USAİD-in şübhəli qrant əməliyyatı - MÜSAHİBƏ

USAİD-in şübhəli qrant əməliyyatı - MÜSAHİBƏ
  16 İyul 2014    Oxunub:953
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2 həftə bundan qabaq Azərbaycanda müstəqil medianın inkişafı üçün fantastik həcmdə - 2,4 milyon dollar məbləğində qrant elan edib. Lakin məqsədli şəkildə bu elanın müddəti çox qısa - 30 iyun - 7 iyul 2014-cü il tarixinə müəyyən olunub.
Eyni zamanda, USAİD-in Azərbaycandakı ofisi qrant elanının media və ictimaiyyətə çatdırılmasında şəffaflığı da təmin etməyib. Belə ki, bu elan barədə yalnız tenderdə qalib ola biləcək Qərb yönümlü bəzi təşkilatlara təxminən bir ay əvvəldən məlumat verilib. Şəffaflığın nümayiş etdirilməsi baxımından isə saytlardan birinin görünməyən yerində ictimailəşdirilməyən bir elan qoyulub.

Bununla da ABŞ Azərbaycan mediasından xəbərsiz “Azərbaycan mediasının inkişafı üçün” qrant elan edib. Qərb dairələrinin bu kimi davranışları, qrant layihələrinin geniş ictimaiyyətə çatdırılmaması, bu pulların hara xərclənməsi, qrantların müstəqil mediaya təsiri və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını millət vəkili Çingiz Qənizadə cavablandırıb.

- Çingiz müəllim, USAID tərəfindən Azərbaycanda müstəqil medianın inkişafı üçün qrantın gizlin elan edilməsinə səbəb nədir?

- Bu xəbərdən mən də məlumatlıyam. Mətbuatın özü də buna reaksiya verib ki, nə üçün digər media qurumlarının bu qrant layihəsində iştirakı təmin edilməyib, elan barədə xəbər verilməyib. Adətən qrantların verilməsi üçün müsabiqə elan edilir, müəyyən zaman kəsiyində layihələr hazırlanır və sair. Burda isə qrant müsabiqəsi haqqında geniş ictimaiyyətə, mediaya məlumat verilməyib, layihələrin təqdim edilməsi üçün cəmi 7 günlük qısa müddət qoyulub. Belə bir şəraitdə ciddi bir layihə hazırlayıb qrant üçün təqdim etmək qeyri-mümkündür.

Mənim fikrimcə, USAID-in Azərbaycandakı ofisi elanı məhdud çərçivədə verməklə göstərib ki, əvvəlcədən pərdəarxası razılaşma əldə edilib və konkret kimlərə qrant veriləcəyi bəlli olub. Çox maraqlıdır ki, Azərbaycandan aşkarlıq və şəffaflığı, demokratik dəyərləri, insan haqlarının qorunmasını tələb edən təşkilatlar bəzən özləri bu cür hallara göz yumurlar. Bununla əlaqəli iki misal çəkmək istəyirəm. Dövlət başçısı İlham Əliyev Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 22 iyul 2010-cu ildə sərəncam imzaladı. Bu sərəncamdan irəli gələrək, 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. 2013-cü ildə Prezidentin də iştirakı ilə həmin mənzillərin jurnalistlərə təhvil-təslim mərasimi oldu. Mənzil verilən jurnalistlər arasında iqtidar, müxalifət və bitərəf mövqeyi ilə seçilən ən müxtəlif media qurumlarında çalışanlar var idi. Yəni, jurnalistlər arasında ayrı-seçkiliyə yol verilmədən belə bir iş görüldü.

Bundan əvvəl isə ölkə başçısı tərəfindən imzalanan müxtəlif sənədlərlə media qurumlarına birdəfəlik yardımlar edilib, mətbuat orqanlarının “Azərbaycan” nəşriyyatına olan borcları silinib və sair. Hətta Prezident İlham Əliyevin siyasətini ən çox tənqid edən qəzetlər də bu imkandan yararlanıblar. Ancaq çox təəssüf ki, ölkəmizdə mediaya olan bu yanaşmanı, müsbət nümunəni görmək istəməyən bəzi qurumlar USAİD-in Azərbaycandakı ofisi kimi qrant elanları verir, yalnız özlərinin istədikləri qəzetlər arasında bölgü aparır, onlara qrantlar verirlər.

Tam məsuliyyətimlə bildirirəm ki, USAİD-in Azərbaycandakı ofisinin bu cür qrant elan etməsi tamamilə formal xarakter daşıyır. Artıq onlara əvvəlcədən bəllidir ki, kimlərin layihəsini qəbul edib, kimlərə qrant verəcəklər. Bu da həm şəffaflığın, həm də ədalətlilik prinsipinin pozulmasıdır. Belə vəziyyət imkan verir ki, Azərbaycan mediası USAİD-in Azərbaycandakı ofisinin hərəkətləri ilə bağlı müəyyən şübhə doğuran məqamlar üzərində düşünsünlər.

- USAID-in “Azərbaycan mediasının inkişafı üçün” nəzərdə tutduğu bu kimi layihələrin müstəqil mediaya təsiri nə dərəcədədir?

- Yəqin ki, biz bunun nəticəsini gələcəkdə daha aydın görə biləcəyik. Əgər tam bilə bilsək, məlum olacaq ki, konkret kimlərə maliyyə yardımı edilib. Səhv etmirəmsə həmin qrant layihəsində 2,4 milyon ABŞ dollarından söhbət gedir. Mən USAİD-i o zaman alqışlayardım ki, onlar Azərbaycanın regionlarındakı mətbuatın inkişafına dəstək üçün hər hansı layihə həyata keçirəydilər. Bu gün kənd rayonlarında qəzetlərin çapı və satışı çox aşağı həddədir. Əgər maliyyə dəstəyi göstərməklə rayon qəzetlərinin inkişafına pul ayrılsa idi, o zaman USAİD-in bu fəaliyyətini dəstəkləyərdik. Hesab edərdik ki, USAİD bununla insanların maariflənməsinə xidmət edir. Amma bu gün qapalı şəkildə, cəmisi 1 həftəlik qısa zaman kəsiyində layihələrin hazırlanıb USAİD-ə təqdim olunması bəzi şübhəli məqamlar yaradır.

Hiss olunur ki, qrant layihələri əvvəlcədən hazırlanıb və konkret kimlərə maliyyə yardımlarının göstəriləcəyi bəllidir. Elanın verilməsi isə sadəcə formal, görüntü xarakter daşıyan bir addımdır. Bu cür pulların ayrılması müstəqil mətbuatın fəaliyyətinə kifayət qədər müsbət təsir göstərə bilməyəcək. Çünki, şərtlər tamamilə başqa cür olacaq. Pulu verən təşkilat müstəqil medianın normal fəaliyyət göstərməsini deyil, yalnız onun maraqlarına xidmət göstərməsini istəyəcək. O baxımdan hər hansı uğurlu nəticə gözləmirəm.

USAİD-dən fərqli olaraq QHT-lərə Dövlət Dəstəyi Şurasının vətəndaş cəmiyyəti təmsilçilərinə ayırdığı qrantların üzərində həm dövlət nəzarəti, həm də şəffaflıq var. Eyni zamanda QHT-lərdə artıq məsuliyyət hissi də var. Biz bu layihələrin Azərbaycan cəmiyyətində effektivliyini, əhəmiyyətini də hiss etməkdəyik. Bunun əksi olaraq, Azərbaycanın uğurlarını görmək istəməyən, bizləri sevməyən təşkilatlardan maliyyə yardımı almaqla isə ölkəmizin, mətbuatın inkişafına yönəlik hər hansı fəaliyyət ortaya qoymaq qeyri-mümkündür.

- Bir müddət öncə ABŞ Milli Demokratiya İnstitutunun (MDİ/NDİ) Bakıdakı nümayəndəliyinin keçmiş rəhbəri Aleks Qriqoryevs də özünün bank hesabından 2 milyon dollara yaxın vəsaiti çıxarıb bəzi QHT-lərə, konkret şəxslərə payladığı üzə çıxmışdı. İndi isə USAİD-in Azərbaycandakı ofisi tələm-tələsik qrant layihəsi elan edib ancaq öz istədiyi qurumlara qrant verir. Sizə elə gəlmirmi ki, artıq bu, pis ənənə halını alır?

- Əslində bu, elə belədir. Çünki bu cür təşkilatlar müstəqil qurumlar deyillər. Onlar təmsil olunduqları ölkələrin, yaxud da onları maliyyə ilə təmin edən ölkələrin siyasətini həyata keçirirlər. Bu, hər zaman belə olub. QHT-lərlə bağlı Milli Demokratiya İnstitutu, eləcə də digər bu tipli qurumlar daha çox o təşkilatlara pul ayırırlar ki, onlar mövcud olduğu ölkədə yaxşını görməyi bacarmayan, dövlətin imicinə xələl gətirən fəaliyyətlə məşğul olurlar. Təəssüf ki, bəzən ölkə içərisində kifayət qədər fəaliyyəti olmayan, cəmiyyətdə tanınmayan müəyyən adamlar həmin bu MDİ kimi təşkilatlardan 100 minlərlə ABŞ dolları həcmində qrantlar alırlar. Belə adamlar, bu cür QHT-lər onlarladır. USAİD-in Azərbaycandakı ofisi də eyni cür hərəkət etməkdədir. Təəssüf ki, məramı və məqsədi bilinməyən layihələr, qrantlar yalnız həmin təşkilatların maraqlarına uyğun fəaliyyət göstərən QHT-lərə, media qurumlarına verilir. Pul alan, qrant alan təşkilatlar isə bunun müqabilində istənilən tapşırığı yerinə yetirirlər.

