Dollarla krediti olanların üzləşdiyi problem

Dollarla krediti olanların üzləşdiyi problem
  11 Yanvar 2016    Oxunub:5249
“Dollar ilə krediti olan vətəndaşlarımız ödəniş edən zaman məzənnənin seçilməsi ilə bağlı çətinliklər ilə üzləşirlər”.
AzVision.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, bəzi banklar ötən həftə hər dollara 1.80 manat kursu ilə ödəniş etməyi tələb ediblər: “Bu isə o deməkdir ki, 200 dollar ödəniş edən kredit borcu olan vətəndaş Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən ödəniş etsəydi 321 manat xərci olacaqdı, “qara bazar” kursu ilə isə 360 manat ödəməli olublar. Deməli, hər 200 dollarda rəsmi məzənnə ilə müqayisədə 39 manat artıq ödəyiblər. Aylıq ödənişi yüksək olan vətəndaşlarımızda isə bu daha böyük rəqəmlər ilə ifadə olunur.

Məsələn, 500 dollar aylıq ödənişi olan üçün bu fərq 100 manata yaxındır. Kommersiya bankların məzənnəsinə Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən 4 faizlik marjın problemini həll edəcəyinə inanmaq doğru olmazdı. Çünki, hələlik əksər kommersiya bankları və valyuta dəyişmə məntəqələri dollar satışına fasilə verərək gözləmə mövqeyinə üstünlük verirlər”.

Ekspert qeyd edib ki, son vaxtlar bir sıra qaydalar qəbul edən və eyni zamanda ləğv edən Mərkəzi Bankın vətəndaşlar üçün əlavə xərc yaradan prosesə müdaxilə etməsinə ehtiyac var: “Qanunvericiliyə əsasən ödəniş kommersiya banklarındakı mövcud məzənnəyə əsasən aparılmalıdır. Amma nəzərə almaq lazımdır ki, əksər banklardakı məzənnə vətəndaşın deyil, bankın maraqlarına maraqlarına uyğun olur. Hər bankın öz kursu olduğundan 200 dollarlıq aylıq ödəniş edən vətəndaşlar bir bankda çox, başqasında nisbətən az vəsait ödəyirlər. Bu baxımdan, Mərkəzi Bankın dollar ilə ödənişlərin həmin günə rəsmi kursa əsasən aparılması ilə bağlı qaydanın qəbul etməsinə və qanunvericiliyə uyğun dəyişikliklərin edilməsin ehtiyac var. Borcu olan şəxs kommersiya bankının öz maraqlarına uyğunlaşdırdığı kursa deyil, Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun ödəniş etməlidir ki, banklar tərəfindən aldadılmasın. Aylıq ödənişin Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq manatla edilməsinin yeni qaydalara daxil edilməsi vacibdir. Bu arada inanmaq istərdim ki, ikinci devalvasiyadan sonra xarici valyuta ilə kreditləri olanlar üçün Qazaxıstan təcrübəsinə uyğun olaraq dövlət tərəfindən kompensasiyanın ödənilməsi ilə bağlı təkilfim də yaxın zamanlarda Mərkəzi Bank tərəfindən dəyəndiriləcək”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti