“Bu, Ermənistana ciddi xəbərdarlıq idi” - Bahar Muradova
Bunu AzVision.az- a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
Ermənistana məxsus helikopterin cəbhədə vurulması ilə bağlı düşmən tərəfinin səsləndirdiyi ittihamlara cavab verən B.Muradova qeyd edib ki, bu, həm Ermənistan tərəfinə, həm də bu kimi hərəkətləri dəstəkləyən beynəlxalq dairələrə xəbərdarlıqdır:
“Bu, həm də Azərbaycan ərazisində qeyri-qanuni hava limanı tikib, qeyri-qanuni uçuşlar həyata keçirmək istəyənlərə də xəbərdarlıqdır. Onlar bu xəbərdarlıqdan nəticə çıxarmalıdırlar. Belə hadisələr təkraralanarsa Azərbaycan müvafiq addımlar atacaq”.
B.Muradova Ermənistan helikopterinin vurulması ilə bağlı ATƏT sədrinin mövqeyinə də münasibət bildirib:
“ATƏT sədrinin narahat olmasını mən qəbul edirəm. Düşünürəm ki, bu narahatlıqlar bütövlükdə mövcud prosseslərdən doğur. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı məsələ bu qurumun rəsmiləri tərəfindən daha əvvəllər qaldırılmalı idi. Ermənistan tərəfi hələ işğalçı mövqelərində qalırlar. Nə qədər ki Emənistan qoşunları Azərbacan ərazisindədir, bu narahatlıqlar hər kəs üçün olacaq. ATƏT Ermənistan tərəfinin diqqətinə çatdırmalıdır ki, onlar işğal altında olan torpaqlarımızdan çıxmalıdırlar. Beynəlxalq təşkilatlar ona görə yaranıb ki, beynəlxalq hüququn prinsipləri qorunsun. Beynəlxalq təşkilatlar sülh prinsiplərini, beynəlxalq hüququn prinsiplərini pozan dövlətlərin diqqətinə çatdırmayacaqlarsa, o zaman onların işinin əhəmiyyəti nədən ibarətdir. Beynəlxalq təşkilatlar lazımlı addımları atmayacaqsa, o zaman dövlətlər özləri öz problemlərini həll etməyə çalışacaqlar. Onda da dünyada nələrin baş verəcəyini heç təsəvvür belə etmək mümkün deyil. Beynəlxalq təşkilatlar Ermənistan tərəfini məcbur etməlidirlər ki, onlar öz qoşunlarını işğal altında olan Azərbaycan ərazilərindən çıxartısınlar”.
Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
Hafiz Əhmədov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


