`Heydər Əliyev Fondu olmasaydı...`- Yuli Qusman
Rejissor xüsusi vurğulayıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu olmasaydı, sadəcə, bu film olmazdı.
Y.Qusman deyib: “Ümumiyyətlə, bu layihə Rusiya ilə müştərək nəhəng layihə kimi başlandı. Lakin sonra Rusiya bu layihədən çıxdı. Məni bir fakt çox heyrətləndirir ki, keçmiş müttəfiq respublikaların yaxınlaşması, inkişafı və onların qarşılıqlı əlaqələrinin bərpası ilə məşğul olan təşkilatların çoxsaylı olmasına baxmayaraq, bu prosesdə səfehlik, demaqoqluq və israfçılıq var... Biz bu filmi spekulyativ niyyətlə çəkməmişik. Amma hər halda düşünürdüm ki, bizi medallar, ordenlər və “Lenin mükafatları” gözləyir. Əslində isə nəinki bunlar, ümumiyyətlə gözlədiklərimizin heç biri olmadı. Pul bizim fövqəladə əhəmiyyətli saydığımız məsələlərdən daha vacib oldu. Sovet hakimiyyəti dövründə də oğurlayırdılar, lakin bundan başqa bir iş də görməyə çalışırdılar. İndi isə yox. Mənə elə gəlir ki, biz özümüz içərisində yaşadığımız evi dağıdırıq. Halbuki onu məhv etmək əvəzinə yenidən qurmaq olar”.
Rejissor daha sonra vurğulayıb ki, bu filmdə çəkilmiş məşhur rusiyalı aktyorların təşəbbüskarlığı, xeyirxahlığı və insaniyyəti onu heyrətləndirib. Y.Qusman deyib:
“Dmitri Bıkov, Mixail Yefremov, daha kimlər gəldilər... Bu adamlar filmdə pul qazanmaq üçün yox, ideya xatirinə çəkildilər. Bu, vaxtı ilə mənim komsomol gəncliyim dövründəki artellərə oxşar, həmfikirlər komandası idi. O dövr təşəbbüskarların dövrü idi. Belə adamlar indi də var və yerlərdə bəzən bunu dəstəkləyirlər. Bilirsinizmi, ümumiyyətlə mənə elə gəlir ki, Sovet hakimiyyətinin dağılması ilə biz “çirkli su ilə bərabər, uşağı da tullamışıq”. Bu barədə düşünməyə dəyər. Biz uşaqlar üçün istirahət düşərgələrini, pulsuz tibbi xidməti ləğv etmişik... Düzdür, həmin tibbi xidmət miskin idi, aşağı səviyyədə idi, amma var idi. Bu barədə düşünməyə dəyər”. (AzərTAc)
Teqlər: