Ermənistan tarixi seçim qarşısında – TƏHLİL

Ermənistan tarixi seçim qarşısında – TƏHLİL
  16 Noyabr 2015    Oxunub:6022
(Birinci yazı. İkinci yazını BURADAN oxuya bilərsiniz)

Azərbaycanın Putinin qurduğu Avrasiya İttifaqına qoşulması müqabilində Moskvanın Dağlıq Qarabağ probleminin Bakının istəyinə uyğun həllinə start verməsi Avropanı da hərəkətə gətirib. Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ problemilə bağlı qətnamənin qəbulu Qərbin Azərbaycanı öz orbitində saxlamaq, yaxud ən azı, tamamilə Rusiyanın təsir dairəsinə düşməkdən qorumaq üçün atdığı addımdır.

Həm Qərb, həm də Rusiya üçün məsələni mürəkkəbləşdirən əsas amil hər iki tərəfin bütövlükdə Cənubi Qafqaza sahiblənmək istəyilə bağlıdır. Lakin Cənubi Qafaqaz dövlətləri arasındakı fikir ayrılıqları və daban-dabana zidd mövqeləri geosiyasi qütblərin heç birinə bu istiqamətdə mütləq qalibiyyət əldə etmək imkanı vermir.

Rusiya üçün yaranmış vəziyyətdə Azərbaycanı simvolik olsa belə, öz təsir dairəsinə keçirmək Qərb qarşısında böyük üstünlük qazanmaq deməkdir. Çünki Azərbaycan Xəzər hövzəsinin enerji resurslarının Qərbə axınının açarı statusunu daşıyır və Bakının hansı qütbdə olması həmin qütbün bu axın üzərində dominantlığı anlamına gəlir. Avropanı Rusiyanın enerji asılılığından xilas edəcək bu axını nəzarətə götürmək üçün Kreml Dağlıq Qarabağ münaqişəsinin həllinə razılıq verə bilər. Lakin bu zaman başqa bir problem - Ermənistanın narazılığı ilə qaşılaşması mümkündür.

Ermənistan ilk baxışdan mahiyyət edibarilə əhəmiyyətsiz dövlət olduğu təzahürü bağışlasa da, əslində Yerevanın həm Qərb, həm də Rusiya üçün strateji əhəmiyyəti var. Rusiya üçün Ermənistan ilk növbədə cənub sərhədinin “forpostu” rolunu oynayır. Türkiyə və İranla birbaşa sərhəddə yerləşən Ermənistanda Rusiya hərbi bazasının mövcudluğu Moskvanın Yaxın Şərq regionunda olduğunu simvolizə edir və region dövlətlərinin Kremllə hesablaşmalarını şərtləndirir.

Ermənistanın Rusiyanın nəzarətində olması cənubdan gələn islam dəyərlər, Türkiyədən gələn pantürkizm, “türksəyağı müsəlmanlıq” və s. dəyərlər axınının qarşısını qismən də olsa alır, müəyyən süzgəc rolunu oynayır. Məhz Ermənistanın qatı ruspərəst mövqeyi hesabına Rusiya Cənubi Qafqazda qala bilir və bir gün yenidən bölgəni tam nəzarətə keçirəcəyinə ümid edir.

Ermənistanın Gürcüstan, yaxud Ukraynada olduğu kimi avropalaşması Rusiyanın Qafqazdan çıxması ilə nəticələnəcək. Belə olan halda Rusiyanın Ermənistanı əlində saxlamaq üçün ənənəvi istifadə edəcəyi təsir mexanizmi qalmayacaq. Çünki Ermənistan monoetnik və monodini dövlət olduğu üçün dini-etnik zəmində münaqişənin baş verməsi mümkün deyil. Rusiyanın bu ölkə ilə birbaşa sərhədi olmadığı üçün isə, Moskvanın silahlı müdaxilə etmək imkanları da məhduddur. Bu halda Rusiya Azərbaycanla “köhnə dostluq” münasibətlərini yada salıb Ermənistana qarşı müharibəyə başlamasını istəyə bilər. Yaxud, Ermənistandakı Rusiya hərbi bazası hərbi çevriliş yolu ilə Ermənistanı Rusiyanın tərkib hissəsi, “tarixi torpaqları” elan edə bilər ki, bunun da uğurla nəticələnəcəyi sual altındadır.

Məhz bu səbəbdən Ermənistan hər nə qədər Rusiyanın heç bir səlahiyyəti olmayan “forpost”u hesab edilsə də, Moskva Yerevanla əmr tonunda danışa bilmir, Ermənistana qarşı daha çox yumşaq təzyiq və Azərbaycanla barışın qazandıracağı üstünlüklərə inandırmaqla məqsədinə nail olmağa çalışır.

Qərb yaranmış vəziyyətdən istifadə edib Ermənistanı Rusiyanın orbitindən çıxarmağa və bu yolla ümumilikdə Moskvanı Qafqazdan sıxışdırmağa çalışır. Ancaq bununla belə, Dağlıq Qarabağ məsələsində Qərb də Rusiya kimi Azərbaycanın ərazi bütövlüyü prinsipini qoruyur və Ermənistandan da bunu tələb edir. Öz tərəfinə çəkmək üçün ancaq iqtisadi üstünlüklər vəd edir. Məsələn, İrandan Ermənistan vasitəsilə Gürcüstana qazın ixracı, yaxud Türkmənistan-Ermənistan iqtisadi münasibətlərinin inkişafı kimi ideyaların ortaya atılmasında ABŞ və Avropanın imzaları aydın şəkildə sezilməkdədir.

Beləliklə, Ermənistanda Rusiya üçün təhlükəli belə bir ictimai fikir formalaşa bilər ki, “Əgər biz hər iki halda (Rusiya tərəfində olsaq da, qərbyönümlü olsaq da) torpaqları Azərbaycana qaytarmalıyıqsa, o zaman Rusiyanın nəzarətində qalmaqdansa, müstəqil olaq, Avropa ilə iqtisadi əməkdaşlığa başlayaq, ən azından iqtisadiyyatımızı inkişaf etdirib daha yaxşı yaşaya bilərik”.

Hazırda ermənilər qarşısında üç tarixi seçim imkanı yaranıb. Bu seçim ona görə tarixi xarakter daşıyır ki, Ermənistanın bundan sonrakı mövcudluğunun xarakterini müəyyən edəcək.

Birinci seçim – Azərbaycanın torpaqlarını qaytarıb, Rusiya tərəfində qalmaq
İkinci seçim – Azərbaycanın torpaqlarını qaytarıb, qərbyönümlü olmaq
Üçüncü seçim – Bütün tərəflərə “yox” deyib, qapalı ölkəyə çevrilib, torpaqları saxlamaq üçün mübarizə aparmaq.

Söhbət ondan gedir ki, artıq Ermənistan ənənəvi olaraq yürütdüyü status-kvonu saxlamaq naminə iqtisadi tənəzzülə dözərək, “balanslaşdırılmış” siyasəti apara bilməyəcək. Rusiya ilə Qərbin qarşıdurması günü-gündən daha aqressiv forma aldığı üçün geosiyasi mövqelər uğrunda mübarizə daha qətiyyətli xarakter almağa başlayır. Qafqaz uğrunda mübarizə isə qarşıdurmanın ən mühüm mərhələsidir.
Seçimlərə gəldikdə isə... Bu barədə ikinci yazıda.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti