Sünni-şiə qarşıdurmasında tərəfsiz qalmaq çətinləşir – TƏHLİL

Sünni-şiə qarşıdurmasında tərəfsiz qalmaq çətinləşir – TƏHLİL
  29 Yanvar 2016    Oxunub:6281
Səudiyyə Ərəbistanının şiə din xadimi Mimr əl-Nimri edam etməsindən sonra İranla münasibətlər gözlənilən şəkildə pisləşdi. Səudiyyənin İrandakı səfirliyinə olan hücum tərəflərin korlanmış münasibətlərini daha da gərgin məcraya yönəltdi. Diplomatik əlaqələr kəsildi, rəsmi Ər-Riyad iranlı diplomatlara ölkəni tərk etmək üçün vaxt qoydu.

İran və Səudiyyə aralarındakı böhrana Azərbaycanı da çəkməyə çalışırlar. İran tərəfi bu ərəfədə Dağlıq Qarabağ münaqişəsinə diqqətini xeyli artırıb. Rəsmi Tehranın Qarabağ savaşı zamanı Azərbaycana yardım etməsinə dair video görüntünü yayımlaması təbii ki, təsadüfi deyildi. Səudiyyə Ərəbistanının isə zatən Ermənistanla heç bir diplomatik münasibəti yoxdur.

Hər iki ölkənin Bakıdakı səfirləri ayrı-ayrılıqda Qarabağ münaqişəsinin həllində daha çox Azərbaycanın yanında olduqlarına dair bəyanatlar verirlər. Məqsəd həm də dindar əhalinin rəğbətin qazanmaqdır.

Azərbaycan Respublikası həmişə olduğu kimi, bu dəfə də təmkinli davranaraq, konfliktdə tərəfsiz münasibətini sərgilədi.

Təbii ki, İranla Səudiyyə Ərəbistanı münasibətləri kəsdikdən sonra Səudiyyə kolasiyasının üzvləri də eyni addımı atmağa başladılar. Məsələn: Bəhreyn, Sudan, Qətər, Cibuti, Küveyt və bir neçə dövlət İranla diplomatik əlaqələri tamailə kəsdilər. Sudanın əlaqələri kəsəcəyi gözlənilən idi, çünki bir çox sahələrdə Səudiyyə Ərəbistanından asılı ölkədir. Bəhreynin isə əhalisi İranın şiə ideologiyasının təsirindədir, vaxtaşırı İran əhalini dövlətə qarşı qaldırır, lakin hakimiyyət Səudiyyəyə çox bağlıdır.

Ən önəmlisi Tehran-Ər-Riyad böhranında Türkiyə və Azərbaycanın tutacağı mövqe idi. Türkiyə tərəfi gözlənilən addımı atdı. Türkiyə-Rusiya böhranı ərəfəsində İranın Türkiyə əleyhinə davranışı və Ankaranı İŞİD-dən neft almaqnda ittiham etməsi münasibətləri korladı. Baxmayaraq ki, BMT-də İranın nüvə fəaliyyətinə qarşı embarqolar müzakirəyə çıxarılanda Türkiyə dəfələrlə Tehranın tərəfini tutmuşdu. Təbii ki, İranın davranışından məyus olan Türkiyə bu dəfə gözlənilən şəkildə Səudiyyəyə dəstək çıxdı. Rəcəb Tayyib Ərdoğanın Səudiyyə səfərindən sonra isə İran hətta şiə din xadiminin edamını hər vəchlə Türkiyənin ayağına yazmağa çalışırdı. Türkiyə cavab olaraq İranın səfirini XİN-ə çağırıb, xəbərdarlıq etdi. Beləcə, İran-Səudiyyə münasibətlərinin fonunda Türkiyə-İran əlaqələri də korlandı.

Azərbaycan isə yenə də balansı qorudu, lakin konflikt tərəfləri bunu istəmirlər, rəsmi Bakını məcburən bu oyunun aktyoruna çevirməyə çalışırlar. Hələ Yəməndə İran-Səudiyyə qarşıdurması yarandığı zaman Türkiyə və Azərbaycan təşəbbüsü ələ alaraq, tərəflərin üzləşməməsi üçün manevrlər etməyə başladılar. Ərdoğan İrana səfər etdiyi ərəfədə İlham Əliyev də Səudiyyə Ərəbistanına getdi. O zaman hər iki səfər uğurla yekunlaşmışdı.

O dönəmdə Türkiyə və Azərbaycan barışdırcı missiyanı icra etsələr də, indi durum kökündən dəyişib. Korlanan Türkiyə-İran münasibətləri, eləcə də qəliz qarşıdurma fonunda Azərbaycan üçün vacib ölkərlər olan İranla Səudiyyənin kəllə-kəlləyə gəlməsi tərəfsiz qalmağı daha da çətinləşdirir.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti