Rus qatarları Azərbaycandan niyə imtina edir? - AÇIQLAMA

Rus qatarları Azərbaycandan niyə imtina edir? - AÇIQLAMA
  09 Dekabr 2014    Oxunub:2787
“Rusiya Dəmir Yolları özünə məxsus olan qatarların hərəkətini dayandırır”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əziməmmədov deyib. Onun sözlərinə görə, Rusiya tərəfi Azərbaycan istiqamətində qatarların hərəkətini iqtisadi cəhətdən səmərəli olmadığına görə dayandırdıqlarını deyir:

“Buna baxmayaraq, bizim ölkəmizə məxsus qatarlar həmin istiqamətdə hərəkətlərini davam etdirəcəklər. Yalnız Tümenə gedən qatar Mahaçqaladan gedəcək. Həmin istiqamətdə hərəkət etmək istəyən sərnişinlər biletlərini bizdən alacaqlar. Bakı-Moskva, Bakı-Xarkov qatarı ilə Mahaçqalaya qədər gedəcəklər və oradan Mahaçqala-Tümen qatarı ilə yollarını davam etdirəcəklər”.

Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamenti sərnişinlərin nəzərinə çatdırır ki, 16 dekabr 2014-cü ildən Şimal istiqamətdə hərəkət edən,"Rusiya Dəmir Yolları" ASC-yə məxsus bəzi sərnişin qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır. "Rusiya Dəmir Yolları" ASC-nin məlumatına əsasən, 16.12.14-cü ildən etibarən Rusiya dəmir yollarına məxsus 392/391 №-li Rostov-Bakı, 18.12.2014-cü ildən etibarən 374/373 №-li Tümen-Bakı, 20.12.2014-cü ildən etibarən isə 96/95 №-li Moskva-Bakı sərnişin qatarlarının hərəkəti iqtisadi cəhətdən səmərəli olmadığına görə dayandırılır. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamenti sərnişinlərin nəzərinə çatdırır ki, Tümen-Bakı sərnişin qatarının əvəzinə 14.12.2014-cü ildən etibarən, 373-/374 №-li Tümen-Mahaçqala qatarı təyin olunacaq. Həmin qatara və Rusiya və MDB Dəmir Yolları ərazisində hərəkət edən digər sərnişin qatarlarına bilet satışı Bakı-sərnişin stansiyasının 2 №-li kassasından həyata keçiriləcək.

Sərnişinlərin nəzərinə o da çatdırılır ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 55-56 saylı Bakı-Moskva sərnişin qatarı həftənin 4-cü günləri, Bakı-Xarkov sərnişin qatarı isə dörd gündən bir – cədvəl üzrə - hərəkətdə olacaq.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti