Düşmən qanada bələnəcək

// ANKA-3 Türkiyə Silahlı Qüvvələrini bir neçə mərtəbə yuxarı qaldıracaq

   Düşmən qanada bələnəcək
  24 Aprel 2025    Oxunub:515
Türkiyədə yerli resurslarla istehsal və inkişaf etdirilən PUA-ları həm qardaş ölkənin, həm də müttəfiqlərinin gücünə əlavə güc qatır. Türkiyənin müdafiə sənayesinin fəxr etməyə haqqı çatan vasitələrdən biri də ANKA-3 dronudur. İlk sınaq uçuşunu 2023-cü ilin sonunda həyata keçirən pilotsuz aparat yaxın gələcəkdə Türkiyə Hərbi Hava Qüvvələrinin silahlamasına daxil ediləcək.
Kəşfiyyat və zərbə PUA-sı kimi hazırlan ANKA-3 aparatı eyniadlı milli pilotsuz döyüş sistemləri xəttini davam etdirir. “Uçan qanad” dizaynına malik olması onu seriyanın digər məhsullarından əsaslı şəkildə fərqləndirir. Korpus dizaynına radar və infraqırmızı aşkarlama avadanlıqlarının görmə qabiliyyətini azaltmağa yönəlmiş həllər daxildir. Dronun xarici səthində praktiki olaraq heç bir çıxıntı yoxdur. Hava girişi yuxarıda yerləşir və aşağı künclərdən gələn şüalanmadan qorunur.

Texniki imkanları

ANKA-3-ün dəqiq ölçüləri hələ tam açıqlanmayıb. Eyni zamanda, mövcud materiallar PUA-nın qanadlarının genişliyinin bir sıra müasir pilotlu qırıcılardan heç də kiçik olmadığını göstərir. Maksimal uçuş çəkisi 7 tondur (əvvəllər 6,5 ton idi). Faydalı yüku isə 1200 kq-a çatır.

PUA bir turboreaktiv mühərrik ilə təchiz edilib; onun markası və xüsusiyyətləri hələ açıqlanmır. Maksimal uçuş sürəti 800 km/saat, kreyser sürəti isə 460 km/saatdır. Uşuş yüksəkliyi 12 km-dən çoxdur, uçuş müddəti isə 10 saata çatacaq.


ANKA-3 xüsusi avadanlıq sayəsində optik və elektron kəşfiyyat apara biləcək. Əvvəlcədən təyin edilən və ya müstəqil müəyyən etdiyi hədəflərə hücum etməli və onları məhv etməli olacaq. Zərbə tapşırıqlarını həll etmək üçün PUA-da bir cüt asma nöqtəsi və dörd xarici asqı nöqtəsi olan daxili yük bölməsi mövcuddur. Dron müxtəlif növ idarəolunan sursatlardan istifadə edəcək.

Avionika və optik avadanlıqlar

ANKA-3 üçün avionika kompleksi əvvəlki eyni seriyalı PUA-ların komponentləri əsasında hazırlanıb və bir sıra yeni qurğularla tamamlanıb. Cihazda uzaqdan idarəetmə və bütün lazımi iş rejimlərinə malik avtopilot mövcuddur. İkitərəfli peyk rabitə sistemindən istifadə olunur. Müxtəlif faydalı yüklərin idarə edilməsi ilə inteqrasiya imkanı təmin olunur. Operatorun yerüstü idarəetmə stansiyası əvvəlki ANKA-dan praktiki olaraq dəyişmədən götürülüb.

Perspektivləri

Müasir xarici inkişafın modelinə uyğun olaraq, TAİ həm pilotsuz “sürülərin” bir hissəsi kimi, həm də idarə olunan vasitələrlə birlikdə PUA-ların qrup şəklində istifadəsi məsələlərini öyrənir. Bu cür funksiyaların həyata keçiriləcəyi şübhə doğurmur. Güman etmək olar ki, yeni pilotsuz vasitələr Türkiyə sənayesi tərəfindən hazırlanan perspektivli KAAN qırıcısının nəzarəti altında çalışacaqlar.

Vəzifələri

Yeni nəsil PUA sistemi olan ANKA-3 aşağıdakı vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulur:
• Kəşfiyyat, müşahidə və izləmə;
• Müxtəlif “hava-yer” sursatları ilə hücum;
• Düşmənin helikopterlərinə, təyyarələrinə və PUA-larına “hava-hava” döyüş sursatı ilə hücum;
• Düşmənin RF yayan radar və hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirilməsi;
• Dost qüvvələrin havada və quruda mühafizəsi;
• Siqnallar və rabitə kəşfiyyatı;
• Radioelektron mübarizə;
• Digər dost elementlərlə birlikdə əməliyyat və rabitə ötürücüsü vəzifələri.

Sursat daşıma imkanları

Sursatla konfiqurasiyada ANKA-3 sistemi gövdədəki iki asqıda 650 kq, qanadın daxili asqılarında 650 kq, xarici asqılarda isə 100 kq döyüş sursatı daşıya bilir. Beləliklə ANKA-3 aparatına Türkiyə PUA-larında bu gün ən çox istifadə edilən SOM-J, MK-82 və MK 82 sinif SDB kimi çox sayda sursatlar inteqrasiya edilə bilər.


Yerüstü idarəetmə stansiyası

PUA-da ANKA və AKSUNGUR-da istifadə edilən yerüstü idarəetmə sistemləri əsas götürülüb və onlara əlavə olaraq yeni proqram təminatı sistemi inteqrasiya edilib. Bu çərçivədə ANKA-3 sistemi ANKA və AKSUNGUR ilə eyni yerüstü idarəetmə sistemləri tərəfindən idarə olunacaq. Bu hər üç vasitədən “ümumi vəzifələri bir-birini tamamlayan elementlər” kimi istifadəyə imkan verəcək.

Üstün texniki xüsusiyyətləri:

• ANKA ailəsinə məxsus umumi avionika və Yerüstü İdarəetmə Stansiyası;
• Radarlara yaxanalmamaq (Stels);
• Yüksək sürət və manevr;
• Yüksək yükdaşıma imkanı;
• LoS/BLOS Peyk İdarəetməsi;
• Maksimum uçuş kütləsi: 6500 kq;
• Yükgötürmə qabiliyyəti: 1.200 kq;
• Uçuş maksimumu: 40.000 fut (12 km);
• Havada qalma müddəti: 10 saat;
• Kreyser sürəti: 0.42Max (460 km/saat);
• Maksimum sürət: 0.7Max (800 km/saat).

Yekun

Türkiyə uzun müddətdir ki, pilotsuz uçuş aparatlarını fəal şəkildə inkişaf etdirir və bu cür avadanlıqların yeni siniflərinin hazırlanmasına böyük diqqət yetirir. ANKA-3 reaktiv mühərriki sayəsində daha sürətli, daha yüksək yükdaşıma qabiliyyətinə malik olan və quyruqsuz quruluşu ilə radarlara yaxalanayan yerli pilotsuz vasitədir.

TAI-nin qarşıya qoyulan məqsədlərə qısa müddətdə çatmaq üçün mümkün olan hər şeyi edəcəyini gözləmək lazımdır. Bunun sayəsində Türkiyə Hərbi Hava Qüvvələri öz sinfindəki əvvəlki avadanlıqlardan nəzərəçarpacaq dərəcədə fərqlənən yeni PUA əldə edə biləcək. Yeni ANKA-3 cihazının xarakterik görünüşü və imkanları ilə bağlı xüsusi gözləntilər mövcuddur. O, kifayət qədər miqdarda qoşunlara çatdıqdan sonra Hərbi Hava Qüvvələrinin pilotsuz bölməsinin görünüşünü və potensialını əhəmiyyətli dərəcədə dəyişəcək.

“Uçan qanad” şəklində hazırlanan ANKA-3-ün daxilindəki silah asqıları PUA-nın radarlara görünmədən düşmən müdafiəsinin dərinliklərində müxtəlif döyüş tapşırıqlarını yerinə yetirməsinə imkan yaradacaq. Bu isə həm Türkiyənin, həm də müttəfiqlərin pilotsuz aviasiya parkına radarlara görünmədən daha böyük radiusda sərbəst fəaliyyət və geniş döyüş imkanları təmin edəcək.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Aviasiya   PUA   ANKA  





Xəbər lenti