Neft məhsullarının ixracı artır – TƏHLİL

Neft məhsullarının ixracı artır – TƏHLİL
  13 Oktyabr 2014    Oxunub:2671
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) neft məhsulları ixracını artırıb. Şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində neft emalı zavodlarından keçən ilin eyni dövrü ərzində qeydə alınmış 799,73 min tona qarşı 1,22 milyon ton məhsul ixrac edilib ki, bütövlükdə 2013-cü ildə isə əvvəlki ildəki 1,24 milyon tona qarşı 1,04 milyon ton neft məhsulları ixrac edilmişdi.

Ümumiyyətlə, 2014-cü ilin sentyabr ayında 8 min 534 ton atomobil benzini, 83 min 334 ton dizel və 19 min 174 ton təyyarə yanacağı ixrac edilmişdir ki, 2014-cü ilin yanvar-sentyabr ayları ərzində isə 9 min 280 ton avtomobil benzini, 712 min 941 ton dizel, 138 min 889 ton təyyarə yanacağı və 417 ton soba mazutu ixrac olunub. Müqayisə üçün qeyd edək ki, 2014-cü ilin avqustunda 59 ton atomobil benzini, 101 min 376 ton dizel, 19 min 933 ton təyyarə yanacağı, 239 ton soba mazutu və 70 min 452 ton vakuum qazoylu ixrac edilmişdi ki, 2014-cü ilin yanvar-avqust ayları ərzində isə bu rəqəmlər uyğun olaraq 745 ton, 629 min 606 ton, 119 min 715 ton, 417 ton və 285 min 882 ton təşkil edirdi.

Bu məhsullar sırasında diqqəti çəkən ən çox benzindir. O səbəbdən ki, keçən il ölkədə daxili tələbatın artması ilə əlaqədar benzinin ixracında problem yaranmışdı. Daxildə neftdən alınan məhsullara tələbatın durmadan artmasına əsasən, cari ildən SOCAR tərəfindən hətta xam neft ixracının da dayandırılacağı bildirilmişdi. Belə ki, ölkədə benzin başda olmaqla neft məhsullarına tələbatın son 10 il ərzində ardıcıl artmasına və bunun hər il 10-11 faiz təşkil etməsinə əsasən, xaricə satış azalmışdı.

Qurumun xaricə satdığı benzinin isə tamamilə dayandırılacağı bildirilmişdi.
Xatırladaq ki, SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov da 2013-cü ildə ölkədə benzinə tələbatın 2012-ci ilə nisbətən 10,2 faiz artmasına əsasən, ixracın dayandırılacağını bəyan etmişdi. “Çünki ARDNŞ-in vəzifəsi birinci növbədə daxili bazarın tələbatını ödəməkdir” - deyə, vitse-prezident qeyd etmişdi.

Ancaq məsələ bununla bitmirdi. İş onda idi ki, daxili bazarı yanacaq məhsulları ilə xüsusən də benzinlə təmin etmək üçün xam neft ixracını da dayandırmaq zəruri görünürdü. Çünki hasilatın enməsi də vəziyyətə təsir göstərirdi. Ölkədə SOCAR-ın tərkibində fəaliyyət göstərən neftayırma zavodları ildə 7 milyon tondan bir az artıq emal gücünə (bu zavodlarda şirkətin özünün sudan və qurudan çıxardığı neft emal olunur ki, digər hasilata aid neft isə xaricə satılır) malikdirlər ki, adı çəkilən şirkətin də illik hasilat gücüsə cəmi 8 milyon civarında təşkil edir.

Bəs, 2014-cü ilin avqustundakı 59 tona qarşı sentyabr ayı ərzində 8 min 534 ton atomobil benzini ixrac olunması nəylə əlaqədardır? Buna nə səbəb olmuşdur?
Məsələ bundadır ki, daxili bazarı təmin etməkdə çətinlik var idi. Ümumiyyətlə, ökədə neft emalı sahələrində mövcud gücü artırmaq üçün Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində 2023-2025-ci illərdə istifadəyə veriləcək yeni neft-qaz emalı kimya kompleksi işə düşməlidir.

Ancaq iş ondadır ki, narahat olmağa əsas yox idi. O baxımdan ki, daxili bazarı yanacaq məhsulları ilə təmin etmək üçün mövcud emal infrastrukturumuzun gücü hələki yetərincədir. Yəni, SOCAR-ın çıxardığı neft həcmi və emal zavodlarının potensialı buna kifayət edir.

Sadəcə, daxildə istehlaka nəzarət gücləndirilməli idi ki, əvvəllər də yazdığımız kimi ölkədə neft məhsullarına, xüsusən benzinə olan tələbatın nizamsız artımının qarşısı alınarsa və yanacaq tutumlu sahələrə güclü nəzarət olunarsa, enerji istehsalı, nəqliyyat sektorunda fəailiyyət və daşımalarda benzindən, dizeldən istifadə maksimum səmərəli təşkil edilərsə adı çəkilən neft məhsulunun da ixracını bərpa etmək mümkündür.

Bu baxımdan, məsələn, keçən il dekabrın 3-dən etibarən yanacaq məhsullarının qiymətlərinin 25-33 faiz artdıqdan dərhal sonra ölkədə cari ilin ilk 2 ayı ərzində yanacaq istehlakının 6,7 faiz azalması diqqəti çəkdi. Keçən ilin yanvar-fevral aylarında 2012-ci ilin eyni dövrünə nisbətdə 28 faizdən çox artım əldə olunduğu halda, bu ilin əvvəlindən daxili bazarda avtomobil yanacağının istehlakı azaldı.

Amma qiymətləri bahalaşdırmaq əlbəttə, yeganə çıxış yolu deyil. Azərbaycanda sözügedən məhsulların topdan və pərakəndə satış qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi və buna Tarif (qiymət) Şurasının baxması nə qədər əhəmiyyətli olsa da, bazarı operativ və düzgün idarə etmək və ona nəzarət etmək mümkünsüzdür. Ümumiyyətlə, Tarif Şurasının hər bir qərarının bazarın bütün tələblərinə cavab verdiyini düşünmək absurddur.

Təkrar edirik: Azərbaycanda sözügedən qiymətlərin dövlət tərəfindən tənzimlənməsinin böyük əhəmiyyəti var. Əks halda, xaos yarana bilər.

Ancaq bazarda tələb fasiləsiz olaraq dəyişir. Odur ki, bəzi növ yanacaq məhsullarının tariflərini buraxmaq da tələb olunan şərtlərdən idi. Bu mənada, Aİ-95 markalı benzinin qiymətinin də Aİ-98 kimi sərbəst buraxılması təqdirəlayiq oldu. Bu haqda əvvəlki şərhimizdə də yazmışdıq ki, yanacaq məhsulları sahəsində ölkənin daxili bazarında keyfiyyətə, real qiymətlərə və şəffaflığa nail olmaq istəyiriksə qiymətlərin sərbəst buraxmaq zəruridir.

Çünki dövlətin əlində onsuz da kifayət qədər tənzimləyici vasitələr vardır.
Digər səbəb isə istehsalla bağlıdır. Belə ki, Heydər Əliyev adına Bakı neft emalı zavodunda əsaslı təmir işləri həyata keçirilib başa çatdırıldıqdan sonra zavodun emal gücünün 2 milyondan 3 milyon tonadək, benzin istehsalının isə 450 min ton artacağı deyilmişdi. Təbii ki, bu, böyük rəqəmlərdir.

Düzdür, D. Məmmədov demişkən, 2014-cü ildə neft emalının keçən illə müqayisədə 5,5 faiz, yəni təxminən 300 min ton artacağı və 100 min ton əlavə benzin istehsal olunacağı, o cümlədən istehsal həcminin 1,5 milyon tona çatması idxalın aradan qaldıralacağını diqtə etmirdi. Aİ-98 və Aİ-95 markalı benzin növləri ölkəyə yenə idxal olunacaq.

Ancaq bunun da ölkədən benzin ixracının artmasına əhəmiyyətli təsiri var. O mənada ki, SOCAR-ın hasil etdiyi nefti emala yönəltməmək üçün bəzi yanacaq növlərinin, xüsusən də benzinin ölkəyə idxalı məqsəuyğun sayılır. Azərbaycanın nefti keyfiyyətli olduğundan onu daxildə istehlak etmək bizcə, düzgün deyil.

Aİ-98 və Aİ-95 markalı benzin növlərinə bizdə tələb onsuz da azdır. 2013-cü ildə cəmi 3 vaqon-sistern - 179,8 ton Aİ-98 gətirilib ki, Aİ-95 benzinin isə daxili istehlakda payı 10 faiz təşkil edir. Əsas, Aİ-92 markalı benzini artırmaqdır.
Yeri gəlmişkən, Azərbaycandan neft məhsullarının əksər hissəsi Gürcüstana ixrac olunmaqdadır.


Pərviz Heydərov
AzVision.az üçün




Teqlər:





Xəbər lenti