Dövlət Proqramına qəbul alan tələbələrlə Müsahibə

   Dövlət Proqramına qəbul alan tələbələrlə  Müsahibə
  29 Avqust 2024    Oxunub:1429
"Dövlət Proqramı tələbələrimizə dünya səviyyəli təhsil və təcrübə qazanmaq üçün inanılmaz imkanlar təqdim edir. Qlobal ekspertlərdən öyrənmək və dünyanın hər yerindən mütəxəssislərlə ünsiyyət qurmaq şansı əvəzolunmazdır. Proqram qaliblərinin xərcləri tam qarşılanır. Bu da digər qayğılardan uzaqlaşıb ancaq təhsilə fokuslanmağa imkan yaradır. Bütün bunlara görə, Dövlət Proqramı əsasında xaricdə təhsil almaq mənim üçün strateji qərar idi".
Bu sözləri AzVision.az -a Dövlət Proqramı vasitəsilə xaricdə magistratura səviyyəsi üzrə təhsil alma şansını qazanan Miskərli Abas deyib.

Onun sözlərinə görə, ⁠Dövlət Proqramına qəbul prosesi rahat və şəffaf keçib:

"Mən bunu yüksək qiymətləndirdim, çünki yalnız ən layiqli namizədlərin seçilməsini təmin edildi. Prosess, ərizələrin nəzərdən keçirilməsi, müsahibə, akademik və peşəkar nailiyyətlərimin hərtərəfli qiymətləndirilməsi də daxil olmaqla bir neçə mərhələdən ibarət idi.

Böyük Britaniyada təhsili, xüsusən də Cambridge Universitetini maliyyə təhsilində müstəsna nüfuzuna və qlobal maliyyə sektoru ilə güclü əlaqələrinə görə seçdim. "Cambridge Judge Business School"da Maliyyə Magistri (MF) proqramı ciddi tədris planı, praktik yanaşma və səhə liderləri ilə sıx əlaqələri ilə tanınır. Qərarıma proqramın real dünya maliyyə tətbiqlərini vurğulaması, onun Azərbaycanın maliyyə sektorunda innovasiya və artıma təkan vermək üçün lazım olan bacarıqlarla təchiz etmək potensialı təsir etdi.

M.Abas Dövlət Proqramına müraciət etmək istəyənlərə də öz tövsiyələrini verib:

"Mənim məsləhətim erkən başlamaq və mövcud imkanları hərtərəfli araşdırmaqdır. Karyera məqsədlərinizə uyğun olan ixtisas seçmək və tələbkar müraciət prosesinə hazır olmaq vacibdir. Proqramın peşəkar karyeranıza necə təsir edəcəyi ilə bağlı aydın hədəflərin olması çox vacibdir. Həmçinin, oxşar təcrübələrdən keçmiş tələbələrdən və ya peşəkarlardan məsləhət almağdan çəkinməyin, onların fikirləri əvəzolunmaz ola bilər.

Dövlət Proqramı xaricdə qabaqcıl təhsil almaq üçün lazım olan dəstəyin və resursların təmin edilməsində mühüm rol oynayır, mənim kimi insanlara dəyərli beynəlxalq təcrübə əldə etməyə imkan verir. Gələcək planlarım MF-in proqramından əldə etdiyim bilik və bacarıqları Azərbaycanın maliyyə sektorunda təkmilləşdirməkdir. Mən iqtisadi artıma təkan vermək, maliyyə xidmətlərini təkmilləşdirmək və ölkəmizdə maliyyə infrastrukturunun ümumi inkişafına töhfə vermək imkanlarını araşdırmaq niyyətindəyəm. Daha geniş maliyyə mənzərəsinə diqqət yetirməklə, Azərbaycanda daha dinamik və dayanıqlı iqtisadiyyatın inkişafında rol oynamağa ümid edirəm. Dövlət proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrə göstərilən dəstək, diqqət və qayğı üçün təşəkkür edirəm".

