Azərbaycanda qıtlıq və bahalaşma təhlükəsi

Azərbaycanda qıtlıq və bahalaşma təhlükəsi
  17 Sentyabr 2014    Oxunub:4569
Bu il Azərbaycanda quraqlıq hökm sürüb. Belə ki, hava şəraitinin kəskin isti keçməsi və yağıntının olmaması ölkədə müəyyən ərzaq problemlərinə gətirib çıxara bilər.

Quraqlıq nəticəsində respublikanın bir neçə rayonunda çayların quruması müşahidə edilib. Bu cür vəziyyət məhsuldarlıq üçün kifayət etmir və baş verən quraqlıq aqrar sahəyə ziyansız ötüşməyir. Fermer hesab edirlər ki, havaların quraqlıq olması məhsul qıtlığına gətirib çıxaracaq. Bu isə bahalaşmaya səbəb olacaq.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov AzVision.az-a açıqlamasında bildirib ki, bu il havalar ötən ilə nisbətən isti keçib. Onun sözlərinə görə, uzun müddətdir dünyada qlobal iqlim dəyişikliyi baş verir.

“Bizim ölkədə də son illər havanın istiləşməsi davamlı olaraq baş verir. Bu ildə 2010-ci ildə olduğu kimi havalar kəskin isti keçdi. Dağlıq rayonlarda nisbətən yağıntı əvvəlki illərə nisbətən az oldu. Ümumiyyətlə Azərbaycanda havanın quraqlıq keçməsi bir az uyğun gəlmir. Ona görə ki, bizim ölkədə təbiət elədir ki, bir tərəfdən şimaldan Böyük Qafqaz Dağları, cənubdan Kiçik Qafqaz Dağları bizim respublikanı iqlim şəraitini tənzimləyə bilir. Digər tərəfdən də Xəzər dənizinin mövcudluğu havanın nisbətən mülayim keçməsinə şərait yaradır. Bu heç vaxt unudulmalı deyil. Sadəcə Azərbaycanda bu il hava isti keçdiyi üçün bitkilərin suvarma suyuna olan ehtiyacını artırdı.

Məsələn, əvvəl 3-4 dəfə suvarılma həyata keçirilərdisə, bu il həmin suvarmaya ehtiyac çox yarandı. Çox təəssüflər olsun ki, bu ehtiyacı ödəmək üçün vaxtında müəyyən tədbirlər həyata keçirilmədi”.

Ekspert bildirib ki, yaxın günlərdə intensiv yağışlar yağacaq və bu su bolluğu yaradacaq:

“Belə hallarda hökumətin bu sahəyə məsul olan qurumunun vəzifəsi ondan ibarətdir ki, yaranmış su bolluğundan səmərəli istifadə etsinlər. Yəni ölkədə mövcud olan su anbarları və hövzələri su bolluğu yaranan zaman artan suyun hesabına doldurulub suvarma suyu kimi saxlamaq. Onların vəzifə borcu bundan ibarətdir. Ancaq əfsuslar olsun ki, bizdə mövcud olan su anbarlarının bir hissəsi ümumiyyətlə sıradan çıxıb. Çox ciddi sızmalar mövcuddur.

Ciddi təmir olunmadığı üçün kanallarda da su sızması su itkisinə gətirib çıxarır. Keçən il su mənbəyindən 11 milyard kubmetr su götürüldüyü halda, bunun 4 milyard kubmetri itkiyə gedib. Halbuki İsrail kimi ölkə bizdən çox kənd təsərrüfatı məhsulu istehsal edir və 1.1 milyard kubmetr sudan istifadə edir. Təxminən bizdən 10 dəfə az su istifadə edirlər”.

V.Məhərrəmov qeyd edib ki, bu il ölkəmizdə suvarılma suyuna ehtiyac ödənilmədiyi üçün kənd təsərrüfatı məhsulunun istehsalında ciddi problem yaranıb. Onun sözlərinə görə, problemi yalnız quraqlıqla bağlamaq düzgün yanaşma deyil:

“Problem bizim özümüzdədi və bunun nəticəsini görürük. Qonşu İranda və Türkiyədə hava bizim ölkədən fərqli olaraq daha isti keçdi. Bu ölkələrdə kənd təsərrüfatı məhsullarının istehsalında problem yaranmadı. Azərbaycanda taxıl hətta iyun ayının təxminən 20-25-nə əsas sahələr biçilib qurtarmışdı. Ancaq suya ehtiyac elə bir müddətdə yaranmışdı ki, artıq taxıl sahələrini suvarmağa ehtiyac yox idi. Taxılın suvarılması may ayının axırına kimi yekunlaşır. Həmin müddət ərzində Azərbaycanda quraqlıq mövcud deyildi. Normal şərait var idi. Bu il biçilən taxılda ötən ilə nisbətən 25 faiz azalma olub və 700 min ton ötən ilki göstəriciyə nisbətən az taxıl istehsal etmişik. Bunuda indi gətirib quraqlıqla bağlamaq bu sahədən danışanların məlumatsız olduğundan xəbər verir. Azərbaycanda növbəti dəfə hava şəraiti isti keçib. Bitkilərin suya olan ehtiyacını nisbətən artırıb. Ancaq suvarma ilə bağlı işin düzgün qurulmaması bizim kənd təsərrüfatında çox ciddi problemlər yaradıb”.

Kənd təsərrüfatı məhsullarının qiymət artımına gəlinə, ekspert bildirib ki, bahalaşmaya məhsul qıtlığı və ötən il dekabr ayında dizelin, benzinin qiymətinin artımı səbəb olub:

“Bu il fermerlərin aqrotexniki qaydalara əməl etdikləri zaman çəkdikləri xərc artıb. Bu da öz növbəsində məhsulun maya dəyərini artırıb. Məhsulun maya dəyəri artır, amm məhsuldarlıq artmır. Məhsuldarlığı artmamasının səbəbi suvarma suyunun vaxtlı-vaxtında ödənilməməsi ilə bağlı idi. Bundan sonra da məhsuldarlıq aşağı düşəcək. Ona görə ki, toxumçuluq sahəsinə ciddi fikir verilmir. Toxumçuluq sıradan çıxıb. Növbəli əkin sistemi yaradılmıyıb. Bu əlbəttdəki getdikcə məhsuldarlığı aşağı salacaq. Həm məhsuldarlığın aşağı düşməsi, həm də çəkilən xərcin artması məhsulun satış qiymətini artırmaq üçün fermerlərə əsas verir”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti