Moskva MDB-də `İŞİD kartı` ilə oynamaq istəyir – TƏHLİL

Moskva MDB-də `İŞİD kartı` ilə oynamaq istəyir – TƏHLİL
  22 Oktyabr 2015    Oxunub:4098
MDB-yə üzv olan dövlətlərin Qazaxıstanda keçirilən sammitində Putinin çıxışından aydın oldu ki, Rusiya MDB ölkələrinə İŞİD təhlükəsindən qorunmaq üçün xarici sərhədləri birgə qorumağı təklif edir. Başqa sözlə desək, Moskva “İŞİD-dən müdafiə” adı ilə, MDB respublikaların sərhədləri boyunca öz qoşunlarını yerləşdirmək istəyir. Bu isə həmin dövlətin müstəqilliyinin məhdudlaşdırılması anlamına gəlir.

Putin bu yolla Sovet İttifaqını qismən də olsa, bərpa etməyə çalışır. Ola bilər ki, prosesə Orta Asiya respublikalarında start verilsin. Amma maraqlıdır ki, MDB-nin sammitindən sonra bir sıra Rusiya KİV-də İŞİD-in Şimali Qafqazla yanaşı, Cənubi Qafqaza, həmçinin Azərbaycana qarşı təhlükə mənbəyi olması barədə məlumatlar yayılmağa başladı. Aydındır ki, Rusiya Azərbaycanı da özünün yaratdığı antiterror koalisiyasına qoşmaq istəyir və ölkəmizdə ictimai rəyin bu qərarın lehinə köklənməsinə çalışır. Bu istiqamətdə yaxın zamanlarda təbliğatın daha da genişlənəcəyini ehtimal etmək olar.

Rusiyanın öz imperial məqsədləri üçün hansısa bəhanələrdən istifadə etməsi mümkündür. Lakin İŞİD Azərbaycan üçün həqiqətən də təhlükə yaradırmı və Suriyadakı terrorçuların Orta Asiyaya, yaxud Qafqaza gəlmə təhlükəsinin olması barədə irəli sürülən iddialar nə dərəcədə həqiqətə uyğundur?

Müasir dövrdə `terror` kimi qələmə verilən məhfumlar əslində klassik anlamda başa düşülən terrordan xeyli fərqlənir. Klassik anlamda terror - müəyyən qruplaşmanın öz tələblərinin dövlət tərəfindən qəbul edilməsinə nail olmaq üçün müəyyən radikal addımlar atması kimi başa düşülürdü. Türkiyədə fəaliyyət göstərən PKK, Amerikada 11 sentyabr hadisələrilə məşhurlaşmış Əl-Qaidə klassik terror təşkilatı nümunəsidir.

Hazırda isə mərkəzi dövlət hakimiyyəti zəif olan ərazidə səhra komandirlərinin maddi qazanc məqsədilə başçılıq etdiyi silahlı qruplaşmanın maliyyələşdirən mənbənin sifarişlərinə əsasən apardığı silahlı fəaliyyəti `terror` kimi qəbul olunur. Mahiyyət etibarilə Ukraynanın Donetsk əyalətindəki səhra komandirlərilə, Əfqanıstan, İraq və Suriyada fəaliyyət göstərən səhra komandirlərinin fəaliyyəti arasında heç bir fərq yoxdur. Onların ancaq sifarişçiləri və məqsədləri fərqlidir.

Əgər ehtimal etsək ki, Ukraynadakı separatçıların sifarişçisi Rusiyadır, Yaxın Şərqdəkilərin isə ABŞ, o zaman bir məsələ vurğulanmalıdır ki, Donetsk və Luqanskda səhra komandirlərinin fəaliyyətilə bağlı uydurulan “əfsanə” kifayət qədər uğurlu hesab oluna bilməz. Yəqin ki, Ukraynadakı hadisələrin ssenarisi üçün Qəbdən mütəxəssis dəvət edilsəydi, hadisələr təxminən aşağıdakı kimi cərəyan edərdi: Səhra komandirlərinin separatçı fəaliyyəti sifarişçi tərəfindən pislənər və terror kimi qiymətləndirilər, sonra Ukraynaya terrorla birgə mübarizə təklif olunar, Kiyev razı olsa da, olmasa da, sərhəddə `terrorçuların təhlükə törətdiyini` əsas götürərək dövlət qoşunları həmin əraziyə daxil olardı. Bu, daha inandırıcı olar və dünya ictimayyəti tərəfindən ən azı qınanılmazdı.

Bu ssenarinin Orta Asiya və ya Qafqazda Rusiya tərəfindən dövriyyəyə buraxılacağı istisna edilməməlidir. Lakin belə kompleks işlər üçün daha geniş maliyyə imkanları lazımdır ki, bu baxımdan Rusiyanın vəziyyəti ürəkaçan deyil.

İŞİD-in Amerika tərəfindən yaradıldığını ehtimal etsək, 2000-ci illərin əvvəlindən Vaşinqtonun `antiterror` adı altında yürütdüyü siyasəti təhlil etdikdə belə bir qənaətə gəlmək olar ki, amerikalıların ilkin məqsədi Yaxın Şərq və ətraf regionları yerlə yeksan etmək, daha sonra bu ərazidə yeni xəritə çəkməklə yeni dövlətlər yaratmaqdır. Məhz buna görə əminliklə söyləmək olar ki, ABŞ-ın İraq və Əfqanıstanda məğlubiyyətə uğraması barədə irəli sürülən iddialar həqiqəti əks etdirmir. Əslində Vaşinqton istədiyini əldə edib.

İŞİD-ın İraqda sünnilərin şiə hakimiyyətinə etirazının bazasında yarandığını, Əsədə qarşı etirazın kökündə yenə həmin sünni-şiə davasının olmasını, həmçinin Yəməndəki qarşıdurmanın eyni səbəblərdən baş verdiyini nəzərə alsaq, belə bir qənaətə gəlmək olar ki, Amerika regionda monotəriqətli dövlətlərin yaradılmasını istəyir. Bütün bu oyunların yekun məqsədi isə enerji mənbələrinə nəzarət və təhlükəsiz şəkildə Qərbə ixracının təmin olunmasıdır.

Odur ki, gedən proseslərin məntiqi nəticəsi olaraq Yaxın Şərqdə neftin quru yolla, yəni boru vasitəsilə Suriya ərazisindən ixracının sünnilərə, Hörmüz və Bab-əl-Məndəb boğazları vasitəsilə dəniz yolu ilə ixracının isə şiələrə həvalə ediləcəyini gözləmək olar.

Digər ixrac xətti isə Xəzərin resurslarını Qərbə nəql edəcək və bu dəhliz türk birliyinə veriləcək. Türk dövlətləri rəhbərlərinin yaxınlaşmasına şəraitin yaradılması, layihənin açar dövləti olan Türkmənistanın bu tip tədbirlərə daha həvəslə qoşulması bununla bağlı ola bilər. Rusiya Qazaxıstan və Orta Asiya respublikalarının müstəqil iqtisadi siyasət yürütmələrinə mane olmaq üçün Transxəzərin kəmərinin çəkilməsinə imkan vermir.

Beləliklə, ABŞ-ın planlarına maneəçilik törədən Rusiya olduğu üçün İŞİD-in da hədəfi də olsa, bu ölkə olacaq. İŞİD Orta Asiyaya Əfqanıstan ərazisindən daxil ola bilər. Amerika “İŞİD-lə mübarizə” adı ilə öz qoşunlarını Türkmənistana yerləşdirsə, bu amil “Transxəzər”in reallaşmasına kifayət edəcək. Rusiya Qırğızıstan, Özbəkistan, Tacikistan və Qazaxıstanı qorumaq üçün hərbi əməliyyatlara girişəcək və nəticədə əlavə müharibəyə daxil olmaqla daha da zəifləyəcək. Paralel olaraq Şimali Qafqazda da gərginlik arta bilər.

İŞİD-in Azərbaycanda fəallaşması üçün isə zəmin və şərait mövcud deyil. Çünki, Cənubi Qafqazda gərginliyin baş verməsinin Qərb üçün təhlükəsi var. Bu zaman BTC, Qərb üçün əziz olan Gürcüstan və Avropa ilə Amerikanın ürəyində özünəməxsus yer eləmiş Ermənistan da zərbə ala bilər. Türk birliyinin formalaşdırılması perspektivi Qərb üçün Ermənistanın əks-təsir qüvvəsini artıran faktordur.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:





Xəbər lenti