Ərəb dili bizi Allahdan uzaqlaşdırır

Ərəb dili bizi Allahdan uzaqlaşdırır
  17 İyun 2013    Oxunub:2598
Emin Piri

VII əsrin ərəb təfəkkürü ilə Allaha inanmaq absurddur. Ərəb dilində anlaşılmadan kor-koranə ibadət isə İslamı qorxunc dinə çevirir. Bu gün terrorla cihad edərək cənnətə qovuşmaq istəyənlərin Qarabağ uğrunda döyüşmək istəməməyi bu kor-koranəlikdən və qorxuncluqdan gəlir. Onlar burada ölməyi şəhidlik saymır, amma uzaq Suriyada, Əfqanıstanda məscid, bazar partlatmağı, uşaqları, dinc insanları öldürməyi Allah yolunda cihad bilirlər.
Əgər o torpaqları Alah yaradıbsa, yer üzü onundusa və bu yerlərdə ədalət qurmaq lazımdısa, bəs Qarabağı kim yaradıb? Bəlkə bu torpaqlardan, Azərbaycandan Tanrının xəbəri yoxdu? Buna görəmi sizə uzaq olan ölkələrə gedərək, Tanrının gözünə görünmək lazımdı?

Anlaşılmayan dinin cəmiyyətləri məhvə aparan qorxunc, insanlığa sığmayan əsas nümunələrindən biri budur. Nə zamana kimi İslam öz dilində sənə agah olmayacaqsa, bu, daha böyük fəlakətlərə aparacaq.
Işğalçı bir ərəb `qəhrəmanın` adına milyonlara mərkəzlər tikmək, ehsanlar vermək əvəzinə əlil olmuş bir Qarabağ əlilinin əlindən tutmaq olmazmı?! Budur sevgi, budur Tanrıya da, özünə də olan sayğın, sevgin!

Cəmiyyət həmişə inkişafdadır, Allaha olan münasibət də həmçinin. VII əsr ərəb təfəkkürü və dili ilə nə zamana kimi Allaha inanmaq olar? Allah tarixin, zamanın, dilin, xalqların fövqündə dayanır. O, hamını öz dilində anlayır. Eşq isə qəlbdən gəlir. Qəlbin dili olmur, eşq elə eşqdir. Buna görə də, Allaha edilən duaların, qılınan namazların hansı dildə olmasının əhəmiyyəti yoxdur. Quran bütün xalqlar, bəşəriyyət üçündür, amma ərəb dili haqqında belə bir söz yoxdur. Ərəb dili mənim sevgi dilim ola bilməz. Bu dil Allaha qovuşmağımıza bir səddir, nəinki vasitə. Ərəb dili bizi Tanrıdan ayıran dildir, qovuşduran yox. Dinin öz dilində ibadətinə bir sıra nümunələr gətirə bilərik. İncil hər xalqın öz dilində oxunur, ibadət olunur. Bu sıraya digər təkallahlı dini - iudaizmi də aid edə bilərik.
Ərəb dili nə allahın, nə də bəşəriyyətin dilidir!

Namaz azərbaycan dilində olmalıdır, həmçinin azan, yasin və digər ibadətlər də.
Çoxları deyir ki, ərəbcədən çevirəndə məna itir. Bəs, başdan-başa duadan ibarət namazın azərbaycanca qılınmasında nə itəcək? Dua elə duadı. Sənin sevgi nümayişindi. Bunu istəməyənlər sadəcə milli kökə qayıdışı, Tanrıya yaxınlaşmağı istəmirlər, məqsəd şeytanilikdir.

Əgər Allah bəşəriyyəti ərəb dilində başa salmağa çalışırsa, bəs insanları millətlərə niyə böldü?

Vaxtilə Atatürk bu yola baş vurmuşdu. Onu “kafir” adlandırdılar. Amma bugün rahat şəkildə namaz qılanlar məhz Atatürkün qəhrəmanlığı sayəsində ibadətlə məşğul ola bilirlər.

1400 ildir ki, xalqımızla Quran arasında böyük uçurum var. Xalq ona doğma yox, göylərin cəza aləti kimi baxır. Müəyyən tarixi dövrlərlə gilyotin, xəncər, qamçı və.s kimi. Bu da onu daha qorxunc vasitəyə çevirir, nəinki sevgiyə. O, yaddır, çünki ilk növbədə onun dili yaddır. Bir insan yadı nə qədər sevsə də, həmişə içində bir ehtiyat, qorxu olur. O, doğma deyil, amma doğmalaşmalıdır. Yoxsa, aradakı uçurum get-gedə daha da artacaq.

Bununçün İslam azərbaycanlaşmalı və milliləşdirilməlidir.

Ərəb dilinin zənginliyi haqqında çox danışanlar izah etsinlər ki, niyə bütün dünyanı fəth etmiş ərəblər bizim bir tək Şəms Təbrizini ortaya qoya bilmirlər?
Bizim düşüncəmiz, təfəkkürümüz, Tanrıya inancımız, mədəniyyətimiz ərəbdən daha üstün və sivildir. Vəhşi deyil. Amma vəhşinin diliylə ibadət etməyə zorlanır.

Ərəb dili - ərəb işğalı deməkdir. Ərəblər tutduqları ölkədə onların dinini qəbul etməyənləri qılıncdan keçirərdilər (tək allahlığa inanları isə vergiylə əzirdilər). Biz isə bütün mədəniyyətlərə sayğı göstərmişik.

Bu torpaqlarda islamı könüllü qəbul ediblərmiş! Bunu necə könüllü qəbul ediblər ki, insanların qarşısına belə bir şərt qoyulub: ya islamı qəbul et, ya da öləcəksən! (təkallahlıq xaric) Könüllülük budurmu? Mərhəmət hissi belədirmi? Bəşəriyyətə sevgi qılıncın itiliyindədir?

Siz Allah, belə mərhəmət olar?İnsana həyatıyla din arasında şərt qoyursan və təbii ki, yaşamaq naminə yalançı könüllülük edəcək. Bu gün də dinin ögey qalmasının səbəblərindən biri budur.

Əgər din könüllü olsaydı zaman-zaman bu tipli yazılar yazılmazdı.

Son zamanlar dini fanatizm gənclər arasında tüğyan edir. Səbəb isə anlamadan inanmaqdadır. Yalnız namazın, ibadətin azərbaycanlaşdırılması bunun qarşısını ala bilər.

Həm də bu dindarlar din üçün daha artıq nə istəyirlər? Zatən bayrağımızın bir rəngi dini özündə ehtiva etmirmi? Amma üçüncüsü. Bəzən yerini bilmək daha yaxşıdır…


Teqlər:





Xəbər lenti