`Heç bir dində belə vəhşilik yoxdur`- İlham Əliyev

`Heç bir dində belə vəhşilik yoxdur`- İlham Əliyev
  18 Noyabr 2014    Oxunub:2269
“Dünyanın kütləvi informasiya vasitələrində dinimizi süni surətdə ləkələmək, İslamı terrorçuluqla, ekstremizmlə eyniləşdirmək cəhdləri bizi çox narahat edir”.

AzVision.az xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşündə bildirib.

Ölkə başçısı qeyd edib ki, qarşılıqlı hörmət, beynəlxalq hüquq, ədalət, dini dəyərlər dünyanın müsbət istiqamətdə inkişafı üçün mühüm təməldir:

“Təəssüf ki, biz bunun əksini görürük. Qafqazda həm təhlükəsizliyi, həm əməkdaşlığı, həm də inkişafı birgə səylərlə möhkəmləndirəcəyik. Bir daha sizi səmimi qəlbdən salamlayıram. Ümid edirəm ki, sizin bu konfransda iştirakınız xoş və faydalı olacaq”.

Bu da Azərbaycanda din, vicdan azadlığının və tolerantlığın bir nümunəsidir. Bu da Sizin bizim üçün yaratdığınız bir şəraitdir. Ona görə də Sizə minnətdarlığımızı bildiririk”.

Prezident İlham Əliyev isə dedi: “Çox sağ olun. Mən bir daha Qafqazda sabitliyin, təhlükəsizliyin, inkişafın möhkəmləndirilməsi işində rolunuza görə minnətdarlığımı bildirirəm”.

Dövlət başçısı İlham Əliyev Azərbaycan və Şimali Qafqaz xalqları arasında tarixən dostluq münasibətlərinin hökm sürdüyünü deyib.

Azərbaycanda yaşayan Şimali Qafqaz xalqlarının, Şimali Qafqaz respublikalarında yaşayan azərbaycanlıların bu dostluğun daha da möhkəmləndirilməsində mühüm rol oynadıqlarını vurğulayan dövləti başçısı qeyd edib:

“Konfrans Murtuza Muxtarovun evində keçirilir. O, Azərbaycanın ən zəngin adamlarından biri və mesenat olub. Bu evi də o, həyat yoldaşına hədiyyə kimi inşa etdirib. Onun həyat yoldaşı Osetiyadan idi. O, həmçinin öz vəsaiti hesabına Vladiqafqazda məscid tikdirib. O, çox ləyaqətli insan idi. O, faciəvi şəkildə həlak olub. Bolşevik inqilabından sonra əsgərlər onun evinə soxularaq, onu öz evindən çıxarmaq istəyirdilər. Çünki Bakının əksər tarixi binalarını varlı insanlar tikdiriblər. Onların əksəriyyəti ləyaqətli insanlar idi. Onlar sərmayə qoyaraq məktəblər, xəstəxanalar inşa etdirirdilər. Bizim indiyədək istifadə etdiyimiz Şollar su kəməri varlı adamlardan biri və mesenat Zeynalabdin Tağıyevin vəsaiti hesabına tikilmişdir. O zaman Murtuza Muxtarov quldurlara mənzilini ləkələməyə imkan vermədi. Silahı çıxararaq hücum edənlərin bir neçəsini məhv etdi və özü də həlak oldu. Əhvalat bax belə olub.

Sovet dövründə, təbii ki, hər şey milliləşdirilib. Orada müxtəlif kontorlar fəaliyyətgöstərib. Sonra ora nikah evi kimi fəaliyyətgöstərərək “Səadət” sarayına çevrildi. Mənim də nikahım orada qeydiyyata alınıb. Sonralar bu ev pis vəziyyətə düşmüşdü. Biz bir neçə il ərzində oranı bərpa etdik. Çünki binanın tarixi hissəsini qoruyub saxlamaq və yeniləşdirmək lazım idi. İndi bura, həm də nikahların qeydə alındığı saray kimi fəaliyyət göstərir. Burada rəsmi nikah mərasimləri, həmçinin müxtəlif dövlət tədbirləri keçirilir”.

Prezident qeyd edib ki, Azərbaycanda bütün tarixi məscidlər bərpa olunub, son illər ərzində yüzlərlə yeniləri tikilib:

“Ancaq ürək ağrımız odur ki, işğal edilmiş ərazilərdə, Dağlıq Qarabağda, Şuşada məscidlər dağıdılıb. İnternetdə fotoşəkillər də var. Erməni işğalçı qüvvələri, həmçinin Ağdam məscidini və bir çox digər məscidləri dağıdıblar. Bakıda isə biz erməni kilsəsini bərpa etmişik. Şəhərin mərkəzindədir. Hamı baxa bilər. Bax, bu, kimin hansı niyyətlərlə yaşadığını göstərir. Sizin müzakirə etdiyiniz mövzunun nəticəsi bax, elə budur - tolerantlıq. Hətta müharibə şəraitində bəşəri və dini normaları pozmaq olmaz. Təəssüf ki, biz bununla qarşılaşırıq. Dağıdılmış məscidlərimiz vandalizmin sübutudur. Digər hallarda da ümumbəşəri davranış və mənəviyyat normaları elə bu cür pozulub. Bir neçə il əvvəl bizim bir qəhrəman şəhid olub. O, təkbaşına 10-dan çox işğalçını məhv edib. Özü də həlak olub. Aşkar ölümə gedib. Onun cəsədini bir neçə ay qaytarmırdılar. Təsəvvür edirsiniz, bir neçə ay! Heç bir dində belə vəhşilik yoxdur. O, qəhrəmandır, öz torpağını müdafiə edirdi, öz torpağında həlak oldu. O, yad yerdə həlak olmamışdır. Bax, belə epizodlar, əlbəttə ki, Qafqazdakı vəziyyəti ağırlaşdırır. Biz - Qafqazda minilliklər boyu yaşayanlar, yeni köçənlərdən fərqli olaraq, ənənələrimizi qoruyuruq və qoruyacağıq. Biz xalqlarımızın həyatını daha da yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.

AzVision.az



Teqlər:  





Xəbər lenti