`Biz xalqımız üçün çalışırıq` - İlham Əliyev

`Biz xalqımız üçün çalışırıq` - İlham Əliyev
  16 Noyabr 2014    Oxunub:1827
`Dövlətimiz daha da güclü olmalıdır...`

“Sahibkarlığı inkişaf etdirmək üçün hər il mənim rəhbərliyimlə geniş müşavirə keçirilir, həm siyasi dəstək verilir, həm iqtisadi məsələlər öz həllini tapır. İnfrastruktur layihələri, - elektrik stansiyaları, kənd yolları, içməli su layihələri, - bütün bu layihələr ölkəmizin çoxşaxəli inkişafını təmin edir və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir”.

AzVision.az xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev Şəmkirçay su anbarının açılış mərasimində bildirib.

Ölkə başçısı çıxışında qeyd edib ki, kənd təsərrüfatının, sahibkarlığın inkişafı bizim üçün prioritet istiqamətlərdir.

“Biz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməliyik. Bu istiqamətdə çox önəmli addımlar atılır. Özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin etmək üçün biz artıq bu hədəfə yaxınlaşırıq. Ərzaq təhlükəsizliyimizin tam şəkildə təmin edilməsi, ixrac potensialımızın artırılması gələcəkdə həm iş yerlərinin yaradılmasına, eyni zamanda, insanların rifah halının yaxşılaşmasına xidmət edəcəkdir.

Hazırda biz yeni ixrac bazarlarına çıxmaq üçün çalışırıq. Yeni imkanlar var və biz bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik. Əlbəttə ki, kənd təsərrüfatı məhsullarımızı ixrac bazarlarının mümkün olan və gələcəkdə mümkün olacaq potensialına da uyğunlaşdırmalıyıq. Bütün işlər planlı şəkildə aparılır. İlk növbədə, daxili tələbat 100 faiz daxili istehsal hesabına təmin edilməlidir. Bununla paralel olaraq biz yeni bazarlara və ənənəvi bazarlara daha böyük həcmdə məhsulla çıxmalıyıq. Beləliklə, növbəti illərdə kənd təsərrüfatının inkişafı dinamik olacaq, bölgələrdə iş yerləri açılacaq, işsizlik daim çox aşağı səviyyədə olacaq. Görülən tədbirlər və xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. Son 10 il ərzində 1 milyon 300 min yeni iş yeri açılmışdır ki, bu da özlüyündə ölkəmiz üçün böyük imkanlar yaradır”.

Prezident diqqətə çatdırıb ki, sahibkarlığın inkişafı dövlətin diqqət mərkəzindədir.

“Hesab edirəm ki, sahibkarlar da bu gözəl imkanlardan istifadə edəcəklər. Biz bu gün paralel olaraq su elektrik stansiyasının açılışını qeyd etdik. Bu da çox gözəl layihədir. Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin etmişdir və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edir, böyük rol oynayır. Bu rol getdikcə artacaq, ancaq, eyni zamanda, biz çalışmalıyıq ki, öz enerji güclərimizi artıraq, o cümlədən bərpa olunan enerji növləri hesabına. Bu istiqamətdə də böyük işlər görülür. Su elektrik stansiyaları tikilir. Artıq kiçik olsalar da, günəş elektrik stansiyaları tikilməkdədir. Ancaq bərpa olunan enerji növləri arasında əlbəttə ki, hidroenergetika prioritet təşkil edir. Son illərdə bir neçə gözəl layihə icra edilmişdir.

Bax, Azərbaycan dövlətinin bu işlərə yanaşması bundan ibarətdir. Biz enerji, nəqliyyat təhlükəsizliyimizi təmin etmişik. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir. Böyük infrastruktur layihələrini icra etmişik”.

Ölkə başçısı çıxışında görülən işlərdən geniş söz açıb, prioritet məsələləri diqqətə çatdırıb:

“Coğrafi vəziyyətimiz elədir ki, biz nəinki regionda, dünya miqyasında nəqliyyat mərkəzi olmalıyıq. Bu yaxınlarda Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması vəŞərq-Qərb qədim ipək yolunun bərpası üçün önəmli qərarlar verilmişdir. Bununla yanaşı, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyi bizim əsas məsələlərimizdir.Bu məsələlərin həlli, həmçinin regional əməkdaşlığa da böyük təkan verəcək.

Azərbaycan regional əməkdaşlıq məsələlərində lider rolunu oynayır. Burada nəqliyyat, energetika, təbii qaz layihələri əlbəttə ki, üstünlük təşkil edir və bütün bu məsələlər nəticədə regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət göstərir. Bir daha demək istəyirəm ki, Azərbaycanda bütün bu işlərə dövlət dəstəyi verilir. Bütün bu layihələr planlı şəkildə icra edilir.

Ancaq uzunmüddətli strategiyanı düzgün müəyyən etdikdə biz gözəl nəticələrə çata bilərik. Çünki bu nəhəng infrastruktur layihələri çox vaxt aparır. Ona görə 2005-ci ildə Sərəncam imzalandı, 2009-cu ildə işlər başladı, 2014-cü ildə isə biz artıq bu layihənin başa çatmasını qeyd edirik. Bu, yüzilliklər ərzində Azərbaycana xeyir gətirəcək, iqtisadi potensialımızı möhkəmləndirəcək. Əlbəttə ki, su kanallarının tikintisi bundan sonra da davam etdirilməlidir. Hazırda tikilən kanallar dediyim həcmdə yeni torpaq sahələrini əhatə edəcək. Ancaq yeni, gələcək planlar var və biz suvarılan torpaqların həcmini daha da artıra bilərik. Kanalların tikintisi nəticəsində təqribən iyirmi, bəlkə də otuz min hektar əlavə torpaq sahəsi suvarıla bilər. Bu layihə dörd rayonunsahəsini əhatə edir - Şəmkir, Göygöl, Samux, Goranboy. Bu rayonlarda kənd təsərrüfatının inkişafı əlbəttə ki, bu layihənin icrası nəticəsində daha da sürətlə gedəcək. Bir məqamı da qeyd etmək istəyirəm, eyni zamanda, bu layihədən insanlar da içməli su kimi istifadə edəcəklər. Şəmkir və Gəncə şəhərlərinə, o cümlədən Samux rayonunun bir neçə yaşayış məntəqəsinə içməli su veriləcək. Bu, təmiz içməli sudur, keyfiyyətlidir, təbiidir və bu layihədə böyük Şəmkirçay kompleksinin tərkib hissəsidir.

Suvarma, meliorasiya, kənd təsərrüfatı, sahibkarlıq, enerji təhlükəsizliyi, içməli su, yəni, insanların sağlamlığı və inkişaf. Bax, budur bir layihədə cəmləşən amillər.Bir daha onu demək istəyirəm ki, ancaq Azərbaycan dövlətinin güclü iradəsi, düşünülmüş siyasəti, planlı şəkildə apardığı siyasət nəticəsində bu layihələrin icrası mümkün olmuşdur. Dünyada maliyyə və iqtisadi böhran davam edir. İnvestisiya qoyuluşu böyük dərəcədə aşağı düşüb. Bəzi ölkələrdə maliyyə böhranı kəskinləşir. Neft-qaz ilə zəngin olan ölkələr də yəqin ki, neftin qiymətinin kəskin şəkildə düşməsindən narahatdırlar, bu da təbiidir.

Ancaq buna baxmayaraq, Azərbaycan böyük infrastruktur, investisiya layihələrini icra edir. Nə üçün? Çünki bizim xalqımıza, dövlətimizə lazımdır. Dövlətimiz daha da güclü olmalıdır. İqtisadiyyat daha da çoxşaxəli olmalıdır. Neft-qaz amilindən asılılıq daha da azalmalıdır. Biz bu layihələrin icrası ilə bir daha göstəririk ki, ancaq müstəqillik dövründə Azərbaycan sürətlə inkişaf edə bilər. İki yüz ilə yaxındır ki, Azərbaycan nefti dünyada tanınır. Hasilatın əvvəlində dünya üzrə neftin bəlkə də 70 faizi Azərbaycanın payına düşürdü. İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti sovet enerji potensialının 70-80 faizini təşkil edirdi”.

Ölkə başçısı həmçinin vurğulayıb ki, Azərbaycan müstəqilliyə qovuşanda ölkədə neft sənayesi dağılmış vəziyyətdə idi. Köhnə yataqlarda iş getmirdi. Hər tərəf ekoloji fəlakətə bənzəyirdi. Bakının ətrafını yada salaq. Bibiheybət mədənləri bir ekoloji fəlakət idi. Qaraşəhər, Böyükşor gölü, digər Balaxanı mədənləri nə gündə idi?! Yəni, bizə, müstəqil dövlətə bu qaldı. Neftin hasilatı kəskin şəkildə aşağı düşmüşdü. Biz özümüzü təbii qazla təmin edə bilmirdik. Baxmayaraq ki, sovet vaxtında Azərbaycandan təbii qaz həm Ermənistana, həm Gürcüstana ötürülürdü, biz isə təbii qazı xaricdən almağa başlamışdıq. Bu idi müstəqilliyimizin əvvəlində müşahidə olunan mənzərə. Ona görə bir daha demək istəyirəm ki, biz buna ancaq müstəqillik dövründə nail ola bilmişik. Çünki bizim taleyimiz öz əlimizdədir.

“Azərbaycan xalqı söz sahibidir. Azərbaycan xalqın iradəsi ilə idarə olunur. Azərbaycan dövləti lazım olan belə nəhəng layihələri xalqımız, dövlətimiz üçün icra edir və bundan sonra da edəcək. Çünki biz güclü dövlətik. Biz son illərdə iqtisadi və siyasi islahatlar nəticəsində dünya miqyasında böyük hörmət qazanmışıq. Davos İqtisadi Forumunun hesablamalarına görə biz rəqabətqabiliyyətlilik üzrə dünya miqyasında 38-ci yerdəyik. Biz beynəlxalq nüfuz qazanmışıq və iki il dünyanın ən mötəbər qurumu – BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət göstərmişik və prinsipial ədalətə, beynəlxalq hüquqa söykənən mövqeyimizi orada ifadə etmişik. Budur müstəqilliyin nəticələri və Azərbaycan xalqı bunu görür, bilir, qiymətləndirir.

Biz xalq üçün, dövlətimizin möhkəmləndirilməsi üçün çalışırıq və bundan sonra da çalışacağıq.

Əminəm ki, gələcəkdə belə böyük layihələrin sayı artacaq. Bizim böyük planlarımız var. Gələcəyə baxışlarımız çox nikbindir. Azərbaycanın inamlı, sürətli inkişafı davam edəcək və biz bütün məqsədlərə çatacağıq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti