“Həyatımda kədərli günlər çox olub” - 65 yaşlı şeyx

“Həyatımda kədərli günlər çox olub” -  65 yaşlı şeyx
  26 Avqust 2014    Oxunub:5670
Mənim hədiyyəm hər gün aldığım nəfəsdir. Mənə ən böyük hədiyyə müstəqilliyimizin tam bərpasıdır.
Bu gün Şeyxülislam və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin doğum günüdür.

AzVision.az xəbər verir ki, şeyx 65 yaşını qeyd edir.

Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olub. İlk dini təhsilini yerli din adamlarından alıb. 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olmuş və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirib. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olub. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib və Şeyx-ül-islam dərəcəsinə yüksəlib.

1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilib. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur. 1992-ci ildə Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilmişdir.Ümumdünya İslam Konqresinin idarə heyətinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. 2004-cü ildə Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri, 2009-cu ildə MDB müsəlmanları Məşvərət Şurasının sədri seçilib.

Allahşükür Paşazadə müsahibələrinin birində ad günü təəssüratlarını bölüşüb.

“Mənim üçün, bundan sonra nə yaşayacağamsa, Allahdan mənə hədiyyədir. Amma çox heyfslənirəm. Mən cavanlara çağırış edirəm. Nə qədər əllərində imkanları varsa, bədənlərində qüvvə varsa, ibadətdən əl çəkməsinlər. Allaha ibadətdən, orucdan, namazdan qalmasınlar. Çünki insan qocalanda istədiyi kimi ibadət etmir. İndi görürəm ki, əyilib-durmaqda çətinlik çəkirsən. Cavanlıqda etdiyin ibadətin ləzzətini yaşlaşanda o qədər də duymursan. Arzulardım ki, insanlar nə qədər əllərində imkanları var, Allah onlara nə qədər imkan veribsə, ibadətdən əl çəkməsinlər. Allahı unutmasınlar.

Mənim hədiyyəm hər gün aldığım nəfəsdir. Mənə ən böyük hədiyyə müstəqilliyimizin tam bərpasıdır. Torpaqlarımızın işğal altından qurtarılmasıdır. Həyatdır. İnsan dünyadan gedəndə, nakam kimi gedir. Mən ömrüm boyu azərbaycançılığı təbliğ eləmişəm. Torpaqların işğaldan azad olunması üçün döyüşmüşəm. Mənim əlimdə silah olmayıb. Hərbçi deyiləm. Amma qələmim heç vaxt əskik olmayıb. Torpaqlarımızın azad olunması, Qarabağ məsələsində həqiqətlərin dünyaya çatdırılması uğrunda imkan daxilində çalışmışam. Allah bizə torpaqlarımızn azad olunmasını nəsib etsin, İnşallah. Şəhidlərimizin qanı yerdə qalmasın. Bu mənim üçün böyük hədiyyədir”-deyə şeyx qeyd edib.

A.Paşazadə 65 illik həyatından kədərli günlərinin çox olduğunu bildirib.

“Təbii ki, həyatımda qəm-kədərli günlərim də çox olub. Mən indi xəbərlərə baxırdım. Misirdə insanların qırılmasını izləyirdim. Oradakı hadisələrdən çox kədərləndim. Mənim Misirlə sıx əlaqəm var. Misirin ən yüksək ordeninə layiq görülmüşəm. İndi orda baş verən hadisələr, qırğınlar, müsəlmanların bir-birini qırması, Livanda baş verən terror, sünni-şiə məsələsinin ortaya atılması və s. məsələlər məni çox narahat edir. Bundan başqa, 20 yanvarda baş verən hadisələr mənim heç vaxt yadımdan çıxmayacaq. Həmin ili mən heç ad günü də keçirtmədim. Həyatdır da...”.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti