Ermənistana hərbi blok zərbəsi – TƏHLİL

Ermənistana hərbi blok zərbəsi – TƏHLİL
  28 May 2013    Oxunub:2063
KTMT-nin Qarabağ münaqişəsinə yanaşması dəyişib
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun keçən həftə Dağlıq Qarabağ münaqişəsilə bağlı status-kvonun Moskvanı qane etməməsini bildirməsi Yerevanda ciddi narazılıqla qarşılanmışdı. Lavrovun bu bəyanatı faktiki olaraq Kremlin Dağlıq Qarabağ məsələsində mövqeyinin dəyişdiyinin və Azərbaycanla razılaşdırılmış mövqedən çıxış etməsinin ilk göstəricisi idi. Bu bəyanatla paralel olaraq, Rusiyanın Ermənistana ixrac etdiyi təbii qazın qiymətini artırması Yerevan-Moskva strateji tərəfdaşlığının əbədi olmadığının göstəricisi idi.

Rusiya tərəfindən Ermənistana növbəti gözlənilməz zərbə isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dünən qəbul etdiyi bəyanat olub. Ermənistanın xarici işlər naziri Edvard Nalbandiyanın da iştirak etdiyi KTMT-yə üzv ölkələrin xarici işlər nazirlərinin şurasının bir sıra regional problemlərlə bağlı bəyanatında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı iştirakçıların mövqeyi öz əksini tapıb. Sənəddə qeyd olunur ki, “KTMT-yə üzv ölkələr münaqişənin sülh yoluyla həllinin tərəfdarı olduqlarını bir daha bəyan edir, beynəlxalq hüquq normaları, BMT nizamnaməsi və güc tətbiq edilməsinə qarşı olan, ərazi bütövlüyü və xalqların öz müqəddəratını müəyyənləşdirmək hüququnu tanıyan Helsinki yekun aktına uyğun olaraq tənzimlənmənin baza prinsipləri ətrafında işlərin tez bir zamanda başa çatmasının vacibliyini vurğulayırlar”.

KTMT-nın bu bəyanatı ABŞ dövlət katibi Hilları Klintonun Azərbaycana keçən ilki səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi bəyanatın eynisidir. Helsinki yekun aktına istinad edərsək, münaqişənin həlli prinsipi dövlətin ərazi bütövlüyünün təmin edilməsi və paralel olaraq xalqların öz müqəddəratını həll etməsinin vəhdət şəklində tətbiqidir. Yəni bu iki prinsip bir-birindən ayrılıqda tətbiq oluna bilməz. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, Helsinki yekun aktı rəhbər tutularsa, bu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və Dağlıq Qarabağa Azərbaycan daxilində muxtariyyət statusunun verilməsini nəzərdə tutur. Azərbaycan da illərdir münaqişənin məhz bu prinsiplər əsasında həllinə nail olmağa çalışır.

Təbii ki, Ermənistan bu formul ilə razılaşmır və KTMT-nın belə bəyanat verməsi Yerevana böyük zərbədir.

Xatırlatmaq yerinə düşər ki, KTMT Rusiya rərəfindən yaradılmış Moskvadan asılı olan post sovet ölkələrin hərbi-siyasi blokudur. Ermənistan hər zaman Azərbaycanla hərbi münaqişənin baş verəcəyi təqdirdə KTMT-nın hərbi yardımlarına güvəndiyini gizlətmirdi. Hətta Azərbaycanla Rusiya münasibətlərinin gərgin dövrlərində KTMT-nın baş katibi Nikolay Bordyuja müharibə baş verəcəyi halda Ermənistana hərbi yardımın mümkünlüyünü istisna etməmişdi. Ermənistan dəfələrlə KTMT tərkibində hərbi təlimlərə qatılıb və bu faktdan Azərbaycana qarşı qorxutma təbliğat vasitəsi kimi istifadə etməyə çalışıb. Lakin bu dəfə KTMT nəinki Ermənistanı dəstəkləmir, hətta onun mövqeyinə əks olan mövqedən çıxış edir. Paradoksal fakt ondan ibarətdir ki, bəyanatı imzalayanlardan biri də elə Ermənistanın xarici işlər naziri Edvard Nalbandiyandır.

Belə nəticəyə gəlmək olar ki, ABŞ-la Rusiya arasında Qarabağ münaqişəsi ilə bağlı razılıq əldə olunub və bu razılıq Azərbaycanın maraqlarına cavab verir. Artıq Rusiya Ermənistana qarşı təzyiqlərə başlayıb və baş verən olaylar onu göstərir ki, Moskva Yerevanın ciddi etirazı ilə qarşılaşıb. Belə ki, yayılan məlumatlara əsasən Ermənistan prezidenti Serj Sarkisyan KTMT-ya üzv dövlət rəhbərlərinin qeyri rəsmi görüşünə qatılmayacaq. Əvvəlki illərdə Ermənistan üçün çox vacib hesab olunan, özünün Rusiya ilə yaxınlığını nümayiş etdirmək üçün şərait yaradan və arxasında KTMT kimi hərbi blokun olduğunu əyani şəkildə nümayiş etdirərək siyasi xallar qazanmağa çalışan Sarkisyanın bu tədbirə qatılmaması ciddi fikir ayrılığının olduğunu sübut edir.

Tofiq Əsgərov


Teqlər:  





Xəbər lenti