“Müsavatda yeni istefalar olacaq”

“Müsavatda yeni istefalar olacaq”
  14 Noyabr 2014    Oxunub:1369
“Əgər Müsavat Partiyasının hazırki rəhbərliyi vəziyyəti düzəltmək istəyirsə, bu tələbləri nəzərə almalıdır”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı partiyadakı proseslərdən narazı qrupun yaydığı bəyanatdan danışarkən deyib.

O vurğulayıb ki, partiya özü öz üzvləri ilə mübarizə aparmamalıdır:

“Partiya daxilində təkhakimiyyətlilik qurub və bunun verdiyi üstünlüklərdən istifadə etməməlidir. Qurultaydan keçən müddət ərzində “kim mənim fikrimlə razılaşmırsa, düşmənimdir” prinsipi ilə yanaşmanın şahidi oluruq. Buna bariz nümunə kimi MNTK-nın sonuncu qərarını göstərmək olar. Bu, siyasi qərar idi, çünki şəxsi yazışmaya görə kiminsə partiyadan qovulması halı ilk dəfə baş verir. Bizdə məlumat var ki, bu zəmində digər cəzalandırma metodları da düşünülüb. Ola bilsin ki, yaxın günlərdə həyata keçirilsin”.

Arif Hacılıdan narazıların fraksiya yaratmasına gəlincə, Tural Abbaslı bildirib ki, bu istiqamətdə İşçi qrupun artıq bir iclası keçirilib. Sabah baş tutacaq növbəti iclasda isə texniki məsələlər müzakirə olunacaq:

“Çalışacağıq ki, fraksiya tez bir vaxtda yaransın və partiyadaxili demokratiyanın formalaşmasına töhfə versin. Əks təqdirdə bunu həyəcanla qeyd edirəm ki, istefalar ola bilər, insanlar küsüb gedə bilər. Ən azından Hikmət Hacızadənin verdiyi bəyanatdan mesaj almaq lazım idi. Düşünürəm ki, fraksiya məsələsi nə qədər uzansa Hikmət bəy kimi düşünənlərin sayı artacaq və onlar fəaliyyətini dondurmaqla kifayətlənməyəcək, partiyadan gedəcək”.

Başqanlığa keçmiş namizəd hesab edir ki, partiyadan xaric olunmuş Kamil Xəlilbəylinin partiya qarşısında piket keçirmək fikri məqsədəuyğun deyil: “Partiya üzvlərinin, ümumiyyətlə Azərbaycan cəmiyyətinin indiki düşüncəsi ilə müsbət qarşılanmayacaq addım olar. Bunu düz başa düşməyə bilərlər. Piket və bu kimi qərarların tez olduğunu düşünürəm. Müsavatçılar öz qərargahları önündə piket eləslər, bu, həm opponentlərimiz, həm də rəqiblərimizin əlində Müsavat əleyhinə silah olacaq və müsbət nəticə verməyəcək. Amma onları da qınamıram, hərə bir cür haqsızlıqla mübarizə aparır”.

Qeyd edək ki, Müsavat başqanı Arif Hacılıdan narazı qrupun bu gün yaydığı bəyanatda qeyd olunur ki, partiya daxili demokratiyanın inkişafı üçün yaradılan baryerlər aradan qaldırılsın, partiya üzvlüyündən çıxarılmış Elman Elxanoğlunun, Məhəbbət Muradovun və Kamil Xəlilbəylinin hüquqlarının bərpası olunması üçün konkret addımlar atılsın və partiyada ikitirəliyə, bölüşdürücülüyə şərait yaradan və həmrəyliyə əks mövqe ifadə edən bəyanatların qəbuluna son qoyulsun.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti