CİA jurnalistlərlə necə işləyib: `Çobanaldadan` əməliyyatı

CİA jurnalistlərlə necə işləyib: `Çobanaldadan` əməliyyatı
  07 Yanvar 2015    Oxunub:9020
“Azadlıq” radiosunun keçmiş prezidenti Ceffri Qodmin “The Boston Globe” qəzetində dərc edilmiş məqaləsində jurnalist Xədicə İsmayılovanın həbsinə görə Mərkəzi Kəşfiyyat İdarəsini (CİA) günahlandırdı. Həqiqətən də, CİA uzun müddət jurnalistlərdən öz maraqları üçün istifadə edib.

Medianı Amerika dövlətinin maraqlarına uyğun yönəltmək üçün Mərkəzi Kəşfiyat İdarəsi (CİA) hələ ötən əsrin 50-ci illərində “Çobanaldadan” (Mockingbird) adlı tam məxfi proyekt hazırlamışdı. Bu əməliyyat 1973-cü ildə guya rəsmən başa çatıb. Amma hazırda da dünyanın müxtəlif ölkələrində yaşayan jurnalistlər və ekspertlər bu əməliyyatın yenilənmiş formada davam etdiyini bildirirlər.

CİA-nın “Çobanaldadan” proyektini araşdıranlardan biri `The Washington Post`un keçmiş əməkdaşı, “Uotorqeyt” qalmaqalınının qəhrəmanlarından Karl Bernşteyn (Carl Bernstein) olub. O, CİA ilə Amerika mediasının əlaqlərini araşdıraraq, “The CİA and the Media” adlı məqaləsində göstərmişdi ki, 400-dən çox amerikalı jurnalist dünyanın müxtəlif yerlərində və müxtəlif məsələlərdə CİA-nın tapşırığını yerinə yetiriblər. (Məqalənin əslini BURADAN oxumaq olar).

İşi kəşfiyyat qurumlarının fəaliyyətinin qanuna uyğunluğunu yoxlamaq olan Senatın “Çörç komissiyası” bunu bildiyi halda, ört-basdır edib. Komissiyanın rəhbəri, senator Frenk Çorç Senatın Kəşfiyyat Komitəsində keçirilən dinləmələrdə bildirmişdi ki, CİA dünya mediasına nəzarət etmək üçün hər il $265 milyon dollar xərcləyib.



Məsələn, 1953-cü ildə ABŞ-ın tanınmış kolumnistlərindən (köşə yazarı) olan Cozef Olsop (Joseph Alsop) CİA-nın istəyilə Filippindəki seçkini işıqlandırmaq adı ilə ora getmişdi. Bu cür adları yüzlərlə çəkmək olar və Bernşteyn öz yazısında onları sadalayır da.

Jurnalistlər CİA-ya hərtərəfli xidmət göstərirdilər. Onların arasında Pulitser laureatları, hörmətli şəxslər də az deyildi. Bu şəxslərin çalışdıqları media orqanlarının rəhbərliyi də məsələni bilir və imkan yaradırdı. `New York Times`, `CBS`, və `Time Inc` ilə əməkdaşlıq CİA üçün xüsusilə faydalı olmuşdu. Bu əlaqlərin çoxunu CİA-nın məşhur şefi Alen Dalles şəxsən kurasiya edirdi.

Televiziyalar inkişaf etdikcə, onların jurnalistləri də CİA ilə aktiv əməkdaşlığa cəlb olunublar. Bu baxımdan, Amerika Yayım Korporasiyası (ABC) və Milli Yayım Korporasiyası (NBC) xüsusilə fərqlənib.

1973-cü ildə CİA-nın şefi, əvvəllər jurnalistlərin cəlb olunduğu əməliyyatlara dəfələrlə rəhbərlik etmiş Uilyam Kolbi bu praktikaya son qoyulduğunu bildirsə də, əslində belə olmadı. Sadəcə olaraq, CİA-nın müxtəlif redaksiyalarda olan ştatlı işçiləri ştatdan çıxarıldılar. Beləliklə, Kolbi and içə bilərdi ki, redaksiyalarda CİA əməkdaşları yoxdur. Həmin şəxslərdən çoxu CİA-nın xaricdə yaratdığı media quruluşlarına ezam edildilər.

1976-cı ildə Amerika xarici kəşfiyyatının başına keçən Corc Buş (ata) qəti olaraq bildirdi ki, jurnalistlərdən istifadə etməyə son qoyurlar. Amma əslində buI, “Çobanaldadan” əməliyyatının sadəcə birinci mərhələsinin başa çatması idi... Çünki 1996-cı ildə CİA-nin direktoru Con Deuça idarənin jurnalistlərdən casus kimi istifadə etmək və casusları jurnalist adı altında yerləşdirmək hüququnu özündə saxladığı barədə məruzə etdi.

Əgər ilk versiyada “Çobanaldadan” əməliyyatı təkcə ABŞ mediasını nəzarətdə saxlamağa xidmət edirdisə, indi onun miqyası xeyli genişlənib və bütün dünyanı əhatə edir. Bu məqsədlə CİA müxtəlif ölkələrdə jurnalistləri müxtəlif vasitələrlə ələ alır, onlardan vacib məlumatlar öyrənir və Amerikanın maraqlarına uyğun informasiyaları ötürür.

Yada salaq ki, ötən ilin əvvəllərində Azərbaycan mətbuatında Xədicə İsmayılovanın İçərişəhərdəki “ART Garden” restoranında ABŞ xüsusi xidmət orqanlarının iki nümayəndəsi ilə görüşdüyü və onlara Azərbaycan müxalifətindən hakimiyyətə işləyən “casuslar”ın siyahısını təqdim etdiyi barədə məlumatlar yer almışdı. Bu informasiyanı CİA-nın “Çobanaldadan” əməliyyatı haqda bilgilərin fonunda qiymətləndirəndə hər şey yerini alır.

Bir qədər əvvəl alman jurnalist Udo Ulfkotte “Satılan jurnalistlər” adlı kitabında bunu açıq şəkildə bildirmişdi ki, Avropanın aparıcı media orqanlarında ABŞ-ın və NATO-nun marağına uyğun xəbərlər yazan jurnalistlər bahalı hədiyyələr alır, xarici səfərlərə aparılır, karyerada irəli çəkilirlər.

- Avropada media siyasi elitanın maraqlarına qulluq edir, əks halda onu dərhal müflisləşdirirlər. Avropanın rəhbər dairələri özləri isə Amerikadan idarə olunurlar. - Bu açıqlama isə Avropa Parlamentinin keçmiş deputatı, italiyalı jurnalist və təhlilçi Cülyetta Kyezaya aiddir.

Vəziyyət o həddə çatıb ki, amerikalı publisist Pol Kreyq Robertsin sözlərinə görə, “Biz Vaşinqtonun imperiya ideologiyasının təsirilə Qərb jurnalistikasının tamamilə çürüdüyünü görürük. Jurnalistlər ya yalan yaymaqla razılaşır, ya da işlərini itirirlər”.

CİA-nın Azərbaycandakı `nümayəndəsi` təkcə Xədicə İsmayılovadırmı? Yəqin ki yox, çünki “Çobanaldadan” proyektinin tarixçəsini oxuyanda bəlli olur ki, Amerikanın Xarici Kəşfiyyat Orqanı heç vaxt heç bir ölkədə `yumurtaları ancaq bir səbətə yığmayıb`. Yəqin, başqa kartlar da yaxın vaxtlarda açılacaq.

Tariyel Həsənov
AzVision.az






Teqlər:  





Xəbər lenti