Stratforun təhlili və Putinin Bakıya zəngi – TƏHLİL
“Amerikanın belə deyək, analitik kəşfiyyat mərkəzi `Stratfor`un Ermənistanla bağlı məqaləsində sadalanan faktlar bizim üçün elə də yenilik deyil. Bildiyimiz şeylərdir. Güclü Ermənistanın Rusiyaya əl vermədiyini biz dəfələrə demişik. Bununla yanaşı mərkəzin qabartdığı bir sıra məqamlar var ki, üzərində ayrıca dayanmaq olar”.
Bu sözlər millət vəkili, tanınmış telejurnalist Sahib Alıyevə aiddir. AzVision.az onun məsələ ilə bağlı şərhini təqdim edir:
- Birinci məsələ İranın hazırda Ermənistanla daha sıx əməkdaşlığa can atmasıdır. `Stratfor`dakılar bildirirlər ki, Suriyaya yanaşamda fikirləri toqquşduğundan, İran öz enerji daşıyıcılarını Türkiyədənsə Ermənistan üzrəindən Qərbə çatdırmaqda maraqlıdır. Bəli, Suriya məsələsində İranla Türkiyənin maraqları toqquşur və yeri gəlmişkən, bəndəniz həmişə bu fikirdə olub ki, rəsmi Ankaranın Yaxın Şərq siyasətində xeyli yanılışlıqlar var. Amma iş burasındadır ki, İranın enerji daşıyıcılarını Türkiyə deyil də, Ermənistan üzərindən Qərbə çatdırmaqda maraqlı olmasında Suriya faktoru ikinci dərəcəli məsələdir. İranın Ermənistanla daha sıx əməkdaşlığa can atmasının kökündə başqa şeylər dayanır və bunun nə olduğunu da biz gözəl bilirik.
Ruslar deyirlər ki, “net xuda bez dobra” və yaxud başqa bir məsəlləri də var: “ne bılo bı sçastya, da nesçastye pomoqlo”. Həqiqtən də bəzən görürsən ki, onlar deyən kimi olur. Sənin əleyhinə işləyən fakt bəzən dadına da çatır. İranın da Ermənistanla daha sıx əməkdaşlığının qarşısını alan hazırda məhz Rusiyadır. Əgər Ermənistan Rusiyanın forpostu olmasa idi, rəsmi Tehran onu düşdüyü indiki təcrid vəziyyətindən çıxaracaqdı.
Əslində bu yöndə səylər həmişə olub, indi üzərindən sanksiyalar götürüldükdən sonra isə bu səylər daha da gücləndiriləcəkdi, elə gücləndirilib də. Ancaq `Stratfor`un da vurğuladığı kimi, ortada Rusiya faktoru var. Və Moskva öz forpostunu kimsəyə güzəştə getmək istəmir. Ona görə də İranın milyardlar xərcələyib Ermənistana çəkmək istədiyi dəmir yol xəttinə elə də sıcaq yanaşmır, oradan gələn qaz kəmərini tamamilə özününküləşdirib. Və yeni bir xəttin çəkiləcəyi halda onu da kontroluna almaq üçün həm Gürcüstanda, həm də Ermənistanın özündə bir sıra hazırlıqlar görüb.
`Stratfor`un məqaləsində diqqət çəkən faktlardan biri də Rusiyada yaşayan iki varlı ermənin: Rusiya Erməniləri Birliyinin sədri Ara Abramyan və `Taşir` şirkətlər qrupunun prezidenti Samvel Karapetyanın Ermənistandakı siyasi proseslərə qoşulmaq istəmələridir. Ara Abramyan Liviyada 1 milyard dollar itirdikdən sonra əvvəlik kimi varlı deyil. Amma Karapetyanın təqribən 5 milyard dollarlıq bir varidatı var. Aydındır ki, hər ikisini bu siyasi oyuna qoşan Moskvadır və həmin Moskvanın istəyilə onlar gələcəkdə birgə çıxış edə bilərlər. Bu isə o deməkdir ki, `Stratfor`un da vurğuladığı kimi Ermənistan hələ xeyli Rusiyanın forpostu olaraq qalacaq.
Bütün bu reallıqları nəzərə aldıqdan sonra bizim üçün daha çox maraqlı olan bilirsiniz nədir? Cəbhədəki vəziyyət. Diqqət yetirin, `Stratfor` da qeyd edir ki, hazırda cəbhədəki bütün toqquşmalar ermənilərin daha çox canlı qüvvə və hərbi texnika itirmələrinə səbəb olur.
Beləliklə, gəlib çıxırıq mətləb üstünə. Görəsən nədən hər kəsə bəlli olan faktları `Strartfor` məhz indi qabardır. Və nə üçün Rusiya forpostunun cəbhədəki itkilərinə dözümlü yanaşır? Aydındır ki, bu, heç də səbəbsiz deyil. Əgər qərbdəkiləri Dilqəm Əsgərovla Şahbaz Quliyevin nədən erməni girovluğunda saxlanmaları deyil də, Leyla Yunusun təzyiqinin qalxıb-qalxmadığı maraqlandırırsa, Azərbaycan cəbhədəki üstünlüyünü qoruyub saxlamaqla Moskvayla bu yöndə həm əməkdaşlığı, həm də danışıqları davam etdirməlidir. Rusiya prezidenti Vladimir Putinin telefon açaraq dövlət başçımız cənab İlham Əliyevi noyabrın birində keçirilən parlament seçkisindəki qələbəylə bağlı təbrik etməsi və onların əlaqələrimizin daha da möhkəmlənməsinə çalışacaqlarını vurğulamaları faktı da göstərir ki, elə belə də olacaq.
Teqlər: