Hindistanın “Dəmir Ledi”si: İndira Qandini kim və niyə öldürdü?
O illərdə sovetlər ölkəsi üçün Britaniyanın baş naziri Marqaret Tetçer imperialist şərin canlı təcəssümü olduğu halda, keçmiş Britaniya koloniyası olan Hindistanın hökumət başçısı İndira Qandi yaxşı dost və öz ölkəsinin gələcəyi uğrunda mübarizənin parlaq nümunəsi hesab edilirdi.
İndira Qandiyə belə münasibət həm də müharibədən sonrakı dövrdə, SSRİ və Hindistanı bir-birinə bağlayan dostluq münasibətləri ilə yanaşı bu qadının şəxsi cazibəsi olub.
Əslində, İndira Qandi, əlbəttə, sovet vətəndaşlarının sevimli hind filmlərində hər zaman rəqs edən və nəğməkar qəhrəmanları kimi deyildi. Xanım baş nazir sərt siyasətçi, bəzən də qəddar idi. Bu xüsusiyyətinə görə o, heç də, ondan xeyli sonralar siyasətə gələn həmkarından geri qalmırdı.
Siyasətçi atanın qızı
Müstəqil Hindistanın ilk baş naziri Cəvahirləl Nehrunun qızı İngiltərədə təhsil alıb və evə qayıtdıqdan sonra atasının şəxsi katibi olub, uzun illər işgüzar səfərlərində onu müşayiət edib. Tez-tez atası ilə xarici səfərlərə getmək onun həm dünya görüşünə, həm də siyasi xadim kimi püxtələşməsinə təsirsiz ötüşmədi.
Vaxt keçdikcə İndiranın təcrübəsi artırdı, onunla birlikdə isə ölkəsinin siyasi həyatına təsiri də artırdı. O zamanlar qadın-siyasətçilər təkcə Hindistan üçün deyil, həm də bütün dünya üçün qeyri-standart hal idi.
1947-ci ildə İndira məcburi köçkünlərlə iş üzrə gənclər təşkilatı yaradır. Hindistan müstəqillk qazandıqdan sonra xüsusilə Pakistandan bura axışan qaçqınların yerləşməsində yaxından kömək göstərən İndira Qandi, bu yardıma görə, siyasi aləmdə xüsusi şöhrət qazanır. Atası qızının siyasi karyeraya can atmasına qarşı çıxmırdı, amma onu dəstəkləmirdi də. Buna baxmayaraq, 1959-cu ildə İndira Qandi Hindistan milli konqresinin sədri seçilir.
Beləliklə, ölkə tarixində ilk dəfə qadın, hakim partiyanın başçısı olur. 1964-ci ildə Cəvahirləl Nehru dünyasını dəyişdi. O, nüfuzuna görə, ölkədə Mahatma Qandidən sonra ikinci şəxsiyyət idi. Burada onu da qeyd edək ki, bir çoxlarının hesab etdikləri kimi, İndira Qandi Mahatma Qandi ilə qohum deyildi.
Bu soyad ona əslən fars (oda sitayiş edənlər) icmasından olan həyat yoldaşı Feroz Qandidən miras qalıb. Yeri gəlmişkən, fərqli dini təriqətlərə məxsus olduqlarına görə onların arasında rəsmi nikah qeyri-mümkün idi. Ancaq bütün bunlara baxmayaraq, burada da İndira Qandi özünün sərt və dönməz xarakterini göstərərək, 1942-ci ilin martında onunla evlənmişdi.
Bu nigahdan onların 2 övladı – Raciv Ratna və Sancay dünyaya gəlib. Qandinin həyat yoldaşı Feroz 1960-cı ildə ürəktutmasından dünyasını dəyişir. Ailənin qalan üzvləri isə təssüf ki, faciəvi surətdə həlak olublar: Özünün baş nazir postuna varis kimi gördüyü, Hindistan Milli Konqresinin baş katibi olan oğlu Sancay Qandi 1980-ci il iyunun 23-də şəxsi təyyarəsində qəzaya düşərək həyatını itirir. Özü və böyük oglu Raciv Qandi isə eyni taleni bölüşərək, siyasi terrorun qurbanı olurlar...
Nüvə silahına sahib qadın
Atasının ölümündən sonra İndira Qandi İki il ərzində informasiya və radio yayımları naziri postunu tutub, 1966-ci ildən isə hökumətə başçılıq edib, beləliklə də dünyada ikinci qadın- nazir olub. 49 yaşlı Qandi iqtisadi, sosial, daxili və xarici siyasət problemlərinin altında inləyən ölkənın "sükanı" arxasına keçir.
O dövrdə Hindistanda mürəkkəb millı strukturuna görə, dinlərarası problemlər və qadınların aşağı statusu ilə ehtiyatlı addımlarla nəyəsə nail olmaq çox çətin idi. Bunu artıq necə illər siyasətdə olan peşəkar kimi, Baş nazir Qandi gözəl bilirdi.
Ona görə də Qandi qətiyyətlə işləməyə başladı: nə dünənki məsləkdaşları ilə savaşdan, nə də qonşu Pakistan ilə hərbi münaqişədən qorxmadı. Tutduğu düzgün siyasi xətt nəticəsində SSRİ ilə münasibətləri yaxşılaşdırmağa çalışaraq, buna nail ola bildi. Ortaq maraqları olan Hindistan və SSRİ-nin yaxınlaşması əlbəttə ki, qərbin maraqlarına zidd idi.
1971-ci ildə SSRİ-nin Hindistanı, Qərbin isə Pakistanı təhrik etməsi və eyni zamanda birbaşa hərbi yardım göstərmələri ilə bu iki ölkə arasında müharibə başladı. Bu müharibədən Hindistan qalib çıxdı.
Moskvanın köməyi ilə Hindistan tezliklə nüvə silahı əldə etdi. 1974-cü ildə yer altında “Gülümsəyən Budda” adlı nüvə bombası sınaqdan keçirildi və bununla da əsasən qərb dövlətlərindən, Çindən, Pakistandan gələn təhlükənin qarşısı əhəmiyyətli dərəcədə alındı. Bütün bu uğurlar, sözsüz ki, Qandinin nüfuzunu daha da artırdı.
Qandini həbsə atdılar
Beləliklə, baş nazirin apardığı siyasət nəticəsində Hindistanın inkişafı tez bir zamanda irəliləməyə başladı. O, demokrat olduğu qədər yeri gələndə diktator olmağı da bacarırdı: opponentləri onu istefaya məcbur etdikdə o, qətiyyən sıxılmayaraq , 1975-ci ilin yayında ölkədə fövqəladə vəziyyət elan edib. Bundan sonra ölkədə spekulyantlara qarşı repressiya başlandı, senzura tətbiq olundu.
Lakin, 1977-ci ildə Qandinin partiyası seçkilərdə sarsıdıcı məğlubiyyətə uğradı və xanım baş nazir postunu tərk etdi. Bu, əsl iflas kimi görünürdü: Onu korrupsiyada ittiham edib, həbsə aldılar. Çoxlarına elə gəldi ki, onun siyasi karyerası başa çatıb. Lakin o, xarakterini bir daha göstərdi. Hehrunun qızı, Qandi elə Qandi idi...
Öz tərəfdarlarını vahid yumruq kimi toplayan İndira Qandi, 1980-ci ildə yeni seçkiləri udaraq, yenə ölkənin baş naziri oldu. Bundan əlavə, onun nüfuzu və populyarlığı daha da artdı. Əgər onun atası Cəvahirləl Nehrunu "millət atası" adlandırırdılarsa, analoji olaraq onun qızı, "millətin ana"sı adına layiq görülür.
