Unudulmaz Yaşar Nuri - 63 il (VİDEO)

Unudulmaz Yaşar Nuri - 63 il (VİDEO)
  03 Sentyabr 2014    Oxunub:2325
Bu gün xalq artisti, görkəmli kino və teatr aktyoru Yaşar Nurinin doğum günüdür.
1951-ci il sentyabrın 3-də Bakıda anadan olan Yaşar Məmmədsadıq oğlu Nuriyev Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. O, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.

Mərhum aktyor 1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Yaşar Nuriyev Milli Dram Teatrında işlədiyi illərdə repertuardan düşməyən 20-dən çox tamaşada yaddaqalan obrazlar yaradıb. Bunların sırasında Sərsəm Salman (“Dəli yığıncağı”), Məşədi Oruc (“Ölülər”, C.Məmmədquluzadə), Əbdüləli bəy, (“Sevil”, C.Cabbarlı), Ağamusa Nağıyev (“Mesenat”, Ə.Əmirli), Kürən (“Xəcalət”, H.Mirələmov) Rəhman (“Fəryad”, B.Vahabzadə), İsgəndərzadə (“Ah, Paris… Paris!..”, Elçin), Xandəmir (“Afət”, Hüseyn Cavid) və s. xüsusi yer tutur.

İstedadlı aktyor teatr sənətində böyük uğurlara görə Azərbaycan Respublikasının Lenin Komsomolu (1984), “Qızıl dərviş” (1992 və 1996) mükafatları laureatıdır. Səhnədə və ekranda yaratdığı parlaq obrazlara görə 1981-ci ildə əməkdar, 1989-cu ildə isə xalq artisti fəxri adına layiq görülüb.

2012-ci il sentyabrın 1-də respublika Prezidentinin fərmanı ilə “Şöhrət” ordeni ilə təltif edilib. Tanınmış aktyor uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də ömrünün 62-ci ilində vəfat edib.




Teqlər:  





Xəbər lenti