Bakıda 3 məktəb bağlanıb

Bakıda 3 məktəb bağlanıb
  17 Noyabr 2014    Oxunub:1785
Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 300 tam orta, 3 ümumi orta, 7 xüsusi, axşam (qiyabi), 4 sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəb olmaqla, cəmi 314 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 339 min 771 şagirdin təlim-tərbiyəsi ilə 28068 müəllim məşğul olur.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 illik fəaliyyətinə dair hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, təhsilin inkişafı üçün tələb olunan şərtlərdən biri təhsilin maddi - texniki bazasının inkişaf etdirilməsi, yüksək səviyyəli təhsil mühitinin yaradılmasıdır. Bu baxımdan ölkəmizdə təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, təkcə ötən tədris ilində Bakı şəhərində 65 məktəbdə cari təmir, 28 məktəbdə əsaslı təmir və tikinti işləri aparılmışdır. Eyni zamanda, 13 məktəbdə digər tikinti (korpus, idman, akt zalı, yeməkxana) işləri həyata keçirilib.

Eyni zamanda hesabatda qeyd olunub ki, Bakı şəhərində ümumtəhsil müəssisələrinin rasionallaşdırılması və təhsil infrastrukturunun səmərəli istifadəsi tədbirləri çərçivəsində uzun illər potensial şagird tutumundan dəfələrlə az şagird sayı ilə fəaliyyət göstərdiyinə və perspektivdə şagirdlərin artımı proqnozlaşdırılmadığına görə 152, 172, 88 saylı məktəblərin fəaliyyəti dayandırılıb. Şagird və müəllimlər yaxın məktəblərə yerləşdirilib. Binalarında əsaslı təmir və tikinti işləri aparılan digər təhsil müəssisələri isə bu məktəblərin binalarında yerləşdirilib.

189, 190 saylı məktəblər və 5, 292 saylı məktəblər isə ərazi baxımından yaxın yerləşməsi və birində nəzərdə tutulduğundan artıq, digərində isə az şagird təhsil aldığı üçün şagird sayının balanslaşdırılması, idarəetmənin təkmilləşdirilməsi və optimallaşdırılması üçün birləşdirilib.

Cari tədris ilində anoloji tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti