Məhkəmə soydaşlarımızın iddiasını məqbul hesab edib

Məhkəmə soydaşlarımızın iddiasını məqbul hesab edib
  25 İyun 2013    Oxunub:1303
Avropa Məhkəməsində azərbaycanlı məcburi köçkünlərin Ermənistan hökumətinə qarşı qaldırdığı iddia üzrə proses gələn il keçiriləcək
Gələn ilin yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı şikayət iddiası ilə müraciət edən azərbaycanlıların işinə mahiyyəti üzrə baxılacaq.

Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Apa- ya açıqlamasında bildirib ki, 2014-cü ilin yanvarında artıq Avropa Məhkəməsində məqbul qəbul edilən Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərdən “Çıraqov və başqaları Ermənistana qarşı” işinin mahiyyəti üzrə məhkəmə iclası keçiriləcək.

O qeyd edib ki, həmin şəxslərin Ermənistana qarşı verdikləri şikayəti bu il Avropa Məhkəməsi məqbul hesab edib: “Yəni orada proses belədir ki, Avropa Məhkəməsi verilən şikayətləri əvvəlcə məqbul hesab etməlidir ki, sonra mahiyyəti üzrə baxsın. Artıq azərbaycanlıların şikayəti məqbul hesab edilib və mahiyyəti üzrə də baxılması üçün vaxt təyin olunub”. Ç. Əsgərov deyib ki, məhkəmədə həmçinin Ermənistan tərəfdən təzminatın ödənilməsi məsələsinə də baxılacaq: “Hansı məbləğdə təzminatın ödənilməsinə orada qərar veriləcək”.

Qeyd edək ki, iddiaçılar Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və Qara Cəbrayılovdur (1940). Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayırlar. Laçın rayon sakinləri olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib. Adı çəkilən şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə, öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən onların məruz qaldığı zərərin müqabilində təzminat ödəməyib. İddia ərizəsi 1-ci İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildirib və qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur etməzdilər. Bu şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub.



Teqlər:





Xəbər lenti