- Siz qeyd etdiniz ki, məramı və məqsədi bilinməyən layihələrə qrant ayrılır. Amma yaxın keçmişdə baş verənlər göstərdi ki, hətta Azərbaycanda sosial şəbəkələr üzərindən təşkilatlanmaqla inqilab həyata keçirmək, dövlətçilik əleyhinə iş görmək üçün də belə qrantlar verilir. Buna münasibətiniz necədir?

- Biz ötən il MDİ əməkdaşlarının qanunsuz aksiyalarda iştirakının şahidi olduq. Düzdür, sonradan onlar əsaslandırmağa çalışdılar ki, etiraz aksiyalarında bir vətəndaş olaraq iştirak ediblər. Amma əslində bu, belə deyildi. Onlar sözügedən aksiyalarda bilavasitə təşkilatçı olaraq iştirak edirdilər. Elə bu kimi səbəblərdən Milli Məclisdə “QHT-lər haqqında” qanuna əlavə və dəyişikliklər etdik. Ümumilikdə 4 qanuna əlavə və dəyişikliklər oldu. Həmin düzəlişlərin də müəllifi mənəm. Özüm də QHT rəhbəriyəm və parlamentə də vətəndaş cəmiyyəti təmsilçisi olarkən seçilmişəm. Hesab edirəm ki, qanunlara dəyişikliklərə ciddi ehtiyac var idi. Çünki bir çox donor təşkilatlar bu cür layihələrin hazırlanmasını qapalı şəkildə özlərinə yaxınlığı ilə seçilən QHT-lərə ötürürdülər. Ortada heç bir şəffaflıq yox idi.

Həmin layihələrdə hansı fəaliyyətin nəzərdə tutulduğu da dövlət üçün qaranlıq idi. Eyni zamanda həmin QHT-lərə ayrılan pullar nağd şəkildə konkret şəxslərə verilirdi. Yaxud da qeydə alınmış hansısa QHT-nin hesabına köçürülür, oradan isə təyinatı üzrə konkret şəxslərə çatdırılırdı. Bu fərdlər də özlərinin maliyyə imkanlarını yaxşılaşdırmaq, ev, ofis, bahalı avtomobil almaq üçün bu pulları xərcləyirdilər. Onlar qarşısında qoyulan yeganə tapşırıq yaşadıqları ölkənin ictimai-siyasi həyatı ilə bağlı mənfi rəy formalaşdırsınlar, çoxsaylı aksiyalar keçirsinlər, müxtəlif bəyanatlar versinlər, ətraflarına müəyyən insanları cəlb edib sıralarını genişləndirsinlər və sair. Ən təhlükəlisi isə o idi ki, artıq son vaxtlar bu cür təşkilatların maliyyələşməsi ilə radikal dindarların fəaliyyəti artmaqda idi. Belə qapalı şəraitdə reallaşan layihələr həm də silahlı qruplaşmaların və radikal dindarların inkişafına xidmət edə bilərdi. Vaxtilə Rusiyanın paytaxtı Moskvadakı “Nord Ost” kinoteatrı terrorçular tərəfindən tutularkən məlum olmuşdu ki, terrorçuların təmsil etdiyi təşkilata pullar bir neçə QHT vasitəsilə yönləndirilib.

Ona görə də dövlət haqlı olaraq ölkəyə daxil olan maliyyələrin kimlərə verilməsi üzərində normal nəzarət etmək istəyir. Bu nəzarət də ondan ibarətdir ki, QHT-lər şəffaf fəaliyyət göstərməli, vaxtlı-vaxtında hesabat verməli, layihələrin mətnini əvvəlcədən müvafiq qurumlara təqdim etməli, ayrılan qrantları, verilən pullar nağd şəkildə deyil, bank hesabına köçürmə yolu ilə əldə etməlidirlər. Bu qaydalar bütün dünya ölkələrində tətbiq edilir və normal qarşılanır. Təəssüf ki, dövlətçiliyimizə qarşı fəaliyyət ortaya qoyan bəzi QHT-lər, fərdlər qanunvericilikdə olan bu boşluqdan indiyə qədər “bəhrələnə” biliblər. İndi isə onların qarşısına sədd qoyulub.


Teqlər:





Xəbər lenti