“ASAN Könüllüləri”nin Yay Məktəbi açıldı – FOTOLAR

  27 Avqust 2014    Oxunub : 4800
“ASAN Könüllüləri”nin Yay Məktəbi açıldı – FOTOLAR
26 avqust 2014-cü il tarixində “ASAN Könüllüləri” Gənclər Təşkilatının 60 üzvünün iştirakı ilə 1-ci Yay Məktəbinin açılış mərasimi keçirilib.

Tədbirdə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, millət vəkili Əli Hüseynli, “IDEA” Təşkilatının nümayəndəsi Nəzakət İsayeva, YARAT Müasir İncəsənət Məkanının eksperti, rəssam Çingiz Babayev, “ASAN Könüllüləri” Gənclər Təşkilatının sədri Fərid Sadıxlı iştirakçıları salamlayıb, məktəbin işinə uğurlar arzulayıblar.

“IDEA” Təşkilatının nümayəndəsi Nəzakət İsayeva “ASAN xidmət” mərkəzləri ilə birgə həyata keçirilən sosial aksiyalar barədə iştirakçılara məlumat verib. Bildirilib ki, “ASAN xidmət” mərkəzləri ilə əməkdaşlıq çərçivəsində “Hər kağızı bir yarpağa dəyişək”, Təbiəti qorumağın 10 ASAN yolu və s. kimi sosial məsuliyyət yönümlü layihələr həyata keçirilib.

Ekspert-rəssam Çingiz Babayev “ASAN xidmət” mərkəzlərində YARAT Müasir İncəsənət Məkanın rəssamları tərəfindən hazırlanmış xüsusi kompozisiyaların nümayiş etdirildiyini diqqətə çatdırıb. Qonaq, həmçinin “ASAN xidmət” mərkəzləri ilə birlikdə həyata keçirilmiş “Sağlam ol və YARAT” qaçış turniri haqqında iştirakçılara məlumat verib.

Digər çıxışlar və təqdimatlar üzrə davam edən tədbirdə iştirakçılar qruplara bölünərək komanda oyunlarında iştirak edib .

Yay Məktəbinin ikinci günündə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İdeya Bankı üzrə müvəkkili Fariz Cəfərov tərəfindən layihələrin yazılışı, ideyaların layihəyə çevrilməsi və icrası prosesinə qoşulma imkanları barədə təqdimatın edilməsi nəzərdə tutulur.

İştirakçılar, həmçinin Mingəçevir su anbarı və elektrik stansiyası ilə tanış olmaq, Kür Avarçəkmə kompleksində avarçəkmə idman növü üzrə öz bacarıqlarını sınamaq imkanı əldə edəcəklər.

Yay Məktəbinin 3–cü günündə Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov Komissiya tərəfindən həyata keçirilən işlər barədə məlumat verəcək və gənclərin korrupsiya qarşı mübarizədə rolu müzakirə olunacaqdır.

Yay Məktəbinin bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi tərəfindən nitq söylənəcəkdir.

Qeyd edək ki, Yay Məktəbinin keçirilməsində əsas məqsəd iştirakçıların könüllülük fəaliyyəti müddətində hazırladıqları layihələrin müzakirəsi, dəstəklənməsi və gələcəkdə gənclərin bacarıqlarının artırılması üzrə fəaliyyətdir.

Foto


Teqlər: