Məhv olmuş təyyarənin siyasi sirri – TƏHLİL

Məhv olmuş təyyarənin siyasi sirri – TƏHLİL
  03 Noyabr 2015    Oxunub:17431
Şarm-əş-şeyx şəhərindən Sankt-Peterburqa uçan Rusiyanın “Koqalımavia” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğrayaraq Sinay yarımadasına düşməsindən 2 gün sonra prezident Vladimir Putin öz xalqına fəlakətlə bağlı başsağlığı verib. Qəzanın araşdırılması üçün xüsusi komissiyanı yaradılması ilə bağlı göstəriş verən Rusiya dövlət başçısı, “baş verənlərin obyektiv mənzərəsi məlum olduqdan sonra lazımi reaksiyanın veriləcəyini” bildirib.

Xatırladaq ki, oktyabrın 31-də “Koqalımavia” şirkətinə məxsus A321 sərnişin təyyarəsi Misir ərazisində, Sinay yarımadasının şimal hissəsində qəzaya uğrayaraq yerə düşüb. Təyyarənin göyərtəsində olan 217 sərnişin və 7 ekipaj üzvü həlak olub. Ölənlərdən 4-ü Ukrayna, 1-i Belarus, qalanları isə Rusiya vətəndaşları idi.

Baş vermiş qəzanın səbəbləri ilə bağlı müxtəlif, bəzi hallarda bir-birinə zidd versiyalar səsləndirilir. Hadisə ilə bağlı açıqlama verən “Koqalımavia” şirkətinin baş direktorunun müavini Aleksandr Smirnov təyyarənin texniki nasazlıq, yaxud, pilotların səhvi ucbatından qəzaya uğraması ehtimalının birmənalı olaraq istisna edildiyini vurğulayıb. Şirkət nümayəndəsinin sözlərinə görə, “təyyarəyə havada kənardan mexaniki təsir oluduğu üçün fəlakət baş verib. Çünki təyyarənin özü-özünə dağılması mümkün deyil”.

Lakin Rusiya Federal Aviasiya Agentliyinin rəhbəri Aleksandr Neradko, şirkət rəhbərliyinin verdiyi bu bəyanatın heç bir əsasa söykənmədiyini və vaxtından əvvəl səsləndirildiyini qeyd edib.
“Sky News Arabia” telekanalının verdiyi məlumata əsasən, A321 təyyarəsinin qəzası ilə bağlı araşdırma aparan Misir dövlət komissiyası təyyarəyə kənardan təsir versiyasının inkar edib. Belə mövqedən çıxış etməyə əsas verən əsas amil, göyərtə komandiririn dispetçerə “SOS” çağırışı göndərməməsidir.



“İslam Dövləti” terror təşkilatının Rusiya təyyarəsinin məhvinə görə məsuliyyəti öz üzərinə götürməsinə baxmayaraq, Misir və Rusiya rəsmiləri hadisənin terrorçular tərəfindən törədilməsi versiyasını inkar ediblər. Belə ki, Sinay yarımadasında olan terrorçuların yalnız daşınan zenit raket kompleksləri var ki, onların vasitəsilə 3.5-4 km yüksəklikdəki hədəflər vurula bilər. 10 km yüksəklikdə hərəkət edən obyektlərin vurulmasına imkan verən mürəkkəb havadan müdafiə sistemləri isə yalnız regionda yerləşən dövlətlərin sərəncamındadır. Sinay yarımadasına qonşuluqda isə İsrail, Səudiyyə Ərəbistanı və İordaniya kimi dövlətlər yerləşir.

Artıq uzun illərdir, aviaqəzalardan müxtəlif dövlətlər tərəfindən geosiyasi məqsədlər üçün istifadə olunduğunu və Rusiyanın son dövrlər apardığı aqressiv xarakterli xarici siyasətlə xeyli düşmən qazandığını nəzərə alaraq, Sinay yarımadasındakı qəzanın geosiyasi xarakter daşıması istisna olunmamalıdır.

2001-ci ilin sentyabrın 11-də terrorçular tətəfindən qaçırılan sərnişin təyyarələrinin binalara çırpılmasından sonra, ABŞ-ın bu hadisəni bəhanə gətirərək Əfqanıstan və İraqa hərbi müdaxilə həyata keçirməsi aviaqəzadan geosiyasi məqsədlər üçün istifadənin klassik nümunəsi hesab oluna bilər.

Maraqlıdır ki, 3 yanvar 2004-cü ildə Şarm-əş Şeyx şəhərindən Parisə uçan Boeing-737-3Q8 təyyarəsi də qəzaya uğramış, hadisə nəticəsində təyyarənin göyərtəsində olan 148 nəfər həlak olmuşdu. Həlak olanlardan 132 nəfəri Fransa vətəndaşı idi. Qəzanın səbəbi araşdırılsa da, konkret səbəb açıqlanmadı. Hadisədən bir il əvvəl ABŞ və Britaniya İraqa hərbi müdaxiləyə imkan verən qətnamənin BMT Təhlükəsizlik Şurasında qəbul olunmasına çalışsalar da, bu layihəyə qarşı çıxmış yeganə Avropa ölkəsi Fransa olmuşdu. Fransa ilə bərabər Çin və Rusiya qətnamənin qəbuluna etiraz etmişdilər.



İspaniyada 11 mart 2004-cü il tarixdə əlektrik qatarlarında törədilmiş partlayış nəticəsində 191 nəfər həlak oldu. Bu hadisədən sonra İspaniya hökuməti koalisiya qüvvələri tərkibində İraqa göndərdiyi kontingentin geri çağrılması barədə qərar qəbul etdi.

Amerika, Misir və İspaniyada baş vermiş bu hadisələrin tarixlərin numeroloji uyğunluğu da diqqəti cəlb edir. 11.09.01 tarixində Amerikada təyyarə qəzası, 03.01.04 Misirdə fransız təyyarəsinin partlaması, 03.11.04 tarixində İspanyadakı terror hadisəsi. Rusiya təyyarəsinin məhz 31.10.15 tarixində qəzaya uğraması təsadüf olmaya bilər.

Maraqlıdır ki, həm Rusiya, həm də Misirin rəsmi dairələri fəlakətlə bağlı terror versiyasını birmənalı olaraq inkar edirlər. Hər iki dövlətin KİV-ləri də bu versiyanın labüdlüyünü mümkünsüz sayırlar. Əslində Rusiya ilə Misirin bu tip mövqedən çıxış etmələri başa düşüləndir. Rusiya vətəndaşlarının öz dövlətlərinin Suriyaya hücumunun bədəlini ödəmələri ölkə daxilində ciddi etirazlara səbəb ola bilər. Hətta, etirazlar Kremli Suriya kampaniyasını yarımçıq qoymağa məcbur edə bilər. Odur ki, hökumət terror versiyasını səsləndirməkdən ehtiyat edir. Bununla belə, hadisədən sonra Rusiya təyyarələrinin Sinay yarımadası üzərindən hərəkət etməmələri barədə qərar vermələri fəlakətin kənar müdaxilənin nəticəsi olması barədə versiyaya inamı artırır.

Rusiya təyyarəsinin terror nəticəsində qəzaya uğraması Misir rəhbərliyinin rusiyalı turistlər hesabına turizmi dirçəltmək planlarını alt-üst edə bilər. Məlumdur ki, əvvəlcə Qərb, sonra isə Türkiyə ilə münasibətləri korlandıqdan sonra Rusiyada daxili turizmlə yanaşı, xaricdə məhz Misirə səyahət geniş təbliğ olunurdu. Bu hadisədən sonra ruslar Misir kurortlarına səyahətdən ehtiyat etməyə başlayacaq və yenidən ən əlverişli alternativ kimi Türkiyəyə getməyə üstünlük verəcəklər.

Qeyd etmək lazımdır ki, Türkiyə ilə yanaşı, İsrail və Səudiyyə Ərəbistanı da Rusiyanın Suriyaya hərbi müdaxilə etməsinə qarşı çıxmışdılar. Bu mənada region dövlətlərinin maraqlarının üst-üstə düşməsi ilə yanaşı, hər birinin ayrı-ayrılıqda Moskva ilə hesabları var.

Suriya kampaniyası çərçivəsində Rusiyanın bir neçə dəfə Türkiyənin hava sərhədlərini pozduğunu təbii ki, Ankara unutmayıb. 4 oktyabr 2001-ci il tarixdə Təl-Əviv–Novorossiysk reysi ilə uçan və göyərtəsində sərnişinlərin əksəriyyəti İsrail vətəndaşı olan Tu-154 təyyarəsinin Qara Dəniz üzərində hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmasını isə yəqin ki, yəhudilər unutmayıblar. Həmin vaxt Qara Dənizdə Rusiya və Ukrayna hərbi qüvvələrinin təlimləri keçirilirdi və sərnişin təyyarəsi “təsadüfən” C-200 zenit raketi vasitəsilə vurulmuşdu.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti