Mənzil satışında fırıldaqların qarşısı alınacaq

Mənzil satışında fırıldaqların qarşısı alınacaq
  03 Fevral 2015    Oxunub:2219
Millət vəkili Çingiz Qənizadə `Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında` Qanunun bəzi maddələrində dəyişikliklər edilməsini təklif edib. O, bildirib ki, `Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında` Qanun 23 maddədən ibarət olmaqla 29.06.2004-cü ildə qüvvəyə minib. Bu qanunun 17-ci maddəsi qabaqcadan qeydiyyatı nəzərdə tutur.

Bu, o deməkdir ki, tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilkdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabacadan qeydiyyata alına bilər.

Həmçinin tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olaraq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər.

Torpaq sahəsinə olan hüququn və ya torpaq səhəsini yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmunun və ya növbəliliyinin dəyişdirilməsinə dair tələbi təmin etmək üçün dövlət reyestrində qabaqcadan qeydiyyat aparıla bilər.

8 bənddən ibarət olan 17-ci maddə vətəndaşlara yuxarıda qeyd edilən əmlak və mülkiyyət üzərində qabaqcadan qeydiyyatın aparılmasına imkan verir. Lakin qanunun bu maddəsi bu gün işlək deyil. Əgər qanun işləsəydi onda bu gün MTK-lar tərəfindən bir mənzilin bir neçə şəxsə satılmasının qarşısı alınardı və minlərlə insan bəzi dələduzlar və ya işbazlar tərəfindən aldadılmazdı.

- Sadəcə bir misalla izah edim. Tikintiyə icazə almış MTK, tikintiyə icazə sənədləri və plan-cizgi əsasında özü hüquqi şəxs kimi dövlət reyestrində qeydiyyata alınır. Tutaq ki, 100 mənzilli bina tikirsə, hətta bu binanın tikintisi başa çatdırılmayıbsa MTK vətəndaşlara satdığı mənzili və ya qeyri-yaşayış sahəsini vətəndaşın adına rəsmiləşdirməsi üçün öz nümayəndəsi ilə alıcını- vətəndaşı qeydiyyat idarəsinə göndərir və vətəndaşa satdığı və hələ tikintisi başa çatdırılmamış mənzili də belə qeydiyyata aldırır. Artıq alqı-satqı hüququnun qabaqcadan qeydiyyatı hansısa MTK-ların ofisində, saxta möhür, saxta imza, saxta arayışlarla deyil, rəsmi dövlət qurumlarında həyata keçirilir. Bu cür qeydiyyat qanuni və məcburi xarakter daşıdığı üçün bir mənzilin və ya qeyri-yaşayış sahəsinin 2-ci, 3-cü şəxslərə satılması qeyri-mümkün olur. Çünki satılmış mənzili MTK nümayəndəsi 2-ci və ya 3-cü şəxsə satmaq istədikdə həmin dövlət qeydiyyat idarəsində həmin mənzilin nömrəsini qeydiyyata almaq istəyərkən onun artıq satıldığı elektron vasitələrdə-ekranda görsənəcək və beləliklə, hər hansı bir çirkin niyyət baş tutmayacaq. Qeyd edim ki, alıcı olan vətəndaşa dövlət qeydiyyatını həyata keçirən qurum tərəfindən hüquqlarının qabaqcadan qeydiyyatı ilə bağlı rəsmi sənəd veriləcək - deyə millət vəkili bildirib.

O, əlavə edib ki, qanunun 17-ci maddəsinin bəzi bəndlərində qoyulmuş tələblər artıq zamanın tələblərinə cavab vermir. Odur ki, bəzi bəndlər qanunun müvafiq maddəsindən çıxarılmalı və qeydiyyat prosesi sadələşdirilməlidir: `İnanıram ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bu cür qeydiyyatların aparılması üçün texniki və s. imkanları genişdir və komitə bu qaydaların tətbiqində maraqlıdır. Bu cür qeydiyyatın tətbiqi müəyyən işbazların yollarını bağlayacaq, bu qəbildən olan cinayətlərin sayının azalmasına gətirib çıxaracaq. Qəpik-qəpik pul toplayaraq mənzil və s. kimi mülkiyyətlər almaq istəyən minlərlə sadə vətəndaşlarımızın hüquqlarının qorunması və sığortalanması artıq dövlət orqanı tərəfindən həyata keçiriləcək`.


Teqlər:





Xəbər lenti