Niyə pulları banka qoymuruq?-ARAŞDIRMA
Bu günlərdə Azərbaycanda qardaşından 400 min pul oğurlayan bacı həbs edildi. Bu ilin mart ayında isə bir evdən 700 min manat pul oğurlanıb. Ümumiyyətlə, evlərdən 200 min manat civarında pulun oğurlanması faktlarına çox rast gəlirik.
Burada diqqət çəkən məqam odur ki, insanlar böyük məbləğdə maddi vəsaiti niyə bankda yox, evlərində saxlayırlar. Düzdür ki, banklarda qoyulan əmanətlərin riski və qazancı hansı valyuta növündə saxlanılmasından, valyuta məzənnələrinin tez-tez dəyişməsindən çox asılıdır. Törədilən cinayətlər də sübut edir ki, yüksək məbləğli pulun evdə saxlanması təhlükəlidir. Bu baxımdan ekspertlərdən öyrəndik ki, insanlar niyə böyük məbləğdə olan pulları evdə saxlayırlar? Bu banklara olan inamsızlıqdan irəli gəlir, yoxsa başqa səbəbləri var?
İqtisadçı ekspert: “Bir sıra hallarda həmin pullar leqal yollarla əldə edilmədiyindən onu banka qoymurlar”.
İqtisadçı Vüqar Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, böyük məbləğdə pulun evdə saxlanmasında banklara olan inamsızlıq əsas səbəblərdən bir olsa da, digər səbəb bir sıra hallarda həmin pulların leqal yollarla əldə edilməməsidir. İqtisadçı ekspertin sözlərinə görə, həmin şəxslər qeyri-leqal, rüşvət və s. yollar ilə əldə etdikləri böyük həcmdə pulları rəsmi şəkildə banklarda saxlamaqdan çəkinirlər:
“Başqalarının adında saxlanılmasına isə etibar etmirlər. Amma eyni zamanda, banklara olan inamın aşağı olması da burada öz təsirini göstərir. Banklarda yalnız 30 min manatadək depozitlər sığortalanır. Böyük məbləğli pulların əksər hissəsi sığortalanmadığı üçün banklar pul sahibləri üçün müəyyən qədər riskli görünür”.
Bank mütəxəssisi: “Bir neçə bank iflasa uğradığından, insanlarda banklara qarşı inamsızlıq yaranıb”.
Zaminbankın şöbə müdiri, bank mütəxəssisi Elşən Şirinov AzVision.az-a bildirib ki, bəzi banklar iflasa uğradıqdan sonra insanlarda müəyyən inamsızlıq yarandı. Bank mütəxəssisinin sözlərinə görə, bu baxımdan böyük məbləğdə pulu olan insanların bir çoxunun banklara o qədər də inamı yoxdur:
“Onlar fikirləşirlər ki, pul qoyacaqları bankda digərləri kimi iflasa uğraya bilər və onların pulu batar. Belə fikirləşdikləri üçün çox zaman pulu evdə saxlamağa üstünlük verirlər. Ümumilikdə isə, banka qoyulan pulun 30 min manata qədəri dövlət tərəfindən sığortalanır. Qalan məbləğlər isə bankın öz riski altında olur. Yəni bank özü ona cavabdehlik daşıyır. Yəqin ki, bu baxımdan insanlar bir qədər çəkinirlər”,-deyə E. Şirinov vurğulayıb.
Psixoloq: “Banklara pul yatırılmasının səbəbi inamsızlqıdır ki, bankların özü də bundan əziyyət çəkir. ”.
Psixoloq Elnur Rüstəmov mövzu ilə bağlı AzVision.az-a açıqlamasında bildirib ki, böyük məbləğdə pulu banka qoymamaq o pulu qazanan insanların öz fərdi psixoloji xüsusiyyətləri ilə bağlıdır. Psixoloq qeyd edib ki, onlar heç fikirləşməyiblər ki, onların bu qədər pulu olacaq:
“Onlar pulu olduqdan sonra fikirləşirlər ki, həmin pulu banka qoyduğu təqdirdə kimsə onu biləcək və digər bu kimi düşüncələrə düşürlər. Onlar həmin pulu evdə saxlamağa və qorumağa üstünlük verirlər. Özləridə çox zaman narahat olurlar. Digər bir tərəfdən isə, bizdə insanlarda banklara etibar məsələsində müəyyən problemlər var. Bunlar da şübhəsiz ki, səbəbsiz deyil. Vaxtilə Azərbaycanda vahid bank var idi. İndi isə elə banklar var ki, onlar insanların inamını itiriblər. Buna baxmayaraq, hazırda Azərbaycanda mövcud olan gözəl banklarımız var ki, həmin inamsızlıqdan əziyyət çəkirlər. Bank qaydasında işləyir, vaxtlı-vaxtında əmanətçinin faizini verir və s. yerinə yetirir. Amma yenə də insanların şüuraltında belə bir güvənsizlik var”.
E.Rüstəmov bildirib ki, təzəliklə ölkəmizdə bir bankla problem yaşandı və bu növbəti inamsızlığa gətirdi. Psixoloqun sözlərinə görə, kütlə psixologiyası belədir ki, onlarda inam prosesi çox zaman həssas bir şəkildə olmur:
“Yəni insanların hər birisi analiz etmək və yaxud araşdırma iqtidarında olmur. Sadəcə desələr yaxşıdı, inanıb gedəcəklər. Bir nəfər desə ki, pisdi və bu ictimailəşsə, o zaman güvən məsələsində çox böyük problemlər yaşanır. Düşünürəm ki, zaman-zaman insanlar bu mərhələyə gəlib çatacaqlar ki, böyük məbləğdə pulu evdə saxlamaqdansa, onu banka qoymaq olar və müəyyən gəlirdə əldə etmək olar”-deyə psixoloq vurğulayıb.
Anar Kəlbiyev