İndi Türkiyə necə olacaq?

İndi Türkiyə necə olacaq?
  08 İyun 2015    Oxunub:4083
Elməddin Behbud

Nəhayət, Türkiyədə emosyaların anadolular demiş, "tavan yapdığı" 7 iyun 2015-ci il parlament seçkiləri başa çatdı. İlkin nəticələrin yaratdığı siyasi tablo bütövlükdə Türkiyənin milli maraqları baxımından heç də uyğun görünmür. 13 ildir Türkiyəni idarə edən AKP təkbaşına hökumət quracaq qədər deputat yerinə sahib deyil.


Açıqlanan ilkin rəqəmlərdən aşağıdakı nəticələri çıxartmaq mümkündür:

1) Türkiyə koalisiya dövrlərində yaşadığı çətin qərar qəbuletmə dövrünə qayıdacaq. Bu ötən 10 ildə Türkiyənin qazandığı uğurların davam edəcəyini şübhə altına alır.

2) PKK-nın siyasi qanadı ilk dəfə olaraq partiya kimi 10%-lik seçki barajını aşaraq, parlamentdə təmsil olunacaq. Yalnız Türkiyənin ən böyük şəhəri İstanbulda HDP 10 millət vəkili qazanıb... Cənub və Şərq vilayətlərində (Hakkari, Şırnak, Diyarbəkir, Van, Mardin, Ağrı və s.) AKP mövqelərini tamamilə itirib. Bu, sıralarında əhəmiyyətli sayda ermənilərində olduğu iddia edilən bölücülərin müstəqilliklərini hədəflədikləri bölgədə artıq təkbaşına söz sahibinə və qarşısıalınmaz gücə çevrilmələri deməkdir...

3) CHP 2011-ci il seçkisində qazandığı deputat mandatlarının bir hissəsini itirib. Bunu Atatürkçü, dövlətçi çizgini qeyri-ənənəvi siyasi çağırışlarla əvəzləyən partiyaya Türkiyə seçicisinin verdiyi cavab kimi də qiymətləndirmək olar. Çünkü partiyanın ənənəvi seçici deposunun bir qismi az qala HDP-lə eyni siyasi platformadan çıxış edən CHP-dənsə daha gerçək "ünvan"a səs verməyi məqbul saydılar.

Bu arada azərbaycanlıların Türkiyədə əhalinin tan yarısını təşkil etdiyi yeganə vilayət olan İğdırda CHP-nin namizədinin oynadığı oyunun soydaşlarımızın ( İsa Yaşar Tezel , Sefer Karakoyunlu ) parlamentdə təmsilçilikdən məhrum olması üçün bacardığını etməsi və CHP-nin 1915-ci il hadisələrini açıq şəkildə "erməni soyqırımı adlandıran" bir neçə erməninin namizədliyini müdafiə etdiyini diqqətdən qaçırmaq olmaz.

4) Azərbaycanın da milli maraqlarını hər zaman birmənalı surətdə müdafiə edən MHP-nin 2011-ci il seçkilərinə görə səslərini artıraraq daha 30 millət vəkili yeri qazanmasına baxmayaraq həlledici səs əldə edə bilməməsi terrora qarşı mübarizədə kəskin qərarlar qəbul etməsinə imkan verməyəcək. Rəsmi olmayan nəticələrə görə Türkiyə seçicisi parlamentə 3 erməni millət vəkili də seçib. Onların mənsub olduqları partiyalar içərisində yalnız Milliyətçi Hərakat partiyası yoxdur:
1. AKP (İstanbul) Markar Esayan,
2. CHP (İstanbul) Selina Uzuner Doğan,
3. HDP (İstanbul) Garabed (Garo)

Parlamentə seçilən kripto-gizlin ermənilərin və "soyqırım" iddiasında olanların isə dəqiq sayı hələ bəlli deyil...

Ümumilikdə seçkinin nəticələrini parlamentin və ümumilikdə Türkiyənin siyasi arxitekturasının kifayət qədər qarışıq və çətin tablosu kimi səciyyələndirmək olar.

P.S. Hazırda ən çox müzakirə olunan mövzu növbədənkənar seçkilərdir... Üfüqdə AKP-HDP və AKP-MHP (çox az ehtimalla) koalisiyası da görünür.


Teqlər:





Xəbər lenti