Manat nə qədər möhkəmlənə bilər? - TƏHLİL

Manat nə qədər möhkəmlənə bilər? - TƏHLİL
  09 Fevral 2016    Oxunub:39228
Mərkəzi Bank (AMB) fevralın 9-na olan usd/azn rəsmi məzənnəsini 1,5787 səviyyəsində müəyyən edib. Qeyd edək ki, dollar bir gün əvvəl 1,5819 manata bərabər idi. Beləliklə də artıq, bir müddətdir ki, manat möhkəmlənir.

Manatın nisbətən möhkəmlənməkdə olması bir neçə səbəblə bağlıdır. Birincisi, neftin qiyməti sabitləşib. Artıq bir müddətdir, dünya bazarlarında neftin 1 barelinin qiyməti 30-34 ABŞ dolları arasındadır.

İkincisi, ABŞ dollarının dünyada möhkəmlənməsi prosesi səngiyib.

Üçüncüsü, Azərbaycan hökumətinin maliyyə bazarına yönəlik tənzimləyici tədbirləri genişlənib və gücləndirilib.

Dördüncüsü, ölkədə bank sektorunda ləğv etmə və konsolidasiya prosesinə start verilib ki, bununla əlaqədar olaraq da qeyri-müəyyənlik yaranıb.

Və nəhayət, beşincisi isə, əhalinin bir hissəsi bu dəfə əllərindəki dollarları manata dəyişməyə başlayıb...

Sual yaranır ki, bu, nə qədər davam edə bilər? Manat ABŞ dollarına nisbətən, çoxmu möhkəmlənəcək?!

Əvvəla, qeyd edək ki, bir az əvvəl, ABŞ dollarına görə verilən sualın bu dəfə eyni ilə manata münasibətən irəli sürülməsi hər necə olsa da, sevindiricidir. Lakin, sözümüz bunda deyil. Məsələ ondadır ki, bu gün ölkədə uşaq da bilir ki, manatın dəyəri neftə bağlıdır.

Odur ki, birincisi, manatın dəyərini neftin qiymətinin ucuzlaşmasına görə AMB-nin mümkün maksimal dəstəyinə rəğmən, bu günədən artıq, kifayət qədər itirdiyi sirr deyil. Bunu Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları həcmini 2015-ci il ərzində azalması məbləği də açıq-aşkar sübut edir. Belə ki, keçən ilin əvvəlinə AMB-nin ehtiyatları 13 milyard 758,3 milyon ABŞ dolları təşkil edirdisə, cari ilin yanvarın 1-i tarixinə bu rəqəm 5 milyard 016,7 milyon idi. 2016-cı ilin yanvar ayında isə AMB-nin valyuta ehtiyatı 618,2 milyon dollar azalaraq 4,4 milyard məbləğə düşmüşdü. Demək istədiyimiz budur ki, təkcə keçən il ərzində AMB manatın dəyərini saxlamaqdan ötrü 8 milyard 741 milyon 600 min dollar xərcləyib.

Neftin bundan sonra 25 dollardan aşağı düşəcəyi real görünmür. Yəni ki, manatın mümkün maksimal ucuzlaşması səviyyəsi hələki bura qədər idi. Başqa sözlə desək, 1 manat 60 qəpik civarınadək... Bundan da artıq ucuzlaşma üçün neftin 1 barelinin 20 dollara qədər düşməsi tələb olunur. Özü də ki, düşüb və bir müddət həmin həddə qalması... Bu isə o dərəcədə inandırıcı deyil, o səbəbdən ki, neftin qiyməti yenidən ucuzlaşmağa davam edərsə belə həmin səviyyəyə qədər düşə bilər, amma uzun müddət qala bilməz.

İkincisi, əvvəlki şərhlərimizdə qeyd etdiyimiz kimi dolların dünyada möhkəmlənməsi artıq, ABŞ iqtisadiyyatının öz əleyhinə işləməkdədir. Belə ki, Amerika ixracı azalıb. FES-in ötən ilin dekabr ayında baza faiz dərəcəsini artırmaq barədə qərarından sonra yaranmış vəziyyət ABŞ iqtisadiyyatı üçün yaxın perespektivdə yaxşı heç nə vəd etmir. Demək, ABŞ valyutasının dünyada möhkəmlənməsi prosesi artıq, istər-istəməz dayanacaq.

Üçüncüsü, Azərbaycanda hökumətin başladığı tədbirlər, o cümlədən planlaşdırdığı addım və güddüyü aşkar sezilən iqtisadi siyasət və niyyət belə düşünməyə əsas verir ki, ölkədə maliyyə bazarına nəzarət getdikcə daha da möhkəmləndiriləcək.

Bu isə manata hətta, əhali tərəfindən yenidən ajiotaj və panik münasibət yaranarsa – müşahidə edilə bilərsə, spekulyativ təsirlərin olacağı hallarını azaldır və yaxud da tamamilə istisna edir.

Dördüncüsü, ölkədə bank sektoruna dair islahat uğurla həyata keçirilərsə, ləğvetmə və yaxud konsolidasiya tədbirləri bir az da sərt şəkildə həyata keçirilərsə, o cümlədən əmanətlərin daha yaxşı sığortalanması istiqamətində nəzərdə tutulan addımlar tez həyata keçirilərsə, bu özü də manatın ucuzlaşması qarşısını bir tərəfdən məhdudlaşdıracaq...

Beşincisi isə, əhalinin əllərindəki, başqa sözlə desək, yastıq altında olan nağd pullar məsələsidir ki, hazırda bunların çox issəsi ABŞ dolları şəklindədir... Yəni, necə ki, birinci devalvasiyadan sonra vətəndaşlar banklardakı əmanətlərini dollara çevirdilər, AMB-nin dekabrın 21-dəki məlum qərarından sonra isə yastıqlar altında manat qalmadı və hazırda hamısı ABŞ valyutasına mübadilə olunmuş vəziyyətdədir.

Ancaq nə yazıq ki, nə cür izah etməyə çalışsaq və necə deyərlər, hara getsək, yenə də sonda gəlib dayanmalı oluruq neftdə. Yəni, onun qiymət məsələsində... Bu mənada, dövlət büdcəsində neftin 1 barelinin cari il üçün nəzərdə tutulan qiymətinin 50 dollardan sözügedən sənədə tezliklə parlamentdə yenidən baxılaraq edilməsi gözlənilən dəyişiklik nəticəsində 25-ə salınacağı məsələsi də manatın ABŞ dollarına qarşı müqavimətini artıracaq. Hansı ki, bunu da qeyd etmək xüsusən, vacibdir. Çünki əvvəlki şərhlərimizdə də qeyd etmişdik ki, manatın xarici valyutalara nəzərən ucuzlaşması qarşısını almaq yollarından biri dövlət büdcəsi gəlirlərinin təminində neftin qiymətinin rolunu azaltmaqdan keçir. Belə ki, neftin qiymətindən daxilolmalar maksimum dərəcədə məhdudlaşdırılmalıdır.

Beləliklə də, bütün bunlara bahəm demək istədiyimiz budur ki, manatın möhkəmlənməsi hələ bir müddət davam edəcək. Ümumiyyətlə, dollar nə bahalaşmayacaq, nə də ki, kəskin ucuzlaşmayacaq. Uzunmüddətli stabillik ola bilər. Çünki, ən azı dolların dünyada bundan artıq bahalaşması gözlənilmir.



Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti