Bankomat oğrularına hökm - 45 il həbs

Bankomat oğrularına hökm - 45 il həbs
  14 Noyabr 2014    Oxunub:1727
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən şəxslər – Tahir Tahirov, Elnur Tahirov, Cəmil Ələkbərov, Rahid Zamanov və Məhərrəm Alırzayevin cinayət işi ilə bağlı məhkəmə prosesi baş çatıb.
Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə müttəhimlərə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə T. Tahirov 10, E. Tahirov 9, C. Ələkbərov 9, R. Zamanov 8, M. Alırzayev isə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Xəzər rayonu ərazisində baş verib. Beynəlxalq Banka məxsus bankomatdan oğurluğa cəhd göstərmiş Bilgəh qəsəbə sakinləri Məhərrəm Alırzayev, Elnur Tahirov və qardaşı Tahir tutulub.

Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların martın 26-da Qaz İstismar Sahəsinin otağından qapını sındırmaq yolu ilə "Modemis" MMC-yə və "Komtek LTD" MMC-nə məxsus "Paypoint" ödəniş aparatlarını və aprelin 19-da 4 saylı Qaz İstismarı Sahəsinin inzibati binasından pəncərədən girmək yolu ilə "Voys" şirkətinə məxsus "Paypoint" ödəniş terminalından 1592 manatı oğurlamaları, aprelin 25-də Binə qəsəbəsi Milli Aviasiya Akademiyasının qarşısındakı yeraltı keçiddə olan "Voys" şirkətinə məxsus "Paypoint" ödəniş terminalından isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Yuxarıda sadalanan cinayət əməllərində şübhəli bilinən Rahid Zamanov və Cəmil Ələkbərov da saxlanılaraq məsuliyyətə cəlb edilib.(lent.az)


Teqlər:





Xəbər lenti