Azay Quliyev 10 milyon təklif etdi, spiker dəstəklədi

Azay Quliyev 10 milyon təklif etdi, spiker dəstəklədi
  18 Noyabr 2014    Oxunub:4784
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bu gün Milli Məclisin 2015-ci il dövlət büdcəsinin müzakirələri zamanı bir çox təkliflər verib.
AzVision.az xəbər verir ki, millət vəkili çıxışı zamanı QHT-lərlə bağlı müəyyən dəyişikliklər olduğunu deyib:

“Deyə bilərəm ki, bu dəyişikliklər zəruridir. QHT sektorunun illik büdcəsi təxminən 35 faizi xaricdən daxil olan maliyyələr hesabına formalaşır. Bu rəqəm 23 milyon 500 min manat civarındadır. Bununla da bu sahədə şəffaflıq tam şəkildə təmin olunmurdu və təhlükəsizliyimiz təhdid olunur”.

A.Quliyev QHT Şurasına ayrılan vəsaitin az olmasından şikayətlənib:

“Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının büdcəsi artaraq 6 milyon olub. Bunun da 1 milyon 400 mini katiblik və şurasının saxlanmasına sərf olunacaq. Lakin yenə də vəsait azlıq təşkil edir. Maliyyə Nazirliyinə bu vəsaitin gələcəkdə ilkin mərhələdə 10 milyona çatdırılmasını istəyərdim”.

Millət vəkili həmçinin evdə fərdi təhsil müəllimlərinin üzləşdiyi çətinliklərlə bağlı təklifini bildirib:

“Belə ki, onların əmək haqlarına əlavə 50 faiz ödənilməsində problemlər yaranır. Həmin ailələrə 20 manatlıq müavinət verilir. Müəllimlərə ödənən 50 faizin kəsilməməsi üçün qərar verilsin”.

Spiker Oqtay Əsədov isə millət vəkilinin QHT-lərlə bağlı irəli sürdüyü təklifi müsbət dəyərləndirib:

“Maliyyə naziri Samir Şərifovdan bu məsələni nəzərə saxlamasını xahiş edirəm. Düzdür, Milli Məclisdə QHT-lərlə bağlı qanun layihələri qəbul olundu. Çünki Azərbaycanda QHT bazarında boşluqlar var. Bir çox nazirlik pul ayırır. Buna dövlət səviyyəsində baxmaq lazımdır. Bu məsələni diqqətdə saxlamaq lazımdır”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti