Beynəlxalq hüququ bitirənlərə yeni status verildi

Beynəlxalq hüququ bitirənlərə yeni status verildi
  09 İyul 2014    Oxunub:1996
Konstitusiya Məhkəməsinin qərarı ilə bundan sonra onlar da “ali hüquq təhsilli” hesab olunacaqlar

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərhinə dair qərar qəbul edib.

Ali Məhkəmə Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək, Konstitusiyanın 126-cı, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-cü, “Prokurorluq haqqında” Qanunun 29-cu, “Notariat haqqında” Qanunun 3-cü, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddələrində, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 20-ci bəndində və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərh edilməsini xahiş edib.

Sorğuda qeyd olunur ki, 1990-2008-ci illərdə Bakı Dövlət Universitetinə “Beynəlxalq hüquq” ixtisası üzrə tələbə qəbulu aparılıb. 2000-ci ilədək bu ixtisası bitirmiş məzunlara “Hüquqşünaslıq” ixtisası verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında” 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 1999-cu il 17 may tarixli 082 nömrəli qərarı ilə “Beynəlxalq hüquq” istiqaməti və ixtisası (istiqamətin şifri - HS 200100) əlavə edilmişdi. Bundan sonra “Beynəlxalq hüquq” ixtisasını bitirmiş məzunların təhsil haqqında sənədlərində “Hüquqşünaslıq” təhsil istiqamətinin yazılması dayandırılmışdı.

Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”nda “Beynəlxalq hüquq” adlı nə ixtisas, nə də istiqamət nəzərdə tutulmayıb. Təcrübədə “Beynəlxalq hüquq” ixtisası üzrə ali təhsil almış məzunlar “ali hüquq təhsili” tələb olunan vəzifələrə qəbul edilmirlər.

Sorğuverənin qənaətinə görə qeyd olunan ziddiyyətin aradan qaldırılması, “Beynəlxalq hüquq” ixtisasının “ali hüquq təhsilinə” daxil olub-olmaması məsələsinə aydınlıq gətirilməsi üçün Konstitusiyada və qanunlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərh edilməsi zərurəti yaranıb.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri hesab edib.

- “Beynəlxalq hüquq” və “Hüquqşünaslıq” ixtisasları üzrə tədris olunan fənlər eynilik təşkil edir. Belə ki, hər iki ixtisasın Tədris planlarına əsasən “Humanitar və sosial fənlər” blokuna aid “Azərbaycan tarixi”, “Azərbaycan dili”, “Xarici dil”, “Məntiq”, “İnformatika”, “Dünya siyasəti”, “Fəlsəfə”, “İqtisadiyyat”, “Mədəniyyətşünaslıq”, “Politologiya və sosiologiya” və s. kimi humanitar və sosial fənlər eyni saat miqdarında tədris olunub.

- Ümumi peşə hazırlığı hər iki ixtisas üzrə uyğunluq təşkil edir. Belə ki, “Dövlət və hüquq nəzəriyyəsi”, “Xarici ölkələrin dövlət və hüquq tarixi”, “Azərbaycanın konstitusiya hüququ”, “Müqayisəli konstitusiya hüququ”, “Siyasi və hüquqi təlimlər tarixi”, “Azərbaycanın dövlət və hüquq tarixi”, “Maliyyə hüququ”, “Beynəlxalq ümumi hüquq”, “Beynəlxalq xüsusi hüquq” və s. kimi fənlərin tədris saatları hər iki ixtisas üçün kəskin fərqlənmir. “Beynəlxalq ümumi hüquq” və “Beynəlxalq xüsusi hüquq” fənləri “Beynəlxalq hüquq” ixtisası üçün daha geniş tədris olunub.

- “Mülki hüquq”, “Cinayət hüququ”, “Mülki proses”, “Cinayət prosesi”, “İnzibati hüquq”, “Əmək hüququ” və s. fənlər həm “Beynəlxalq hüquq”, həm də “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələrə iki semestr ərzində tədris olunub.

Yuxarıda qeyd olunan fənlərin tədrisində olan yeganə fərq onların “Beynəlxalq hüquq” ixtisası tələbələrinə digər dövlətlərin hüquq sistemləri ilə müqayisəli şəkildə tədris olunmasıdır (məsələn, “Hüquqşünaslıq” ixtisasında “Mülki hüquq” fənni – “Beynəlxalq hüquq” ixtisasında isə “Müqayisəli mülki hüquq” fənni tədris olunub). Eyni zamanda, “Beynəlxalq hüquq” ixtisası məzunlarına qeyd olunan sahələrdə təkcə Azərbaycan Respublikasının qanunvericiliyi deyil, həm də xarici ölkələrin qanunvericiliyi tədris edilib.

Nəzərə alınmalıdır ki, “Beynəlxalq hüquq” istiqaməti üzrə bakalavr təhsili almış məzunların magistr pilləsində cinayət hüququ, mülki hüquq, əmək hüququ və s. ixtisaslar üzrə təhsil almasına məhdudiyyət qoyulmayıb.

Qeyd olunmalıdır ki, ümumi peşə hazırlığının hər iki ixtisas üzrə uyğunluq təşkil etməsinə, eyni fənlərin tədris olunmasına və tədris saatları arasında kəskin fərqin olmamasına baxmayaraq, “Hüquqşünaslıq” ixtisasından fərqli olaraq “Beynəlxalq hüquq” ixtisası “ali hüquq təhsili”nə aid edilməyib.

Beləliklə, “Beynəlxalq hüquq” istiqaməti üzrə ali təhsil almış şəxslərin təhsilinin “ali hüquq təhsili” hesab edilməməsi, onların ixtisasları üzrə fəaliyyət növü və iş yeri seçmək hüququnun məhdudlaşdırılmasına və onların Konstitusiyanın 35 və 55-ci maddələrində təsbit olunmuş hüquqlardan istifadə etmək imkanın deklarativ xarakter daşımasına səbəb olur.

Göstərilənləri nəzərə alaraq, KM qərara alıb ki, Konstitusiyanın 126-cı maddəsində, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-cü, “Prokurorluq haqqında” Qanunun 29-cu, “Notariat haqqında” Qanunun 3-cü, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddələrində, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 20-ci bəndində və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəası “Hüquqşünaslıq” ixtisası ilə bərabər “Beynəlxalq hüquq” ixtisası üzrə ali təhsili də ehtiva edir.




Teqlər:  





Xəbər lenti