Stanford Universitenin magistratura səviyyəsi üzrə Biznesin idarəedilməsi ixtisasına qəbul alan Anastasiya Zimina isə proqram üçün Elm və Təhsil Nazirliyinə və Prezident İlham Əliyeva təşəkkür edib.

"Nüfuzlu universitetdə oxumaq böyük investisiya deməkdir və Dövlət Proqramı olmasaydı, mən müraciət etməzdim. Proses çox rahat keçdi. Bütün müraciətlər onlayn portal vasitəsilə həyata keçirilir və prosesi izləmək mümkündür. Əgər hər hansı sual yaranarsa, qısa müddətdə cavab verilir".

Anastasiya niyə Stanford Universitetini seçdiyini də qeyd edib:

"ABŞ-da dünya səviyyəli universitetlər çoxdur. Stanford dünyada ən prestijli MBA proqramları arasında ən aşağı qəbul faizi ilə seçilir. Burada əldə edilən təcrübə və innovasiyalar təhsil aldıqdan sonra ölkəmizə gətirilə bilər. Mənim seçimimə təsir edən əsas amil ətrafımdakı insanlar oldu. "Boston Consulting Group"da işlədiyim müddətdə ölkəmizin inkişafına böyük töhfə verən layihələr üzərində çalışmışam və bu təcrübəni daha da dərinləşdirmək istəyirdim. MBA mənim üçün iki illik “intellectual pit-stop” olacaq, burada düşünmək, təhlil etmək və yeni biliklər qazanmaq imkanım olacaq.

Öz ölkəsinə xidmət etmək hər bir vətəndaşın borcudur. Bu xidmət həm ölkə maraqlarını qorumaq, həm seçkilərdə iştirak etmək, həm də iqtisadi sahələrin inkişafını təmin etməkdən ibarətdir. Bu baxımdan, mən hər zaman Azərbaycanın inkişafına dəstək verməyə çalışmışam. Azərbaycan Prezidentinin rəhbərliyi ilə böyük nailiyyətlər əldə edilib, ölkəni daha da inkişaf etdirməyə davam edirik.

Belə bir universitetdə networking və layihələr gələcəkdə Azərbaycana investisiyalar gətirmək üçün faydalı olar. Misal üçün, Aİ və rəqəmsal marketinq sahəsində startup ideyam var - onu Stanford vasitəsilə böyüdüb, Azərbaycana xarici investisiyalar cəlb etmək istərdim. Çünki Azərbaycan vətənimdir, burada böyümüşəm ".

Helsinki Universitetinin magistratura səviyyəsi üzrə ətraf mühit və təbii sərvətlər iqtisadiyyatı ixtisasına daxil olan Abbaslı Leyla isə bildirib ki, Dövlət Proqramı xaricdə təhsil alma arzusunu maddi cəhətdən dəstəkləməkdən əlavə həm də prestijlidir:

"Xaricdə təhsil almaq mənim uşaqlıq arzumdur. Bakalavr təhsilimi xaricdə almaq istəyirdim, amma qismət magistr pilləsini Avropada almaq imiş. Qəbul prosesi həyəcanlı keçdi. Bu prosesdə bir çox yeni bacarıqlara yiyələndim, məsələn sənədlərlə bağlı daha səbirli olmağı və inamımı itirməməyi öyrəndim. Yeni dostlar qazandım.

Finlandiya artıq 7 ildir ki, Dünya Xoşbəstlik İndeksində (World Happiness Record) ilk pillədə yer alır. İqtisadçı olaraq bu və bir çox başqa göstəriciləri olan Finlandiya mənim diqqətimi cəlb etdi. Araşdırma zamanı ağ zanbaqlar ölkəsini çox sevdim və onların çox keyfiyyətli təhsilindən yararlanmaq istədim.

Dövlət proqramından əsas gözləntim dəstək və diqqətdir. Gələcək planlarım hələ dəqiq deyil, ümid edirəm hər şey əla olar. Mən bu gün ilə yaşamağı və çox uzun müddətli planlar qurmamağı tərcih edirəm".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti