Dollar kreditlərinin taleyi necə olacaq?
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib. Bununla da Azərbaycan manatı 10 day 98% devalvasiyaya məruz qalıb.
Dolların bahalaşmasından sonra bu valyuta ilə olan kreditlərin aqibəti müzakirə mövzusuna çevrilib.
Dollarla kredit götürən vətəndaşların aqibəti necə olacaq?
İqtisadçı Oqtay Haqverdiyev AzVision.az-a açıqlamasında bildirib ki, dollarla olan kreditlərin ödənişi üçün güzəştlər edilməlidir.
“Qonşu Rusiya devalvasiyadan sonra belə qərar qəbul etdi ki, köhnə məzənnə ilə dollar krediti götürənlər, elə həmin məzənnə ilə də ödəniş edirlər. Ölkəmizdə fevralın 21-də olan devalvasiyadan sonra əhali bahalaşma ilə kreditini ödəməyə başladı. İndi isə vəziyyət tam fərqlidir. İndi bu istiqamətdə ciddi addım atılmasa, vəziyyət ağırlaşacaq. Belə ki, vətəndaşlar nə zaman dollarla kredit götürüblərsə, həmin məzənnəyə uyğun olaraq da borcları geri qaytarmalıdırlar”.
Ekspert Vüqar Bayramovun sözlərinə görə, bu qərar bank sektoruna böyük təsir edəcək.
İqtisadçı bildirib ki, bank sektorunda dollarla götürülən kreditlərin geri qaytarılmasında çətinlik yaranacaq: “Eyni zamanda, əhali tərəfindən banklara qoyulan əmanətlərin geri götürülməsi prosesi sürətlənə bilər, çünki artıq vətəndaşlar əmanətlərini banklarda saxlamamağa çalışacaq”.
V.Bayramov hesab edir ki, dollarla götürülən kreditlərin geri qaytarılması üçün yeni mexanizm müəyyənləşdirməlidir: “Əmanətlərin qorunması, indeksasiyası həyata keçirilməlidir. Eyni zamanda, xarici öhdəliklərinin yerinə yetirilməsi üçün banklara yardımların və aşağı faizli mərkəzləşməmiş kreditlərin verilməsinə ehtiyac var ki, bank sektoru dolların bahalaşmasının kəskin mənfi təsirini hiss etməsin. Bankların xarici borcları dollarla olduğu üçün borcların geri qaytarılmasında çətinliklərin olacağı gözlənilir. Bu baxımdan Mərkəzi Bank bankların sağlamlaşdırılması üçün təcili tədbirlər həyata keçirməlidir”.
Anar Kəlbiyev