`Ədalət` sözünün 3 hərfi
Belə görmüşük ki, həyatda ədalƏT axtaranlar çox vaxt heç sümük də tapmırlar. Mən heç də qlobal ədalətdən danışmıram. Yəni `Qərb insanının süfrəsindən artıq qalan tullantılarla bütün Afrikanı doydurmaq olardı` kimi söhbətlər etməyəcəyəm. Məni yaşadığımız həyatdakı adi məişət ədaləti maraqlandırır.
- O gün şagirdimin atası zəng vurub çağırdı,- deyə bir müəllim dostum danışır. - Görüşdük, yaxşı qonaqlıq verdi, cibimə də 100 manat pul qoydu. Səbəbini soruşanda dedi ki, müəllim, bir dostla saunaya getmişdik, iki dənə də qız götürmüşdük. Yaxşı kef çəkdik, axırda 500 manat xərcimiz çıxdı. Amma bir gün əvvəl uşağın məktəbindən 50 manat istəyəndə verməyə canım çıxmışdı. Özümə dedim ki, pah atonnan, fahişələrə 500 manatı `uf` demədən xərcləyirik, amma məktəbə 50 manat verməyə əlimiz gəlmir. Ona görə də, günahımı yumaq istədim...
Bu əhvalatda çox maraqlı bir ədalət ölçüsü var: `fahişəyə uf demədən 500 manat veririk, amma müəllimə 50 manat verməyə canımız çıxır`. Bunu edənin özü başa düşüb. Amma cəmiyyət olaraq bizim həyatımızın bütün künc-bucaqlarında bu cür ölçülər çox qarışıq düşüblər və əksər hallarda heç birimiz o haqda düşünmürük.
Halbuki, əgər düşünsək, anlayarıq ki, biz `ədalət` deyəndə ağlımızda doğru ünvanlar tutmuruq. Azərbaycanda hər kəs `ədalətsizlik` deyən kimi söhbəti hakimiyyət mövzusuna fırladır, `yuxarılar` deyə protest etməyə başlayır. Halbuki, ədalətsizliyin əsl mənbəyi aşağılardır. Və təkcə ədalətsizliyin yox, vicdansızlığın da!
Bir misal deyim: hazırda Azərbaycanda 500-700 manat arası maaş normal sayılır. Amma `gözəllik salonu` adlanan rəngsazlıq məntəqələrində bir gəlini elə bu qiymətə bəzəyirlər. Təsəvvür edin: bir jurnalist, ya satıcı, ya sürücü, ya fəhlə bir ay at kimi işləyir, əziyyət çəkir, həmin maaşı alır, amma o biri tərəfdə bir dəllək rahat salonunda gəlinin saçı ilə iki saat oynayıb, eyni məbləğin qırağını qatlayır.
Bu, doğrudan, çox absurd bir ədalətsizlikdir, amma kim etiraz edir? Kimin ağlına gəlib ki, o salonları protest etsin? Məsələ təkcə salonlarda da deyil axı. Yayda bizim ofisin şüşəsi qırılmışdı, adi bir pəncərə şüşəsini dəyişmək üçün usta 40 manat istədi, zorla 30 manata razılaşdıq, realda isə o işin 10-15 manat haqqı var idi.
Evə santexnik çağırırsan, elə qiymət oxuyur ki, sanki sənin unitazının altında Böyük Adron Kollayderi quraşdırıb.
Vicdanla deyin: ətrafda, sizinlə eyni sosial mərtəbədə olanlardan kim ədalətsizlik etmir? Müəllimmi, həkimmi, taksi sürücüsümü?.. Hərə öz bacardığı miqyasda və formada əlindən gələn ədalətsizliyi edir: biri uşağa qəsdən pis dərs keçir, o biri qəsdən baha dərmanlar yazır... Hətta bazarda kartof alanda belə, neçə qat ədalətsizliklə üzləşirik: qiyməti artıq deyirlər, çəkidə aldadırlar, malın yaxşısını göstərib, pisini yığırlar...
İndi isə diqqət: Niyə yeganə mənbəyi XALQ olan bütün bu ədalətsizliklərə həmişə siyasi rəng verilir, hakimiyyətə qarşı yönəldilir? Çox sadə: çünki hamıya belə sərf edir! Belədə hamı özünün ədalətsiz və vicdansız olduğunu asanlıqla gizlədə bilir.
Bizim cəmiyyətdə sadə xalq səviyyəsində böyük bir ədalətsizlik sistemi qurulub. Və onun qalması cəmiyyətdə hamıya sərf edir. Bu ictimai sistemin daxilində məsələn, həkim durub yol polisinə deyə bilmir ki, məni haqsız saxlamısan. Çünki o da deyəcək ki, sən də qəsdən bahalı dərmanlar yazıb, faiz alırsan. Hamı bir-birinin qarşısında günahkardır. Belə deyək, bir növ xalq korrupsiyası şəbəkəsi qurulub.
Bax, əslində bu İCTİMAİ sistemə qarşı savaşmaq lazımdır. Siyasəti qatmadan! Burada siyasətlik bir şey yoxdur. Əgər kimsə səviyyəsiz müğənnini 3000-5000 manata toyuna gətirirsə, bu, dəhşətli bir sosial ədalətsizlikdir. Və o ədalətsizlik aşağılarda yaradılır. Burada və milyonlarla digər belə hallarda siyasi sistemin heç bir təsiri yoxdur.
Biz cəmiyyət olaraq bu cür SOSİAL ədalətsizlikləri protest edə bilmirik. Bizdə elə düşüncə var ki, mütləq bütün narazılıqlar siyasi olmalıdır. Halbuki, cəmiyyətdə real etiraz mədəniyyəti formalaşmalı və siyasəti qırağa qoyaraq, məhz sosial ədalətsizliklərə qarşı çıxmağı bacarmaq lazımdır.