`Nifətə yox` təlimləri başladı

`Nifətə yox` təlimləri başladı
  28 Avqust 2014    Oxunub:2465
Bu gün Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Nifrət Nitqinə Yox Hərəkatı Gənclərin Gözü ilə” layihəsi üzrə milli təlim kursunun açılış mərasimi keçirilib.

Toplantıda çıxış edən DANİB sədri Elməddin Behbud Azərbaycanın tarixən çox konfensiyalı və polietnik ölkə olduğunu deyərək tolerantlığın xalqımızın həyat tərzinə çevrildiyini bildirib. Azərbaycanın dünyada multikultral ənənələrə, potensiala və davamlı inkişaf xəttinə malik bir ölkə kimi dəyərləndirildiyini qeyd edən Birlik sədri icra edilən layihənin ölkəmizin bu sahədə həyata keçirdiyi ardıcıl siyasətin təbliği məqsədi daşıdığını vurğulayıb.

2008-ci ildən başlayaraq Azərbaycan prezidenti, cənab İlham Əliyevin ölkədə milli donor inistitutunun yaradılması istiqamətində verdiyi sərəncamların vətəndaş cəmiyyətinin həyatında yeni mərhələ yaratdığını bildirən Elməddin Behbud bu gün ən müxtəlif sahələrdə yüzlərlə milli QHT-nin sosial, insan hüquqları, mədəni- humanitar, ekoloji və digər sahələrdə uğurla fəaliyyət göstərdiyini qeyd edib. “Nifrət Nitqinə Yox Hərəkatı Gənclərin Gözü ilə” layihəsinin heç bir ayrıseçkiliyə yol vermədən bütün insanların hüquqlarının qorunmasının vacibliyini təbliğ etdiyini bildirən DANİB sədri keçirilən təlim kursunun 5 gün müddətində davam edəcəyini deyib.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov müasir dövrdə dünyada sabitliyin qorunmasında, cəmiyyətlərin sabit, tolerant mühitdə inkişafında multikultralizmin mühüm rol oynadığını bildirib. Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) ötən illərdə də Gənclər Fondu ilə uğurla əməkdaşlıq etdiyini bildirən Orxan Ərəbov “Nifrət Nitqinə Yox Hərəkatı Gənclərin Gözü ilə” layihəsinin vacib və strateji əhəmiyyətli mövzuya həsr olunduğunu vurğulayıb.

Təlimin açılışında “Nifrət Nitqinə Yox Hərəkatı”nın ölkəmizdəki koordinatoru olan Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının əməkdaşı Bəyimxanım Məmmədova kampaniyanın təqdimatını edib.

Daha sonra layihənin təlimçisi Xəyaym Namazov proqram üzrə dərsə başlayıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə DANİB-in həyata keçirdiyi “Nifrət Nitqinə Yox Hərəkatı Gənclərin Gözü ilə” layihəsi sülh şəraitində birgə yaşamaq, qarşılıqlı inam və mədəni əlaqələr üçün dialoqun qurulması, sülh quruculuğu, dözümlülük, sərhədlərarası əməkdaşlıq, fəal vətəndaşlıq və şəxsi-professional inkişaf, milli dəyərlərə söykənərək qeyri formal təhsil vasitəsilə gənclərin fəal iştirakının artırılmasını hədəfləyir.

27 -31 avqust 2014-cü il tarixlərində AF Hoteldə keçiriləcək təlimdə ölkənin Şəmkir, Gəncə, Kəlbəcər, Bərdə, Qəbələ, Tovuz, Lənkəran və digər şəhər, rayonları təmsil edən 25 gənc iştirak edəcək. 5 gün müddətində davam edəcək təlimdə iştirakçılara layihə çərçivəsində hazırlanmış kitabça və poster və digər təbliğat materialları təqdim olunacaq.

Təlim kursları hazırlanmış proqrama uyğun olaraq bu sahədə beynəlxalq təcrubəsi olan yerli ekspert tərəfindən aparılır.



Teqlər:





Xəbər lenti