Aİ-nin jurnalında Azay Quliyevin analitik məqaləsi
A.Quliyev məqalədə qeyd edib ki, Riqa sammiti ərəfəsində bəzi digər "Şərq tərəfdaşlığı" ölkələri Rusiyanın rəhbərlik etdiyi Avrasiya İttifaqına qoşulmağı seçdiyi bir vaxtda Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlıq imzalamaq arzusunu güclü bir şəkildə nümayiş etdirdi: "Ölkəmizin xoş məramına baxmayaraq, bu sammit konkret nəticələr vermədi və həmişəki kimi ikili standartlar və birmənalı olmaması ilə yadda qaldı".
O, hesab edir ki, imzalanan Riqa Bəyannaməsi ambisiya yetərsizliyi ilə yadda qalıb: "Belə ki, Aİ-nin rəhbər şəxsləri “Ukraynanın ərazi bütövlüyünə” xüsusi nəzər yetirsələr də, Azərbaycan ərazisinin 20%-nin 25 ildir Ermənistan tərəfindən işğalda saxlanması faktını nədənsə xatırlamaq istəmədilər. Bu qanunsuz işğal faktı öz-özlüyündə Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından dərhal çıxarılması və 1 milyondan artıq məcburi köçkün və qaçqının öz doğma yurd-yuvalarına qayıtması ilə bağlı Avropa Parlamenti, BMT, Avropa Şurası və ATƏT-in qətnamələrinə davamlı olaraq hörmətsizlik edilməsinin bariz nümunəsidir".
Daha sonra məqalədə Azərbaycanın geosiyasi baxımdan çətin bir bölgədə yerləşdiyi, Avropanın təhlükəsizliyi və enerji təchizatının diversifikasiyasında oynadığı mühüm rol, Aİ ilə inkişaf etmiş ticarət və iqtisadi əlaqələr, eləcə də malik olduğu dünyəvi dövlət strukturuna görə böyük strateji əhəmiyyət kəsb etdiyi qeyd olunur: “Regiondakı gərginliyə və İslam radikalizminin artan təhdidlərinə baxmayaraq, Azərbaycan Cənubi Qafqazda terrorizm və dini fanatizmlə aktiv şəkildə mübarizə aparan geosiyasi baxımdan sabit ölkə olaraq qalır. Qərbin strateji müttəfiqi olan Azərbaycan Kosovo, İraq və Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfələr vermiş və NATO sülhməramlılarının Əfqanıstandan öz vətənlərinə qayıdış əməliyyatlarında mühüm rol oynamışdır. Azərbcaycanın strateji, iqtisadi və siyasi tərəfdaş kimi böyük rolu var. Bu yay ilk Avropa Oyunlarına ev sahibliyi edəcək Bakı Aİ-nin yalnız strateji müttəfiqi deyil, həm də gündən-günə radikallaşan birliyin qonşuluğunda yerləşən bir dünyəvilik simvoludur”.
Azərbaycanlı millət vəkili qeyd edir ki, Aİ və Azərbaycan hər iki tərəf üçün eyni dərəcədə faydalı olacaq şərtlər daxilində öz güclü əməkdaşlıqlarını daha da möhkəmləndirməyə çalışmalıdır: “Avropa Qonşuluğunda artan təhlükəsizlik və radikallaşma təhlükəsini nəzərə alsaq, Aİ Azərbaycanla öz strateji tərəfdaşlığını həyata keçirmək istiqamətində aydın strategiya müəyyən etmək üçün konkret addımlar atmalıdır. Buna isə ikili standartlara yol vermədən qarşılıqlı maraqlara xidmət edən sahələrdə Bakı ilə daha yaxın işbirliyi qurmaq vasitəsilə nail olmaq olar. Azərbaycan növbəti sammitin Riqa sammitindən daha məqsədyönlü olmasını təmin etmək üçün Aİ ilə daha sıx əməkdaşlığa hazırdır”.
Avropa İttifaqının jurnalında dərc olunan məqalədə diqqəti cəlb edən daha bir məqam “Aİ Azərbaycanla davamlı, açıq və konstruktiv dialoq aparmaqda maraqlıdırsa, o zaman təşkilat əsassız və ədalətsiz qərar və bəyanatlar vasitəsilə verdiyi neqativ ismarıcların əksinə, müsbət və birləşdirici əhəmiyyət daşıyan ismarıclar verməlidir” çağırışıdır. Millət vəkilinin qənaətinə görə, “ilk Avropa Oyunları isə bu baxımdan əla bir imkandır”.
Yekunda bildirilir ki, qeyd edilənlərə nail olmaq üçün Avronest Parlament Assambleyası çərçivəsində Avropa Parlamentinin yardımı və əməkdaşlığı Azərbaycan tərəfindən yüksək qiymətləndirilir: “Avronest Parlament Assambleyası Şərq tərəfdaşları ilə daha yaxın əlaqələrin qurulması üçün əvəzsiz dialoq kanalı olmaq potensialına malikdir. Avropa Parlamenti bu platformadan daha effektiv istifadə etməlidir. Əgər buna nail ola bilməsə, özünün regiondakı strateji maraqlarına xələl gətirə və Şərq tərəfdaşları ilə daha yaxın əlaqələrinə zərbə vura bilər”.
Qeyd edək ki, bu, millət vəkili A.Quliyevin cari il ərzində Aİ-in fərqli dərgilərində dərc olunan 3-cü analitik məqaləsidir. “Parlament Jurnalı” Aİ-nin ən çox izləyicisi, oxucusu olan dərgilərindən biridir, jurnalın internetdə izləyici sayı milyon nəfərdən çox olur.
Teqlər: