Hraparak: "Paşinyan Moskvadan asılılığı azaltmağa çalışır"

      Hraparak:    "Paşinyan Moskvadan asılılığı azaltmağa çalışır"
  02 Oktyabr 2025    Oxunub:860
"Ermənistanın Baş naziri Nikol Paşinyan, hər nəyin bahasına, Rusiyadan və Avrasiya İqtisadi İttifaqından (Aİİ) ölkənin bir çox sahədə, xüsusən ixracatda asılılığını azaltmağa çalışır".
Ermənistanın "Hraparak" qəzeti öz mənbələrinə istinadən yazır ki, Nikol Paşinyan Aİİ ilə əməkdaşlıq çərçivəsində ölkəsinin aldığı imtiyazları itirmək riskini də hesaba qataraq, əsasən Asiya və Avropada yeni bazarlar axtarır. Eyni zamanda, hökumətin maliyyə təşkilatları mümkün böhran fonunda büdcə kəsirinin azaldılması, risklərin ən aşağı səviyyəyə endirilməsi üçün müvafiq müzakirələr aparır. İrəvan bu sahədə həll yolunu vergilərin artırılmasında görür.

Qəzetin məlumatına əsasən, Baş nazirin vergilərlə əlaqədar konkret planları da mövcuddur. Onun təklifləri üç istiqamətə yönəlib: siqaret, spirt, yanacaq və s. bu qəbildən mallara vergiləri artırmaq, lüks sayılan məhsul və xidmətləri vergiləndirmək, gəlir vergisi dərəcəsini sərtləşdirmək.

"Nikol Paşinyan bu dəyişiklikləri parlament seçkilərində qalib gələcəyi təqdirdə həyata keçirmək niyyətindədir. Çünki başa düşür ki, seçkilərdən qabaq hər hansı addım atarsa, yenidən seçilmək şansı azalacaq", - qəzet yazır.

Xatırladaq ki, cari il yanvarın 9-da Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) qoşulması prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk həmin dövrdə diqqətə çatdırıb ki, Moskva belə bir addımı "İrəvanın Aİİ-dən çıxması" kimi qiymətləndirərək, öz iqtisadi siyasətini bu şəraiti nəzərə alaraq quracaq. Çünki "Aİİ və Aİ-nin normativ-hüquqi bazalarında ciddi ziddiyyətlər var".

Nikol Paşinyanın bu məsələdə qərarı müəyyən mənada açıq deyil. O öz çıxışlarında yalnız vurğulayıb ki, həm Aİ-yə, həm də Aİİ-yə eyni vaxtda üzvlük qeyri-mümkündür: "Seçmək məcburiyyəti yarananda müvafiq qərar verəcəyik. Erməni xalqının iradəsini, vəziyyətin təhlilini, danışıqların perspektivləri və nəticələrini nəzərə alaraq, vəziyyətin inkişafında istənilən ssenari mümkündür".
Deputat: "İrəvanın Aİİ-dən çıxması gündəmdə deyil"

Maraqlıdır ki, sentyabrın 29-da Ermənistan Milli Məclisinin deputatı Vaqarşak Akopyan isə parlamentdə jurnalistlərə müsahibəsində ölkənin Aİİ-dən çıxacağı ilə əlaqədar xəbərləri yalanlayıb: "Gündəliyimizdə Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq məsələsi yoxdur, əksinə, tərəfdaşlarımızla əlaqələri dərinləşdiririk".

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   Rusiya   Aİİ    



Xəbər lenti