Zakir Qaralov :`Prokurorluqda köklü islahatlar aparılır`

Zakir Qaralov :`Prokurorluqda köklü islahatlar aparılır`
  18 Noyabr 2014    Oxunub:1714
Noyabrın 18-də Baş prokuror Zakir Qaralov Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) ali qurumu - üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasında iştirakı ilə bağlı ölkəmizdə səfərdə olan Malayziya Krallığının Baş nazirinin Aparatında nazir Pol Lou Senq Kuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları səmimi salamlayan Baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və mühüm tərəfdaş və dost ölkə kimi ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edərək ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin davam etdirilməsi və köklü islahatların aparılması barədə ətraflı məlumat verib.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayan Baş prokuror Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin, o cümlədən Malayziya Krallığının Antikorrupsiya Komissiyası ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirdiyini bildirib.

Görüşdə Pol Lou Senq Kuan göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib, ölkəmizin məhkəmə, habelə prokurorluq orqanları ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasında böyük maraqlarının olduğunu bildirib.

Ölkəsinin BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilərkən Azərbaycan Respublikasının verdiyi dəstəyə görə Krallığın Baş nazirinin təşəkkürünü diqqətə çatdıran qonaq respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini xüsusi qeyd edərək, məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov çıxış edərək dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat verib.

Malayziya Antikorrupsiya Komissiyasının Baş Komissarı Abu Kassim Mohamed ölkələrimizin antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlığından məmnunluğunu ifadə edərək öz təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların nümayəndələri üçün mütəmadi olaraq beynəlxalq tədbirlərin təşkil olunduğunu və bu tədbirlərdə Azərbaycanlı həmkarlarının aktiv iştirakını xüsusi vurğulayıb.

Görüş çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Malayziya Antikorrupsiya Komissiyası arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanması barədə razılıq əldə edildi.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb və iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Sonra qonaqlar Baş Prokurorluğun Tarix muzeyi ilə tanış oldular. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, eyni zamanda ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş guşə və eksponatlar onlarda xüsusi təəssürat oyatdı.


Teqlər:  





Xəbər lenti