Kəlbəcər girovları “Skype”la danışa bilərlər?

Kəlbəcər girovları “Skype”la danışa bilərlər?
  18 Noyabr 2014    Oxunub:2698
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Azərbaycan vətəndaşlarına yenidən baş çəkəcək.
Bu barədə AzVision.Az-a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova açıqlaqma verib. O, qeyd edib ki, BQXK saxlanılan azərbaycanlılarla onların ailələri arasındakı əlaqələrin yenidən qurulmasını təmin edəcək:

“Sonuncu başçəkmə noyabrın 5-də baş tutub. BQXK öz mandatına uyğun olaraq saxlanılan şəxslərlə yenidən görüşəcək”.

İlahə Hüseynova girovlarla ailələri arasında canlı video danışıqların baş tutmasının mümkünlüyü də qeyd edib:

“BQXK-nin mandatına uyğun olaraq saxlanılan şəxslərin ailələri ilə əlaqələr bərpa edilməlidir. Əlaqələrin bərpası zamanı ilk növbədə Qızıl Xaç məktubu nəzərdə tutulur. Başqa komunikasiya vasitələri isə tərəflərin razılaşmasından aslıdır. Videogörüntülərlə də ailələr və girovlar arasında əlaqələr bərpa edilə bilər”.

O, qeyd edib ki, girovlarla ailələr arasında əlaqələr tərəflərin razılaşmasından aslı olaraq “Skype” və digər vasitələrlə də yenidən bərpa oluna bilər.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti