TV-lərin narazı qaldığı qanun layihəsi

TV-lərin narazı qaldığı qanun layihəsi
  14 Noyabr 2014    Oxunub:2322
“Bu gün Milli Məclisdə yeni hazırlanan “Reklam haqqında” qanun müzakirə olunub”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

V.Əhmədovun sözlərinə görə, bu qanun layihəsi ilə bağlı təkliflər var və onun üzərində işləyirik:

“Hələ bu qanun qəbul olunmayıb və dəyişikliklər olacaq. Yenidən bu qanunla bağlı müzakirələr olacaq və təkliflərin hər biri nəzərə alınacaq. Ümumilikdə bu qanun qəbul olunmalıdır. Müəyyən məsələlər var ki, onlar öz həllini tapmalıdır. Bəzi təkliflər var və onları nəzərə alacağıq”.

Qeyd edək ki, “Reklam haqqında” qanun layihəsi 17 ildən sonra ilk dəfə olaraq yenidən hazırlanıb. Yeni hazırlanan qanun layihəsi haqqında daha çox narazılıqlar müşahidə olunur. Əsasən telekanallar yeni hazırlanan qanun layihəsində onlara qarşı qadağaların olduğunu deyirlər.

Belə ki, hazırda telekanallar hər bir saat ərzində 12 dəqiqə reklam verə bilirdilərsə, yeni qanun layihəsində bu rəqəm 9 dəqiqəyə endiriləcək. Həmçinin yeni qanunda televiziyalarda gizli reklamların qadağan olunması təklif olunur. Telekanallar isə yeni qanun layihəsinin qəbul olunacağı halda gündəlik gəlirlərinin 35 faiz aşağı düşəcəyini deyirlər.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti