Adın nədi, Qadın?
Başqa ad altında əsər yazan qadınların əziz xatirəsi üçün.
Jorj Sand əmin idi ki, bir qadının hər bir zaman bir kişinin onu qorumasına ehtiyacı var, o kişi hər kim olursa-olsun, qadın elə qadın olaraq da qalır.
Bu sözlərə nə qarşı çıxmağa, nə də qüvvət verməyə heç bir şey yazmaq fikrində deyiləm.
Jorj Sandın özü də kişi adı ilə tanınırdı ədəbi məkanda, kişi geyimlərində gəzirdi, öz zamanı və əhatəsi üçün kifayət qədər cəsarət tələb edən mətnlər yazırdı, qadın hüquqlarının müdafiəsi üçün çıxışlar edirdi.
Yanındakı kişilər dəyişirdi, gah birinin onu qoruya biləcəyinə ümid edirdi, gah digərinə sığınırdı, ümid etdiyindən canını qurtarmaq üçün...
Ən çox sığındığı isə ədəbi təxəllüsü idi.
Avrora Dyüpen kimi deyil, Jorj Sand kimi tanıdıq biz də onu.
Eləcə də imzaları kişi adı kimi dünyanın ədəbiyyat tarixinə düşmüş digər qadınları.
Gözümüzü ilk dəfə açdığımız andan ta son dəfə qapayacağımız ana qədər bizimlə bərabər, eyni dünyanı paylaşan qadınların nə qədərinin ədəbiyyatı həyatının bir parçası etdiyini bilə bilməyəcəyik.
Bəzən bir evin içində bir yazıçı ya bir şair ilə bir süfrəyə oturacaq, bir çörəyə əl uzadacaq, bir ocağın istisini bölüşərik, amma onun, az qala hər gün ən müxtəlif internet səhifələrindən üzümüzə baxan imzanın əsl sahibi olduğundan xəbərimiz olmayacaq.
Bəzən sevərik bəlkə mətbuatdan oxuduğumuz yazılarını, bəzən qıcıqlanarıq, lağa qoyarıq bəlkə, bəyənməyib, kobud-kobud sözlər deyərik ünvanına.
Bəzən yazısını oxuyub, onun özünü də çağırarıq yanımıza, gəl, bax, deyərik, indi gör necə bir şərh yazaram bu avaraya, sənət tapıb özünə!
Ya da əksinə, gəl deyərik, baxsana necə gözəl şeirdi bu, istədim, sən də görəsən, indi hətta tərif dolu bir şərh də yazacağam, qoy davamlı olsun!
Nə fərqi deyiləcək tərifin ya təhqirin?
Hər ikisindən sonra gizlindəki tənhalığına çəkilib, için-için yanmaq var, ağlamaq var, ağrımaq var onsuz da.
Bəzən kişi adı olar oxuduqlarımızın altında, bəzən qadın adı.
Amma uydurma, taxma, yalançı...
Nədir bu qadınları ikili həyat yaşamağa vadar edən?
Evinin içində ayrı qadın olmaq, yazısının içində tamam başqa şəxsə çevrilmək bu qədər asanmı?
Məlum, evli, divarlı, ərli, uşaqlı, qohumlu, əqrabalı, hampalı, el-obalı bir azərbaycanlı qadını üçün ev tozsoranlamaq, gül əkib-bəsləmək, qızıl, ətir, geyim dükanlarını dolaşmaq qədər asan deyil ədəbiyyat məkanına adlamaq, burada rahatca, istədiyi kimi bədii mətnlər yazmaq, publisistik çıxışlarını etmək və s.
Ya sən öz həqiqi imzanı seçirsən, ya da həqiqi ədəbiyyatı.
Həqiqi imzanla qalacaqsansa, o zaman mütləq gərək kimin qızı, kimin arvadı, kimin gəlini, kimin qudası və s. olduğunu gözlərinin qarşısına yığasan, bunların hər hansı birinin adına, nüfuzuna, vəzifəsinə, hətta maddi-mənəvi vəziyyətinə zərrə qədər zərər verə bilməyəcək neytral mətnlər yazasan.
Sən, içindəki ədəbiyyatın azad ruhunu öldürməli olacaqsan, təki çap olunmağına izn versinlər deyə, onların bəyənəcəkləri mövzularda və üslublarda işləyəcəksən, onların səni bir-birləri üçün tərifləməsi, az da olsa, fəxr etməsi ilə ovunacaqsan.
Yox, həqiqi ədəbiyyatınla qalacaqsansa, o zaman ya özünə uydurma ad tapmağa məcbur olacaqsan, ya da ətrafındakı doğma insanları itirəcəksən.
Mən istisnalardan danışıram.
Əsl istedadı olan, amma doğmaları tərəfindən heç bir mənəvi dəstək ala bilməyən çox az qism qadınlarımızdan.
Mən onları tanıyıram.
Mən onları sevirəm.
Ən azından, öz imzamı tanıdığım və sevdiyim qədər.
Teqlər: