Yeni sünni-şiə davasının arxasındakı səbəblər – TƏHLİL

Yeni sünni-şiə davasının arxasındakı səbəblər – TƏHLİL
  05 Yanvar 2016    Oxunub:32317
Səudiyyə Ərəbistanında həbs olunmuş 48 şiə din xadiminin edam edilməsi gözlənildiyi kimi İranın mənfi reaksiyası ilə nəticələndi. İran rəsmi şəkildə bu addımı pisləyən bəyanat yaydı və Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyinə şiə fəalların hücumu baş verdi.

Tehranın bəyanatını öz daxili işlərinə müdaxilə kimi qiymətləndirən Ər Riyadın tək etiraz notası verməklə qəzəbi soyumadı və İranla diplomatik münasibətlərini kəsmək qərarına gəldi. Bəhreynlə Sudan da İranla diplomatik münasibətlərini kəsdilər.

Xüsusilə Nimr ən-Nimr adlı şiə din xadiminin edamı böyük səs-küyə və İranın narazılığına səbəb olub. Maraqlıdır ki, ən-Nimr Səudiyyə Ərəbistanı vətəndaşıdır, milliyyətcə ərəbdir və ilk baxışdan Tehranın, xüsusilə Hizbullah təşkilatının etiraz etməsi başadüşülən deyil.

Ən-Nimr 10 ilə yaxın İran və Suriyada təhsil alıb, sonradan öz vətəninə qayıdaraq şiələrin hüquqlarının müdafiəsinə qalxıb. 2011-ci ildə məlum “Ərəb baharı”nın başlanğıcında Səudiyyə Ərəbistanında hakim kral ailəsinə qarşı təşkil olunan etiraz aksiyalarında iştirak etdiyi və əsas təşkilatçılardan biri olması barədə məlumatlar var.

İranın qonşu dövlətin öz ərazisində öz vətəndaşını edam etməsinə bu tip sərt reaksiyası Səudiyyə Ərəbistanında mövcud rejimə qarşı çıxanların hansısa mənada onunla bağlı olduğunun dolayı etirafı sayıla bilər. Güman ki, səudiyyəlilərin bu məqamda din xadimlərini edam etməkdə məqsədi də İranı açıq münaqişəyə cəlb etmək istəyidir.

İran Yaxın Şərqdə baş verən bütün proseslərə özünə lazım olan səviyyədə müdaxilə edir, regionda öz təsir vasitələrini qoruyub saxlamaqla yanaşı, heç bir dövlətlə açıq konfliktə girişmir. Tehran ustalıqla Rusiyanı şiə birliyi tərəfində öz maraqları üçün Suriyadakı müharibəyə cəlb etdi və bu yolla sünnilərin Bəşər Əsəd üzərində gözlənilən qələbəsi qeyri-müəyyən vaxta təxirə düşdü.

Ehtimal etmək olar ki, İran Səudiyyə Ərəbistanının məsələni dərinləşdirəcəyini gözləmir və bu dəfə də narazılığın bəyanatlarla ötüşəcəyini proqnozlaşdırırdı. Lakin Ər-Riyadın qətiyyət nümayiş etdirməsi Tehran üçün vəziyyəti daha da qəlizləşdirir. Çünki İranın hazırda regional səviyyədə gücü kifayət qədər zəif, maliyyə vəziyyəti isə o qədər də ürəkaçan deyil. Odur ki, İranın bu vəziyyətdə müharibəyə başlaması özünü gözüyumulu oda atması anlamına gəlir.

İrandan fərqli olaraq, Səudiyyə Ərərəbistanı region dövlətlərinin iştirakıyla böyük bir hərbi koalisiya yaradıb və bu hərbi koalisiya artıq bir dəfə Yəməndə sınaqdan çıxarılıb.



Yaxın Şərqdə şiələrlə sünnilərin əsas mübarizəsinin enerji mənbələri uğrunda deyil, enerjinin əsas ixrac yollarına nəzarət uğrunda getdiyini nəzərə alsaq, Ər-Riyadla Tehran arasında baş verə biləcək mümkün hərbi münaqişənin Hörmüz boğazına nəzarət üstündə baş verəcəyini ehtimal etmək olar. Yəmənin faktik olaraq sünni koalisiyası tərəfindən işğalı Bab-əl-Məndəb boğazının İranın nəzarətindən çıxmasına səbəb oldu. Yaxın Şərqin neft resurslarının əsas hissəsinin tankerlər vasitəsilə dünya okeanına çıxışını təmin edən Hörmüz boğazı isə birbaşa İranın hərbi nəzarətindədir (Hörmüz adasında İranın hərbi qüvvələri yerləşdirilib).

İrana qarşı sanksiyaların ləğvi Tehranın boğaz vasitəsilə istədiyi miqdarda neft ixracı həyata keçirəcəyi anlamına gəlir. Bu, İranı geosiyasi əhəmiyyətə malik oyunçuya çevirir və Səudiyyə Ərəbistanının neft qiymətlərinə ənənəvi təsir gücünə kölgə salır. Dünya neft bazarında qiymətlərin birbaşa Səudiyyə Ərəbistanındakı hasilatın səviyyəsindən asılı olması əsas geosiyasi qüvvələri Ər-Riyaddan asılı salan faktordur.

Fars körfəzinə çıxışı olan Bəhreynin İrana qarşı getməsi də münaqişənin Hörmüz boğazı ətrafında baş verəcəyini göstərir. İran üçün vəziyyəti mürəkkəbləşdirən əsas amil körfəzə çıxışı olan Qətər və Birləşmiş Ərəb Əmirliklərinin də Ər-Riyadla eyni koalisiyada olmasıdır. Digər tərəfdən, İranın şərqində yerləşən Pakistan da səudiyyəlilərlə birlikdə Yəmənə qarşı koalisiyanın fəal üzvlərindən biri idi. Tehran üçün ən kədərli hesab olunacaq məqam isə həmsərhəd olduğu Əfqanıstanda İŞİD-in fəallaşacağı barədə məlumatların artmasıdır.

Tehranla Ər-Riyadın arasında gərginliyin artması Çinin ucuz İran neftindən faydalanmasına imkan verməyəcək. Bu səbəbdən ABŞ-ın Rusiyanı zəiflətmək üçün neftin qiymətini aşağı salmasından Çin bəhrələnə bilməyəcək. Təbii ki, sunni-şiə gərginliyi neftin qiymətlərinin qalxmasına təsir göstərə biləcəyini Vaşinqton proqnozlaşdırmışdı və məhz bu səbəbdən Amerika öz neftini bazara çıxarmaq qərarına gəlib.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti