“İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda III Beynəlxalq Simpozium İndoneziyada keçirilir

“İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda III Beynəlxalq Simpozium İndoneziyada keçirilir
  29 May 2024    Oxunub:543
İndoneziyanın Cokyakarta şəhərində Sunan Kalijaga Dövlət İslam Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Kırıkkale Universiteti İslam elmləri fakültəsi və İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda III Beynəlxalq Simpozium keçirilir.
Simpoziuma ev sahibliyi edən Sunan Kalijaga Dövlət İslam Universiteti Ədəb və mədəniyyət elmləri fakültəsinin dekanı, professor Məhəmməd Vildan açılış nitqi ilə çıxış edib. O bildirib ki, müxtəlif mədəni və dini mənsubiyyətə malik olan insanların dinc yanaşı yaşaması beynəlxalq simpoziumun mövzusu kimi seçilib. Məruzəçi bildirib ki, hazırda mövcud olan həyat nizamını və dinc həyat təcrübələrini məhv edən qlobal dözümsüzlük və müharibə çağırışları ilə üzləşirik. M.Vildan vurğulayıb ki, İndoneziyada üçüncü dəfə təşkil olunan bu simpozium birgəyaşayışın daha yaxşı və ahəngdar gələcəyini təmin etmək üçün dünyanın müxtəlif universitetlərini təmsil edən alimlərin qarşılıqlı təcrübə mübadiləsini həyata keçirir. Simpoziumun əsas məqsədi – müxtəlif ölkə və mədəniyyətlərdə teoloji əsasları, dini mətnlərin anlaşılmasını və dinc yanaşı yaşama praktikasını əhatə edən strateji məsələlərin müzakirəsidir.

Türkiyə Cümhuriyyəti Kırıkale Universiteti İslam elmləri fakültəsinin professoru Şahin Ahmetoğlu bildirib ki, fərqli dinlərə, dillərə, irqlərə, rənglərə və etnik quruluşlara sahib olan insanlar dünyada birgə yaşayırlar. Müxtəlif coğrafiyalarda məskunlaşmış insanlar, əsasən, cəmiyyətin onlara aşıladığı həyatı bilir və mənimsəyirlər. O qeyd edib ki, İslam dininin məqsədi ağıldan yararlanan, qanuna və hüquqlara riayət edən, ədalətli, gözəltərbiyəli, fikir azadlığına və yaşamaq hüququna hörmət göstərən, mərhəmətli, bağışlayan insan təbəqəsi yetişdirməkdir. Ş.Əhmədoğlu daha sonra vurğulayıb ki, İslam sivilizasiyasının bir parçası olan Türkiyə müsəlman ölkələri arasında strateji mövqeyinə görə mühüm missiyaya malikdir.

Kırıkkale Universiteti İslam Ölkələri Tədqiqat Mərkəzinin müdiri, professor Zekeriya Akman məruzəsində müxtəlif dinlərə və məzhəblərə məxsus nümayəndələrin simpoziumun işinə qatıldığını diqqətə çatdırıb. O vurğulayıb ki, birgəyaşayış, əslində, bizim üçün o qədər də mürəkkəb deyildir. Tariximizdə bunun bir çox nümunəsini görə bilərik. Professor deyib ki, İslam sivilizasiyası tarixdə birgəyaşayışın qayda və qanunlarını, modelini ən gözəl şəkildə ortaya qoymuş nümunədir.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov simpoziumun plenar iclasında çıxış edib. O, yarandığı dövrdən etibarən İslam dini mənsublarının digər mədəniyyətlərin nailiyyətlərinə qarşı biganə qalmadığını vurğulayıb. Müsəlmanların digər xalqların uğurlarından ən yüksək səviyyədə istifadə etdiklərini, həmçinin bu nailiyyətlərə öz töhfələrini də əlavə edib, böyük bir sivilizasiya yaratdıqlarını diqqətə çatdırıb.

Aqil Şirinov bildirib ki, əhalisinin əksər hissəsi müsəlmanlardan ibarət olan Azərbaycan tarixən islami birgəyaşayış ənənəsinin yaşandığı ən gözəl nümunələrdən biri olmuşdur: “Belə ki, tarixən Azərbaycanda 3 səmavi dinin nümayəndələri heç bir ayrıseçkiliyə məruz qalmadan yaşayıb və yaşamaqda davam edirlər”.

Aİİ rektoru işğaldan azad olunmuş torpaqlarımızda dini abidələrə qarşı erməni vandallarının törətdikləri cinayətlərə, 67 məscidin tamamilə dağıdıldığına diqqət çəkib. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bölgədə həmin məscidlərin bərpaolunma işlərinin aparıldığını qeyd edib. A.Şirinov işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni və dini abidələrin bərpası layihələri çərçivəsində bir neçə ibadət ocağının, artıq yenidən öz görkəminə qayıtdığını vurğulayıb.

A.Şirinov daha sonra erməni vandallarının törətdikləri misilsiz cinayətlərə qarşı Azərbaycan dövləti və xalqının göstərdiyi tolerant nümunəyə diqqət çəkib. Bakıda hazırda erməni kilsəsinin mövcud olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda III Beynəlxalq Simpoziumun İndoneziyada keçirilməsindən məmnun olduğunu vurğulayıb. O bildirib ki, birgəyaşayış İslamın təməlindədir. Qurani-Kərim bölgə, iqlim, rəng, irq və s. demədən bütün insanlığa xitab edir. Müasir dövrdə dünyanın dörd bir tərəfində baş verən münaqişələrə diqqət çəkən M.İsmayılov qeyd edib ki, problemlərin həllində vacib olan məsələnin keçmişdən- bu günə sözügedən mövzuda mövcud böyük mirasın necə tətbiq olunacağını düşünməkdir: “Bu təcrübənin tanıdılmasına, həm də yeni metodlarla, müasir dünyaya xitab edəcək şəklə salınmasına ehtiyac vardır. Belə olacağı təqdirdə, bu miras dünyada lazımi yerə, mövqeyə sahib olacaqdır”, – deyə vurğulayıb.

Qeyd edək ki, “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda III Beynəlxalq Simpozium bu gün işini panellərlə davam etdirir. Panellərdə Azərbaycan, Türkiyə, İndoneziya, Malayziya, Tayland, Filippin, Banqladeş, Özbəkistan, Misir, Pakistan və digər ölkələrin 300-dən çox aliminin məruzəsi dinləniləcək.

Xatırladaq ki, “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda I Beynəlxalq Simpozium 20-21 sentyabr 2022-ci il tarixlərində Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF), Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə, II Beynəlxalq Simpozium 6-7 oktyabr 2023-cü il tarixlərində Türkiyədə Kırıkkale Universitetinin İslam elmləri fakültəsi, İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu, İndoneziya Sunan Kalijaga Yogyakarta Dövlət İslam Universiteti və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilib.
AzVision.az



Teqlər:





Xəbər lenti