“Biz tərəflərdə aktyorluğa kişi sənəti kimi baxmırlar” - MÜSAHİBƏ

“Biz tərəflərdə aktyorluğa kişi sənəti kimi baxmırlar” - MÜSAHİBƏ
  26 İyun 2013    Oxunub:9935
AzVision.az-ın müsahibi “Aramızda qalsın” serialında “Mehman” obrazını canlandıran istedadlı aktyor Qurban Məsimovdur.
- İşləriniz necə gedir?

- Qaymaq kimi! İşlər yaxşıdır, birazdan tələbələrim gələcək.

- Bəlkə söhbətə elə sizin uşaqlığınızdan, təhsil aldığınız dönəmdən, gəncliyinizdən başlayaq…

- Şəkidə doğulmuşam, elə orada da rus orta məktəbini bitirmişəm. Yeri gəlmişkən deyim ki, məktəb vaxtı texniki fənnlərə marağım heç yox idi. Amma o vaxtdan elə aktyorluq bacarığım olduğuna görə birtəhər konpensasiya edirdim. Müəllimlər özləri də kömək edirdilər, məsələn, “üç” əvəzinə “dörd” yazırdılar. O vaxt bir növ məktəbin xalq artisti idim. Daha sonra Bakıda Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul oldum. Elə universitetdə oxuyarkən plastikaya, pantomimaya maraq yarandı. Daha sonra isə “Dəli yğıncağı “ pantomima teatrını yaratdıq. Sonra teatrımız dövlət statusu aldı.
3 il hərbi dəniz qüvvələrində xidmət eləmişəm. Xidmətdən geri qayıtdıqdan sonra isə, Bakı Musiqi Akademiyasının vokal şöbəsinə daxil oldum. Nəhayət, Gürcüstanda, Bolqarstanda təhsilimi davam etdirdim. Hələ də öyrənirəm. Evliyəm və bir qız övladım var.

- O zamanlar, bildiyimə görə, hər adam cəsarət edib bu sənəti seçmirdi?

- Ümumiyyətlə, biz tərəflərdə aktyor sənətinə kişi sənəti kimi baxmırlar. Məsələn, universitetə daxil olanda, qonşuların hamısı məni təbrik edib, rişxəndlə dedilər: “Ay Qurban, aktyorluğa qəbul olmusan?” Mən də özümü itirmədim, dedim ki, aktyorluğa yox, rejissorluğa qəbul olmuşam. Soruşdular ki, o nə deyilən şeydir? Dedim: “Aktyorların böyüyü deməkdir”. Nə cavab versələr yaxşıdır: “Allaha şükür, yenə cəhənnəm, yaxşıdır.”


- Maraqlıdır, aktyor olmasaydınız, kim olardınız? Məsələn, satıcı, bərbər, santexnik və s. Hansını seçərdiniz?

- Mən satıcı olsaydım, yəqin ki, işlədiyim dükanın çox maraqlı tərtibatı olardı. Santexnik olsaydım, hamının istifadə etdiyi boz rəngli borulardan yox, rəngarəng borulardan istifadə edərdim.
Bu incəsənət elə bir şeydir ki, adam bununla yoğrulur. Əgər sənin tərkibin incəsənətdirsə, hansı sahədə işləyirsən-işlə, mütləq özünü büruzə verəcək.

- Deyirlər, qaşqabaqlı insansnız…


- Nə bilim, bəlkə də… Amma məni tanıyanların heç biri deməz ki, mən qaşqabaqlıyam. Ona görə ki, ən azından şəkiliyəm. Kənarda ola bilər ki, biz maska geyinirik. Çünki ətrafdakı insanların əksəriyyəti bizim üçün yaddır.

- Yaşınıza görə həddindən artıq gənc görünürsünüz. Bunun səbəbi nədir?

- Məndə evdə xüsusi bir otaq var, hər gün ora girirəm meditasiya eliyirəm və bir-iki yaş cavanlaşıram...
Hər kəsin zahiri görkəmi daxilinin təzahürüdür. Əgər daxildə hər şey normaldırsa, zahir haqda narahat olmağa dəyməz.

- Aktyorluq fəaliyyətinizlə yanaşı, bir çox tamaşalara quruluş vermisiniz. Özünüzü daha çox aktyor hesab edirsiz, ya rejissor?

- Mən özümü sənət aləminin bir fərdi kimi hiss edirəm. Və incəsənətin hansı sahəsi olursa-olsun, mənim üçün problem deyil. Akyorluğa gəldikdə isə, məncə, aktyor universal olmalıdır. Yəni deməməlidir ki, “mən ancaq bir ampuladan çıxış edirəm”. Misal üçün, ya ancaq dram aktyoruyam, ya komediya. Yeri gələndə, çox gözəl aparcı olmalıdır. Bəzən aktyorlar deyir ki, “mən toy məclisinə getmirəm”. Ona görə getmir ki, bacarmır. Yeganə aktyoram ki, Azərbaycanın hüdudlarından kənarda kloun kimi çıxış etmişəm. Dil bilmədən əcnəbi ölkədə çıxış etmək, zalı əldə saxlamaq böyük bacarıq tələb edir.


- 16 ildən sonra Pantomimadan niyə ayrıldınız?

- Düşündüm ki, özümü başqa sahələrdə də sınamalıyam. Teatrdan ayrılan kimi birbaşa mobil operator sistemindən təklif gəldi, reklama çəkildim. Afrikalı rejissor Mark Auriyellə işlədim, sonra bir neçə türk rejissorla çalışdım. Serialdan baş rol təklifi gəldi. İranlı rejissor Həsən Nəcəfli ilə işlədim, Məşhəd şəhərində yaşadım. ”Səkkizinci Səma”adlı bədii film çəkdik. İndi internet vasitəsilə məlumat aldım ki, film artıq İndoneziyanın Cakarta şəhərində festivalda nümayiş olunub. Başqa bir filmim Venesiyada festivalda göstərilib.

- Hazırda hansısa teatrla əməkdaşlıq edirsiniz?

- Sonuncu işim Gənc Tamaşaçılar Teatrında oldu. Müəyyən planlarım var, amma sirr olaraq qalsın. Öncədən demək maraqsızdır, həm də ki, dost var, düşmən var.

-Teatrlarda olan problemlərdən danışaq...

- Düşünürəm ki, hər kəs öz işini məsuliyyətlə görsə, heç bir problem olmaz. Maddi məsələlərə gəlincə isə, təbii, aktyor serialda daha çox qazanır, nəinki tetrda. Teatrda aldığı aylıq pulu serialda bir neçə günə alır. Bir də, əgər tamaşa yaxşı tamaşadırsa, mümkün deyil ki, ora tamaşaçı getməsin. Getmirsə, deməli, tamaşa zəifdir. Teatrda yeni üsullar olmalıdır, dünən qəbul olunan tamaşa bu gün qəbul oluna bilməz.

- Türkiyənin çox məşhur teatr və kino sənətçisi Mujdat Gəzənin belə bir ifadəsi var ki, teatrda əsl, kinoda yaxşı aktyor, serialda isə kim gəldi oynaya bilər. Bu fikirlə razısınızmı?

- Deyiləm. Çünki teatr olçülərilə kino ölçülləri tamamilə fərqlidir. Teatrda biz başımızı 45 dərəcədə o yana çeviriməliyiksə, kinoda baxışları çevirsən, bəs edər. Sirkdə isə daha geniş, məkana və üsluba uyğun çevrilməliyik.
Düzdür, mənim ən böyük ləzzət aldığım səhnə teatrdır. Çünki teatrda saat yarımmı deyim, iki saatmı deyim dayanmadan işləyirsən, aktyorun bütün orqanikası fəaliyyətdə olur. Kinoda isə bu, belə deyil, hər iki saniyədən bir: ”stoooop”!!! Kino aktyoru sadəcə tez-tez alışıb, sönməyə məcburdur. Serial isə aktyor üçün psixoloji baxımdan daha ağırdır. Bədii filmə çəkilmək daha asandır, nəinki seriala. Serial modelinə, o rejimə dözmək həqiqətən də çətindir. Məsələn, “Möhtəşən yüz il” seralının baş rolda oynayan aktrisası dözə bilmədiyi üçün rolu tərk edib. Çünki elə olur ki, saat 10–da çəkiliş başlayır və gecə üçə, dördə kimi davam edir. Bu baxımdan, serial daha ağırdır.


- Özünüz haçansa serial çəkəcəksinizmi?

- Nə vaxt görsəm ki, məni heç kəs daha çəkmir, onda özüm serial çəkməyə başlayacağam.

- Qadın obrazı oynamısınızmı? Ümumiyyətlə, buna necə baxırsınız?

- Mən kişinin qadın rolu oynamağına pis baxmıram. Belə bir rolu mənə bir dəfə təklif elədilər. Onlara bildirdim ki, Fransa olsa idi, oynayardım. Bizdə müəyyən mentalitet problemləri, həm də obrazın aktyora “yapışmaq” məsələsi var. Əgər kişinın özünün oynadğı qadın obrazına ironiyası varsa, həqiqətən o rol çox gözəl alınar.

- Sizi hansı obraz məşhurlaşdırdı?

- «Məşhurluq» deməzdim, bir az populyarlıq deyərdim. Pantomimada olduğum vaxtdan elə indiyə kimi də adım ora ilə bağlıdır. Amma serial məni daha da məşhur edir. Daha doğrusu televiziya. Mariko , Mehmanobrazları mənə müəyən qədər oxşayır. Ümumiyyətlə, aktyorun oynadığı hər bir obrazdan nə isə ona keçir. Ümumiyyətlə, arzusunda olduğum hansısa obraz yoxdur. Çalışıram hər obrazımı tam mənada oynayım,canlandırım ki, gözəl alınsın.

- Xarici ölkələrlə hansısa layihələr varmı?

- Bəli,3 olkə ilə proyektlər var, amma hələ ki, sirr olaraq qalsın...

- Mükafatlarınızdan, təltiflərinizdən danışaq…

- Hər bir mükafatın arxasında, belə deyim, maddi bir dəyər varsa, o mükafat daha qiymətli olur. Bilirsən ki, heç olmasa sənə nə isə xeyri oldu. Yoxsa bir kağız verirlər, hə, neyləyəcəksən onu, gətir evə, yapışdır “oboy” kimi… Sovet dönəminin bir filmində məşhur ixtiraçı var ki, ona verilən mükafatların hamısını gətirir ayaq yoluna düzür.
Təbii, gördüyü işin dəyərlindirilməsi, qiymətləndirilməsi hər bir insana lazımdır. Kimsə deyirsə ki, “istəmirəm mənim dəyərləndirilsin”, yalan deyir. İnsanın işinin qiymətləndirilməsinə ehtiyacı var.

-“Nəm-nəm”i yenidən canlandırmaq fikriniz varmı?

- Həmin obrazı təsadüfən metroda gedərkən düşündüm. Eynəyi taxdım əlimə, gördüm elə adama oxşayır. Üç dəfə “Nəm-nəmi diriltmişik, ehtiyac olsa, yenə qaytaracağam.

- Bir vaxtlar sosial şəbəkədə vampir obrazında şəkilləriniz yayılmışdı, nə məsələ idi?

- Fotoqraf dostlarımdan birinin ideyası idi. “Fotoşop”la elə düzəldib ki, elə bil, mən qrim eləmişəm...

- Kurs açmısınız və tələbələriniz də var…

- Bakı Film İnstitutunun nəzdində aktyorluq kursları təşkil etmişik. İndi kursumuza seriala çəkilmək istəyənlər və ya istəməyən gənc aktyorlar da gəlir. Bəzən elə adamlar gəlir ki, aktyorluq sənətinə sadəcə adi həyatda ehtiyac duyur, yəni bu insanın o qədər kompleksləri var ki, bunlardan qurtulmaq üçün gəlir.
Bu kursları təsis etməkdə məqsədimiz həm aktyor nəsli formalaşdırmaqdır, həm də maddiyat. İstəyirəm bildiklərim və bacardıqlarm yaxşı mənada virus kimi dünyaya yaylsın.
Paralel olaraq ünsiyyət, psixologiya öyrədirik. Məsələn, oğlanlarla söhbət edirik, deyirəm qadınla danışarkən sağ gözünə baxmaq lazımdır, çünki sağ göz şüuraltı ilə daha tez təmas edir.

- Gənc aktyorlarımız haqqında nə düşünürsünüz?

- Aktyor, özü nə qədər istedadlı olur-olsun, o halda parlayır ki, onun üzərində rejissor işləyir, ona əmək sərf edir. Gizli bacarıqlarını üzə çıxarıb, tamaşaçıya təqdim edən rejissordur.



Günəş FƏRHADLI
Fotolar : Elnur Muxtar






Teqlər:  





Xəbər lenti