Deputatlar nə qədər maaş alır: bizdə və xaricdə (SİYAHI)

Deputatlar nə qədər maaş alır: bizdə və xaricdə (SİYAHI)
  06 İyun 2015    Oxunub:8386
Bu günlərdə Britaniyada parlament üzvlərinin maaşları ilə bağlı yeni mübahisələr başlanıb. Hazırda Britaniya millət vəkili ildə 103 min dollar maaş alır. Lakin müstəqil hesabatda bildirilib ki, onların maaşına daha 10 min 755 dollar əlavə edilməlidir.

BBC-nin sosial məsələlər üzrə müxbiri John McManusun yazdığına görə, maaş artımı o qədər mürəkkəbdir ki, hətta bir sıra millət vəkillərinin özləri bu artımı istəmirlər.

Bu məsələ ictimaiyyətin daim diqqət mərkəzindədir, çünki söhbət bütün qalan insanların necə yaşamalı olduqlarını müəyyən edən adamların maaşlarından gedir.

Məsələ burasındadır ki, dünya maliyyə böhranı ilə bağlı millət vəkilləri son illər və aylarda ictimai xərcləri qısan qanunlar qəbul ediblər. Yəni son illərdə şəfqət bacılarının, müəllimlərin və hökumət qulluqçularının maaşlarında artım olmayıb.

Məhz buna görə də, indi millət vəkillərinin maaşlarının artırılması ictimaiyyət arasında hiddətə səbəb olub.

Ancaq onlar öz maaşlarının artırılması barədə qərarı özləri qəbul etməyiblər.

Millət vəkilləri uzun illər ərzində öz maaş və mükafatlarına dair qanunlar qəbul edirdilər, lakin 2009-cu ildə baş vermiş qalmaqal bu qaydanı dəyişdi.
Aşağıların gözü yuxarıların maaşındadır

Buna görə də millət vəkilləri qərara gəliblər ki, onların maaşları barədə hökmü Müstəqil Parlament Standartları İdarəsi (Independent Parliamentary Standards Authority - IPSA ) versin.

2013-cü ildə İPSA bu nəticəyə gəlib ki, “dünya parlamentlərinin anası” Britaniya parlamentinin üzvlərinin maaşları artırılmalıdır.

Həmin vaxtdan bəri mübahisələr səngimək bilmir. Hətta baş nazir David Cameron başda olmaqla bir sıra millət vəkilləri deyiblər ki, onların maaşları zorla qaldırılsa belə, əlavə pulu xeyriyyəyə verəcəklər.

John McManus yazır ki, yuxarıdakıların maaşlarını artırıb, aşağıdakıların maaşlarını kəsmək siyasi problemdir.

Bu, həm də çətin bir hesablamadır. Peşəkar siyasətçiyə nə qədər maaş ödənilməli olduğunu necə hesablayasan?

Nə çox, nə də az

IPSA-ya gəlincə, idarə bildirir ki, millət vəkillərinin maaşlarının artırılması hələ xeyli gecikdirilib.

Ona görə də idarə indi qalığın birdəfəlik ödənməsini, gələcəkdə isə millət vəkillərinin maaşlarının Britaniya seçicisinin orta əməkhaqqına bağlanmasını istəyir.

Adam Smith İnstitutunun direktoru Eamonn Butler deyir ki, millət vəkillərinin əməkhaqlarının seçicinin əməhaqqına bağlanması ideyası həmişə ortalıqda olub.

Lakin məsələ burasındadır ki, parlament üzvünün maaşı optimal qaydada hesablanmalıdır. Bu maaş əgər az olsa, heç kəs deputat olmaq istəməyəcək, yox, çox olsa onda hamı parlamentə can atacaq.

Cənab Butler bunu da əlavə edir ki, baş nazirin hazırkı, ildə 219 min 687 dollarlıq maaşı qaldırılaraq FTSE 100 indeksinə daxil şirkət başçılarının məvacibi səviyyəsinə çatdırılmalıdır.

Başqa ölkələrdə millət vəkilləri ildə nə qədər maaş alırlar?

Ən varlı parlamentlər:

Avstraliya 201 min 200 dollar

Nigeriya 189 min 500 dollar

İtaliya 182 min dollar

ABŞ 174 min dollar

Braziliya 154 min dollar

Ən “kasıb” parlamentlər

Pakistan 3500 dollar

Banqladeş 4000 dollar

Şri Lanka 5100 dollar

Malayziya 25 min 300 dollar

Tayland 43 min dollar

Bəzi ölkələrdə millət vəkillərinin maaşları ilə bağlı vaxtaşırı maraqlı haisələr baş verir. Məsələn, Keniyada millət vəkilləri ictimai narazılıqla əlaqədar öz maaşlarını ildə 45 min dollar ixtisar edərək 75 min dollara endiriblər.

Keniyada orta gəlir ildə 1800 dollardır.

Braziliyada isə əksinə, deputatlar öz maaşlarını 62 faiz qaldırıblar.

Onlar prezidentin maaşını da artırıblar ki, artıq söz-söhbət olmasın.

Amma bu ilin əvvəllərində vəzifəsindən getmiş Uruqvay prezidenti Jose Mujica maaşının 90 faizini xeyriyyəyə verərmiş ki, aylıq məvacibi ölkənin orta aylıq əməkhaqqına – 775 dollara bərabər olsun.

İldə 91 min dollar maaş alan Rusiya millət vəkilləri də ölkəyə iqtisadi böhran şəraitində dəstək vermək üçün maaşlarının 10 faizindən keçməyə hazır olduqlarını bildiriblər.

Azərbaycanda millət vəkillərinin maaşı 2013-cü ildə artırılaraq ayda 1950 manatdan 2250 manata çatdırılıb.

Ölkədə orta aylıq əmək haqqı isə 442 manatdır. (BBC Azərbaycanca)


Teqlər:  





Xəbər lenti