Qanun olsa da, “Qəhrəman ana” tapmayacağıq

Qanun olsa da, “Qəhrəman ana” tapmayacağıq
  31 Yanvar 2013    Oxunub:2321
İlkin Ağayev
[email protected]

Milli Məclisdə “Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında” yeni qanun layihəsi hazırlanıb. Qanunda nəzərdə tutulub ki, Azərbaycanda 10 və daha çox uşağı, o cümlədən, övladlığa götürülmüş uşaqları olan, onları 18 yaşınadək tərbiyə edən qadınlar “Qəhrəman ana” hesab olunacaqlar.
Qanuna əsasən, “Qəhrəman ana” adı veriləndə mütləq valideynin öz vəzifələrini layiqincə yerinə yetirməsi, uşağın tərbiyəsi və təhsili üçün əlverişli şərait yaratması, uşaqda yüksək əxlaqi-mənəvi keyfiyyətlərin formalaşdırılması və sair nəzərə alınmalıdır. Qanun qüvvəyə mindiyi təqdirdə “Qəhrəman ana”lar bir sıra güzəştlər əldə edəcəklər. Hazırda güzəştlərin nədən ibarət olacağı müzakirə olunur.
Layihədə “Qəhrəman ana”lara birdəfəlik yüksək məbləğdə pul mükafatının verilməsi təklif olunur. Qeyd olunan imtiyaz və güzəştlərin valideyn hüququndan məhrum edilmiş valideynlərə və valideyn himayəsindən məhrum edilmiş uşaqlara, dövlət təminatında olan uşaqlara şamil olunmaması nəzərdə tutulur.
Qanuna sözardı:
Birincisi, sözsüz ki, hər bir qanunun qəbul edilməsində cəmiyyətdə uyğun sahədə prosesləri tənzimləmək, norma yaratmaq məqsədi güdülür. Sözügedən qanun da bu qəbildəndir. Amma günün və Azərbaycan cəmiyyətinin reallıqlarına baxsaq, ölkəmizdə 10 uşağı olan ana tapmaq çox çətin məsələdir. Demək olar ki, mümkün deyil. Bu qanunun 70-80 yaşlı analar üçün nəzərdə tutulduğuna da inanmaq olmur. Çünki sovet dönəmində onlar zatən təltif olunublar. Bu baxımdan, “Qəhrəman ana” adına namizəd belə göstərmək üçün cəmiyyətimizdə hansısa ananı tapmaq yəqin ki, mümkün olmayacaq...
İkincisi, tutalım, belə bir 10 və daha çox uşaqlı ana tapıldı. Yenə də ona “Qəhrəman ana” adını vermək mümkün olmayacaq. Çünki qanuna əsasən, “Qəhrəman ana” adı veriləndə mütləq valideynin öz vəzifələrini layiqincə yerinə yetirməsi, uşağın tərbiyəsi və təhsili üçün əlverişli şərait yaratması, uşaqda yüksək əxlaqi-mənəvi keyfiyyətlərin formalaşdırılması və sair nəzərə alınmalıdır”. Sizcə, bizdə hansı həyat və kulturoloji səviyyəsi, dünyagörüşü, təhsili yüksək olan ailədə 10 və daha çox uşaq dünyaya gəlir? Son zamanlarda İngiltərədə və sair inkişaf etmiş ölkələrdə şüurlu şəkildə ailələrdə çoxuşaqlılığın yaradılmasına şəkkiniz getməsin – bura Azərbaycandır. Qısacası, “ideal” vəziyyətdə 10 uşaqlı ana tapılsa belə, o, mütləq dağ yerində, yoxsul şəraitdə olacaq, uşaqlarının təhsili və sair üçün ətraflı şərait yaratmaq imkanı olmayacaq.
Ümumiyyətlə, dağ və ucqar rayonların təhsil göstəricilərinin nə dərəcədə aşağı olduğunu da hamımız bilirik. Bu baxımdan, 10 və daha çox uşaqlı namizəd ana tapılsa belə, təəssüf ki, onu mövcud şərtlər və kriteriyalar baxımından “Qəhrəman” edə bilməyəcəyik...
Üçüncüsü, “qeyd olunan imtiyaz və güzəştlərin valideyn hüququndan məhrum edilmiş valideynlərə və valideyn himayəsindən məhrum edilmiş uşaqlara, dövlət təminatında olan uşaqlara şamil olunmaması nəzərdə tutulur”. Bu, həmin “Qəhrəman ana” adı qazanmaq şansını əlçatmaz edən daha bir məhdudlaşdıcı məqamdır...
Beləliklə, bu cür qanunlar qəbul edilərkən sovet dövrünün kriteriyaları əsas götürülməməlidir. Çünki cəmiyyət, ailə münasibətəri dinamikdir və bu müddətdə Azərbaycan ailələrində də say və tərkib baxımından xeyli dəyişikliklər baş verib. Hazırda ölkədə nüklear ailələrin üstünlük təşkil etməsi, təkuşaqlı, uzaq başı iki uşaqlı ailələrin əksəriyyətə çevrilməsi göz qabağındadır. Bu baxımdan, biz hətta Azərbaycan reallığında çoxuşaqlı ailəni müəyyənləşdirərkən belə, yenə də reallıqdan çıxış etməyə məcburuq.
Əslində çoxuşaqlı ailə kriteriyalarına da yenidən baxmağa ehtiyac var ki, bu da başqa bir mövzudur. Amma hər halda ölkədə üç, ya da dörduşaqlı ailələr belə nadir hallarda rast gəlinməyə başlayıb. Belə bir durumda 10 və daha çox uşağı olan “Qəhrəman ana”nı necə tapasan?!


Teqlər:





Xəbər lenti