Azərbaycana ziyarəti
Baş nazir olduğu müddətdə İndira Qandi SSRİ-yə dəfələrlə səfər etmişdi. 1970-ci illərin əvvəlində Moskvaya növbəti səfərlərinin birində İndira Qandi Azərbaycandakı Atəşgahı ziyarət etmək arzusunda olduğunu bildirir və onun bu tarixi məkana ziyarəti təşkil olunur. Oktyabr inqilabından sonra Suraxanıdakı bu məbəd tarixi məkan kimi fəaliyyət göstərmirdi.
Gümbəzindəki od da söndürülmüşdü. O zamankı rəhbərlik İndira Qandinin müqəddəs yeri ziyarət etmək arzusunda olduğunu bildikdən sonra məbədin fəaliyytini tez bir zamanda bərpa edir, tikili təmir edilir, ən əsası isə məbəddə alov yenidən yandırılır. İndira Qandi ziyarətindən və ümumən Azərbaycana bu səfərindən çox razı qalır.
492 pəncablı qətlə yetirildi
Lakin populyarlığı və nüfuzu, onu siyasi problemlərdən azad etmədi. 1980-cı illərin əvvəllərində Hindistan hökuməti Pəncab ştatında sinqh separatçılarının problemi ilə üzləşdi. Radikal ekstremistlər Pəncabda müstəqil Xalistan dövlətinin yaradılmasını tələb edirdilər.
Özü də söhbət dinc etirazlarlardan deyil, silahlı mübarizədən gedirdi. Sinqhlər 1981-ci ildə bölgədəki Qızıl məbədini ələ keçirərək əyalətə nəzarəti ələ aldılar. Bunu görən Qandi ordunu Pəncab üzərinə yeridərək, bölgədəki xalq hərəkatını qan içində boğdurdu. Sinqh lideri Jarnail Sinqh ordu tərəfindən öldürüldü.
"Mavi Ulduz" əməliyyatı adı verilən xüsusi planın yerinə yetirilməsi zamanı 492 nəfər pəncablı öldürüldü. Bu döyüşlərdə eyni zamanda 72 əsgər də həlak oldu. Pəncabda həyata keçirilən qanlı əməliyyatlar dünyada Qandini nüfuzdan saldı.
Bu əməliyyatlar zamanı Qandiyə nifrət edənlər arasında onun iki mühafizəçisi - əslən Pəncabdan olan Satvant Sinqh və Beant Sinqh də vardı...
Mühafizəçilərin 33 gülləsi
Taktiki olaraq, məsələni həll etmək mümkün oldu, amma bir çoxları hesab edirdilər ki, məbədə hücum strateji olaraq səhv addım idi. Hindistan ordusunda çox sayda sinqhlər xidmət edirdi, "Mavi ulduz" əməliyyatından sonra, onların fərrariliyi başlandı.
İndira Qandini xəbərdarlıq etmişdilər: ekstremistlər qisas almağa çalışacaq. Ona təkidlə məsləhət gördülər ki, sinqhlərdən ibarət mühafizəçilərini dəyişsin, ancaq baş nazir hesab edirdi ki, bu cür inamsızlıq cəmiyyətdə yalnız parçalanmaya gətirib çıxara bilər.
Ona zirehli jilet geymək məsləhət görürdülər, ancaq o, əhəmiyyət vermirdi: "O, məni kök göstərir".
İndira Qandi qayğısız adam olmayıb və başının üstünü almış təhlükəni çox gözəl anlayırdı. Amma təhlükə haqqında ona xatırladanda, İndira Qandi, fanat qatil tərəfindən öldürülmüş, amma öz prinsiplərindən geri dönməmiş Мaxatmi Qandini nümunə göstərirdi: "Şəhidlik son deyil, yalnız başlanğıcdır ", baş nazir deyirdi.
31 oktyabr 1984-ci ildə səhər İndira Qandinin ingilis yazıçısı Piter Ustinov ilə tele-müsahibəsi planlaşdırılmışdı. Ustinov Satvant və Beant Sinqhlər tərəfindən mühafizə edilən qapıdan keçərək içəri daxil oldu.
Qandi qonağı qarşılamaq üçün ayağa qalxdı. Bu zaman hər iki mühafizəçi silahlarını Qandiyə çevirərək ona atəş açdılar. Nəticədə, Qandi 33 güllə yarası aldı. Sonra həkimlər İndira Qandinin bədənində 20 ədəd güllə tapdılar.
Buna baxmayaraq o, hələ sağ idi. Atəş səslərini eşidən digər mühafizəçilər hadisə yerinə gələrək, qatilləri elə oradaca güllələdilər. Baş naziri təcili hospitala çatdırsalar da, həkimlər ona heç bir kömək edə bilmədilər: onun səkkiz güllə ilə həyati əhəmiyyətli orqanları sıradan çıxmışdı.
Siyasi varisi də öldürüldü
Hindistan dərddən sözün əsl mənasında ağlını itirmişdi. Qəddarlıq yeni qəddarlıq doğurmuşdu: İndira Qandinin ölümünə, ölkədə baş qaldırmış iğtişaşlarda minlərlə günahsız sinqhlərin ölümü cavab verdi.
İndira Qandinin oğlu Racivdən ölkədə nə baş verdiyini soruşanda, o, belə cavab vermişdi: “Böyük ağac yıxılanda, yer titrəyər...”
İndira Qandinin cənazəsi hind adətinə görə noyabrın 3-də Mahatma Qandinin xatirəsinə ucaldılan Raj Qal abidəsi önündə yandırıldı. Dəfn tonqalını onun oğlu Raciv Qandi yandırdı.
O, dəfnə toplaşan minlərlə insana müraciətlə: "Anam ona görə həyatını qurban verdi ki, hindlilər bir ailə kimi yaşasınlar. Onun xatirəsini ləkələməyin", - dedi.
İndira Qandi Cəvahirləl Nehrunun yolunu davat etdirdiyi kimi, Raciv Qandi də anasının siyasi varisi oldu. Anasının ölümündən sonra baş nazir Raciv Qandi İndira Qandinin yolunu davam etdirdi və 1991-ci ildə anasının acı taleyini təkrarladı: Şri-Lankaya qoşun yeridilməsinə cavab olaraq, Tamil-Alamanın “Azadlıq Pələngləri" təşkilatından olan terrorist tərəfindən qətlə yetirildi.
İndira Qandi öz ölümündən bir qədər əvvəl demişdi: "Bu həyatda bütün etdiklərim xalqa xidmət naminə olacaq. Hətta mən öləndə də, əminəm ki, hər damla qanım da Hindistana məxsus olacaq, onu qidalandıracaq, güclü edəcək.”
Siyasi işbazlardan fərqli olaraq, həqiqi siyasətçi fədakarlığa hazır olduğunu inandırmaq bacarığı ilə yanaşı, vətəni uğrunda qurban getməyə hazır olmalıdır. Bu mənada baş nazir İndira Qandi siyasət etalonu idi. İndira Qandi öz ömrünü uduzdu.
Lakin hind cəmiyyəti çox şeyləri uddu. Bu gün sinqh radikallığı keçmişdə qalıb, sinqh icması isə Hindistanın digər dinlərinin arasında çox hörmətli yerini bərpa edib. Böyük lider bütün Hindistanın taleyinə müsbət təsir edə bildi: düşmənlərindən qorumaq üçün Hindistanı nüvə ölkəsinə çevirə bildi, Pakistanla münasibətləri normallaşdırdı.
Hindistan həqiqətən də onun həyata keçirdiyi islahatlarla böyük inkişaf yolu keçməklə dünyanın ən yoxsul ölkələri sırasından çıxaraq, əvvəlki dövrü ilə müqayisədə inkişaf etmiş ölkəyə çevrildi.
Teqlər: