`Hər kəs vəzifəsini vicdanla həyata keçirsə...` - Novruz Məmmədov

`Hər kəs vəzifəsini  vicdanla həyata keçirsə...` - Novruz Məmmədov
  19 Noyabr 2014    Oxunub:1152
"Dünyada hər kəs vəzifəsini vicdanla həyata keçirsəydi, belə gərgin vəziyyət yaranmazdı. Qərb ikiqütblü dünya dağılandan sonra bütün proseslərə geosiyasi yanaşma ortaya qoydu, maraqlar əsas götürüldü, nəticədə dünyada belə gərgin vəziyyət yarandı. Azərbaycana qarşı atılan addımlar barədə isə bir saat yox, günlərlə danışmaq olar. Məsələn, 5 gün əvvəl Azərbaycanın işğal altındakı ərazisində hərbi təlim keçirildi".

AzVision.az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “QHT əməkdaşlığının nailiyyətləri və gələcək perspektivləri” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov xatırladıb ki, bir ay əvvəl Rusiya Ukrayna sərhədindən 150 km uzaqda hərbi təlim keçirirdi: "Qərbdə bu təlimin məqsədi, kimə təhdid yaratması ilə bağlı həyəcanlı bəyanatlar səsləndi, müzakirələr aparıldı. Bəs niyə Azərbaycanın işğal olunmuş ərazisində aparılan təlimlərlə bağlı belə münasibət ortaya qoyulmadı? Azərbaycan həmin ərazilərdə 1994-cü ildən uçuşlara qadağa qoyub, bunu yada salan yoxdur. Niyə beynəlxalq QHT-lər münasibət ortaya qoymadı? Hətta bu gün də Qərb mediasında baş verən hadisə təhrif olunmuş formada çatdırılır. Bütün bunları ona görə deyirəm ki, bura əməkdaşlıq üçün yığışmışıq. Bu cür proseslər dünyada gərgin vəziyyəti yaradan əsas səbəblərdir. Niyə Azərbaycanın ərazisində separatçı qurum, yaxud Ermənistan təlim keçirməlidir? Biz Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Qərbdən ədalətli mövqe istədik. ATƏT-in Minsk qrupunun həmsədrləri niyə uğurlu addım ata bilmirlər? Çünki ATƏT-in Minsk qrupunun həmsədrləri də beynəlxalq hüququ kənara qoyublar. Onlar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi barədə də heç vaxt danışmırlar. Azərbaycanın Dağlıq Qarabağ ərazisi, ətrafdakı 7 rayon işğal olunub, yüz minlərlə insan əsas hüquqlarından məhrum olub. Niyə beynəlxalq QHT-lər bunu demir? Postsovet məkanında yaranan dövlətlərə baxın, o dövlətlərin hamısı Qərbə inteqrasiya olunmaq istəyirdi. Ancaq indi o dövlətlər deyir ki, Qərbdən isti münasibət görmürlər”.

N.Məmmədov daha sonra qeyd edib ki, Ermənistan son məqama qədər Avropa İttifaqı ilə “Assosiasiya sazişi” imzalamaq istədiyini bəyan etsə də, Ermənistan Prezidenti son gündə başqa ittifaqa daxil olduqlarını açıqlayıb: “Ukraynada Yanukoviç bir qədər vaxt istəyirdi, Ukraynada nələr baş verdi? Dünyada ədalət olmasa, beynəlxalq hüquqdan danışmaq olmaz. Belə məsələlər bu gün Azərbaycanı çox narahat edir. ATƏT-in Minsk qrupunun fəaliyyəti belə davam edərsə, biz bəlkə öz iradəmizlə bunu etməyə çalışaq? Bu, bizim hüququmuzdur. Hərbi təlimlər Azərbaycana qarşı təxribat idi. Ermənistanın hərbi helikopteri Ağdam rayonunda bir neçə dəfə əsgərlərimizin üstündən uçub, hətta əsgərlər imkan tapıb, onu videoya da çəkiblər”.


Teqlər:  





Xəbər lenti