərək tanınıblar. Orada cəmiyyəti poza biləcək, dəyərlərə təsir edən, insanlarda səhv fikir formalaşdıran dezinformasiyalar var. Ona görə də müharibə dövründə ilk bağlanan şəbəkə "Tik-tok" olmuşdu. Dövlət əsas təhlükəni burada görmüşdü. Şəxsən mən "Tik-tok"da yoxam. Orada olmağı da qəbul etmirəm. Hərçənd, orada faydalı məlumatlar paylaşan insanlar az da olsa, var,- ekspert deyib.



Sosial bloger, tiktoker Vüsal Yusifli də mövzu ilə əlaqədar fikirlərini bölüşüb:

- "Tiktoker necə olmalıdır" deyə bir anlayış yoxdur. Kiminsə zövqünə uyğun tiktoker olmaq borcumuz da yoxdur. Kim özünü necə görürsə, sosial şəbəkədən də elə ifadə edir. Azərbaycandakı "Tik-tok" bizim cəmiyyətimizin güzgüsüdür. Kimin intellektual səviyyəsi nə qədərdisə, səhifəsini də elə idarə edir. Əfsuslar olsun ki, bizdə intelektual səviyyəsi aşağı olanların canlı yayımlarına daha çox tələbat var. Çünki onların hamısı şou xarakterlidir. Bizim cəmiyyət isə şouya düşkündür. Mənim kimi elmi bilgilər paylaşan tiktokerlərin canlı yayımlarında 300-400 nəfər olur, amma bayağı şou edənlərin 4-5-10 min izləyicisi var və minlərlə hədiyyə göndərirlər. Tiktokerlərin həbsinə gəlincə isə keçmiş hüquqşünas olaraq deyə bilərəm ki, cinayət məcəlləsində və ya inzibati xətalar məcəlləsində əxlaq normaları ilə bağlı konkret maddələr yoxdur. Tiktokerlərin əksəriyyətinin qeyri-etik ifadərə, əxlaqsız və təhqiramiz davranışlara görə həbs olunduğu xəbərlərini oxuyurq. Bu cür hallara görə cinayət məcəlləsi dəyişməli və yenilənməlidir. Çünki bizim məcəlləmiz 90-cı illər üçün nəzərdə tutulub. "Əxlaq" anlayışı subyektivdir. Kimin üçünsə əxlaqlı sayılan bir şey başqası tərfindən əxlaqsızlıq kimi qəbul oluna bilər. Əgər biz bir qrup şəxsin əxlaq normalarına uyğun hərəkət edəcəyiksə, bu da düzgün deyil.

Bloger deyir ki, tiktokerlərin həbsinin tərəfdarı deyil:
"Onlarla söhbətlər aparılsa, daha yaxşı olar. Məsələ həbsə qədər gəlib çatıbsa, yəqin ki, başqa işlər də var. Bu insanları "Tiktok"da izləməməliyik. Şəxsən mən Azərbaycanda nə qədər canlı yayımçı varsa, hamısını bloklamışam. Bu cür insanlarla kefimi pozmaq istəmirəm. Yalandan qalmaqal yardırlar ki, insanlar baxsın. "Tiktok" azadlıq verir, insan isə azadlığdan düzgün ifadə edə bilməyən canlı olduğuna görə bu cür problemlər yaranır".

Şahanə Rəhimli
AzVision.az


Teqlər: TikTok  





Xəbər lenti